Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı

622

Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı

Xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar, sadəcə – dünyasını dəyişdi – deyirlər. Həm də bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Yəni belə insanlar bizi tərk etdiyi anda, başqa bir formada mənəvi cəhətdən hər zaman bizimlədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiyyətə qovuşdu.

Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Heydər Əliyev bütün müsbət xüsusiyyətləri ilə yanaşı, həm də böyük ürək sahibi idi. Hətta ona qarşı dönük çıxmış, xəyanət etmiş insanları da bağışlamağı bacarırdı. Bu insan üçün vətən, millət, xalq daha önəmli idi, nəinki şəxsi ambisiyalar. O, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri kimi çıxışında da bu barədə belə demişdir: “Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq vaxtıdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam”.

Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır. Təbii ki, bu kitablarda ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı kimi, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.

Heydər Əliyev həm də ədalətli bir dövlət başçısı idi. Məhz özü ədalətli adam olduğu üçün hadisələrə də bu konteksdən yanaşmağı bacarır, dünya ictimaiyyətini, beynəlxalq qurumları və s. ölkəmizin mübtəla olduğu münaqişənin həllində ədalətli olmağa çağırırdı. O, sərt olmağı bacarırdı, insanları səhvlərinə görə cəzalandırırdı, ancaq heç vaxt ədalətsiz qərar qəbul etmirdi. Onun cəzası vicdan və ədalət kateqoriyalarının həmişə, hər yerdə və hər bir şəraitdə prinsipial qələbəsini təmin etmək kimi nəcib və sosial-mənəvi missiyaya hesablanmışdı. Bütün bunlar Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə də açıq-aşkar hiss edilirdi. Ulu öndərin öz sözləri ilə desək: “Dövlət inamsızlıq üzərində qurula bilər, ədalətsizlik üzərində yox”.

Ulu Öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmişdir. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi.

Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, son illərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində taleyüklü addımlar atılmışdır. Azərbaycan müəllimlərinin XIV Qurultayının iştirakçılarına təbrik məktubunda ölkə Prezidenti İlham Əliyev demişdir: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır”.

Dövlət başçısı İlham Əliyevin fəaliyyətində də bu ana xətt uğurla inkişaf etdirilmişdir. 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş, 2018-ci ildə “Azərbaycan Dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalanmışdır.

Cənab Prezident vurğulamışdır: “…həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır”. Bununla da Prezident təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkmişdir.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcək.

Heydər Əliyev ideyalarına söykənərək möhkəm dayaqlar üzərində qərarlar tutan yeni Azərbaycan respublikasının gənclərinə və gəncliyinə qayğı ilə yanaşan dahi şəxsiyyət Heydər Əliyevin təhsildəki islahatları artıq öz səmərəsini qalib Azərbaycan dövlətində təhsillə yanaşı, həm də vətənə olan sevgisi ilə göstərdi ki, bu gün qalib Azərbaycanın qalib vətəndaşlarını söyləyirik. Mən də fəxr edirəm ki, Heydər Əliyev dövründə təhsil alıb, bu gün həmin islahatlarla çalışıram. Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi bir abidəyə çevrilərək daima yaşayacaqdır.

Xurşudov Şahin Nadir oğlu

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ. Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent