Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu

390

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu

Ulu öndər Heydər Əliyein dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışarkən, Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğısı haqqında söhbət açmaq istərdik. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bəstəkar və musiqişünaslara qayğı ilə yanaşıb. Sovet dövründə nüfuzlu teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, musiqi əsərlərinin səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi.

Hələ Sovet dövründə Heydər Əliyev bəstəkarlarla görüşündə simfonik musiqi janrlarının əhəmiyyətindən söz açarkən demişdi:“Simfonik musiqi sahəsində müvəffəqiyyətlər daha çoxdur. Lakin istərdik ki, bu müvəffəqiyyətlər əsasında siz daha yüksəklərə qalxasınız, proqramlı musiqi əsərlərini daha çox yazasınız. Bir çox bəstəkarlarımız simfoniya yaradıcılığında doğru yoldadır, təcrübə, vərdiş qazanmışlar və əminik ki, bizə yeni kamil əsərlər verəcəklər”.

Heydər Əliyevin uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRİ-də deyil, dünyada tanındı. Neçə-neçə bəstəkarımız SSRİ Xalq artisti adına layiq görüldü. Dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev-muzeylərinin yaradılması, Yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, Respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin verilməsi dahi şəxsiyyətin adı ilə bağlıdır.

Ulu öndərin görkəmli mədəniyyət və incəsənət xadimləri ilə dostluğu və  sənətə verdiyi qiymət heç zaman unudulmur.Eyni zamanda Azərbaycan bəstəkarlarının Heydər Əliyevə həsr etdikləri bir-birindən dəyərli əsərləri bu dahi şəxsiyyətə olan hörmət və məhəbbətdən irəli gəlir.

Dünya siyasətinin görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyəti əsl tərbiyə məktəbidir. Bütün həyatını öz xalqının rifahına həsr edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət adamları ilə yanaşı Azərbaycanın bəstəkar və musiqişünaslarına çox qayğı və ehtiramla yanaşmışdır.

Üç dahi Azərbaycan bəstəkarı – Qara Qarayev, Niyazi, Fikrət Əmirov o zaman Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Və heç kimə sirr deyildir ki, həmin fəxri adların verilməsi xalqımızın böyük oğlu, milli və professional musiqimizin təəssübkeşi və xeyirxahı Heydər Əliyevin təqdimatı əsasında mümkün olmuşdur.

Dövlət müstəqilliyinin ilk illərində bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış sosial problemləri Heydər Əliyev Dövlət səviyyəsində müvəffəqiyyətlə həll edirdi. Belə ki, yaradıcı ziyalıların, xüsusi xidmətləri olan bəstəkar və musiqişünasların əməyini yüksək qiymətləndirirdi. Heydər Əliyevin Prezident Təqaüdünün təsis etməsini incəsənətimizin inkişafı yolunda tarixi addım kimi dəyərləndirmək olar. Azərbaycan bəstəkar və musiqişünasları ən çətin dövrlərdə belə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev cənablarına müraciət etmiş və bundan məmnunluq duymuşdur.  O, daima sənətkarların yaradıcılıq işləri ilə  maraqlanaraq problemlərini operativ şəkildə həllini  həyata keçirmişdir.

Ulu öndərin mahnı janrına xüsusi rəğbəti olduğunun dəfələrlə şahidi olmuşuq. “Mən şerə də, mahnıya da hissiyyatlı adamam” – deyən Heydər Əliyevin hələ illər öncə sənət adamları ilə görüşlərində mahnı janrı haqqında önəmli fikir və düşüncələri var idi..

Cənab Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlədə Azərbaycanın bəstəkarlarına, sənət adamlarına dövlət səviyyəsində diqqət və qayğını əsirgəməmişdir. Həmişə Azərbaycan musiqisini yüksək qiymətləndirmişvə musiqi sənətimizin inkişafına zəmin yaratmışdır.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan mədəniyyətinə xidmət edən sənət adamlarının, bəstəkarların, musiqişünasların əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə bu incəsənət adamlarının fəaliyyətinə verdiyi qiymətin bariz təzahürüdür.

1995-2003 –cü illər ərzində Prezident H.Əliyevin fərmanı ilə görkəmli bəstəkarlarımız –Arif Məlikov, Tofiq Quliyev və Müslüm Maqomayev ən yüksək mükafata – “İstiqlal” ordeninə, Azərbaycan Respublikasının xalq artistləri- Cövdət Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Azər  Rzayev, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Musa Mirzəyev, Ramiz Mirişli daha bir yüksək Dövlət Mükafatına – “Şöhrət” ordeninə layiq görülmuşlər. Şəfiqə Axundova, Emin Sabitoğlu, Oqtay Zülfüqarov –Azərbaycan Respublikasının xalq artisti, Siyavuş Kərimi və Həsənağa Qurbanov isə əməkdar incəsənət xadimi kimi fəxri adlara layiq görülmüşdülər.Ölkə rəhbərinin musiqi mədəniyyətinə verdiyi yüksək qiymət sözün əsl mənasında bu sahədə çalişanları yaradıcılığa və yeni-yeni nailiyyətlərə ruhlandırmışdır.

Söz yox ki, belə təltiflər bəstəkar və musiqiçilərimizin, sənət adamlarımızın yaradıcılıqları üçün  ilham mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq uğurlarına sövq etmişdir.

Azərbaycanın xarici ölkələrlə sıx musiqi əlaqələrinin yaranması və inkişafını daim diqqət mərkəzində saxlayan, görkəmli sənət adamlarını, sənətkarları Respublikamıza dəvət edən  dahi şəxsiyyət Heydər Əliyev bununla da Azərbaycanın beynəlxalq mədəni əlaqələrini daha da genişlənməsinə şərait yaradırdı. Bu baxımdan dünya şöhrətli sənətkar Mstislav Rostropoviçin şəxsən H.Əliyevin dəvəti ilə ölkəmizə qostrola və ustad dərsləri aparmağa gəlməsi, onun təfsiri ilə Azərbaycan bəstəkarlarının  simfonik əsərlərinin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səsləndirilməsi, həmçinin xarici ölkələrdə də bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan professional musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Heydər Əliyev deyirdi:” Dinləyicilərin xoşuna gələn yaxşı mahnı az deyildir. Lakin bununla birlikdə elə mahnılar vardır ki, nə musiqisi yadda qalır, nə də sözləri. Mahnı musiqidə kütləvi janrdır. Buna görə də ona daim ciddi fikir verilməlidir. Bütün mahnılar yaxşı olmalıdır, xalqın qəlbinə və şüuruna yol tapmalıdır”.. Mahnı janrı haqqında dahi rəhbərimizin dediyi ibrətamiz fikirlər bu gün də öz aktuallığını saxlamaqdadır. .

Heydər Əliyev musiqinin bütün sahələrində olduğu kimi operetta janrını da nəzərdən qaçırmamışdı. Belə ki, O, haqlı olaraq operetta janrında bəstəkarların əsərlərinin az olduğunu və bu problemə onların  laqeyd qalmamasını tövsiyə edirdi. Doğrudan da, 70-80-cı illərdə operetta janrı sahəsində vəziyyət acınacaqlı idi. Teatr öz müəlliflərini demək olar ki, itirmişdi.  Keçmiş uğurlu əsərlər də göstərilmirdi. Əlbəttə, musiqili komediya teatrının öz “evi”nin olmaması da yaradıcılığa mənfi təsir edirdi.

Heydər Əliyev gənclərə daha artıq diqqət yetirməyi, onların püxtələşməsinə, kamilləşməsinə kömək etməyi, səhv və qüsurlarını vaxtında göstərməyi məsləhət görürdü. Bu barədə çox dəyərli bir fikri indi də aktualdır: “ Bəzən ayrı-ayrı gənclər nə isə fövqəltəbii bir şey axtarmağa başlayır və elə dolaşıb qalırlar ki, müəllifin öz əsərində nə ifadə etmək istədiyini başa düşmək çətin olur. Gənclərin tərbiyəsində Bəstəkarlar İttifaqının rolu xüsusilə böyükdür. Lakin təcrübəli bəstəkarlarımız, ustad sənətkarlarımız da bu işdə az rol oynamamalıdırlar”.

Ulu öndər həmişə sənət adamlarına tövsiyə edirdi ki, onlar öz yaradıcılıqlarında milli cəhətlərlə beynəlmiləl cəhətlərin vəhdəti məsələsinə xüsusi fikir versinlər.Azərbaycan sənətçilərinə  folklor və müasir musiqinin üzvi surətdə əlaqələndirilməsini  məsləhət görürdü. Belə qənaətə gəlirdi ki, əgər əsərlər bu zəmində yaradılırsa, parlaq milli formaya, milli koloritə,Azərbaycan musiqisi üçün spesifik çalarlara malik olar, eyni zamanda beynəlmiləl xarakter daşıyar,beynəlmiləl məzmun kəsb edər. Böyük şəxsiyyətin bu tövsiyələri gənc və orta nəsil üçün çox önəmli, faydalı və dəyərlidir, eyni zamanda bütün dövrlər üçün səciyyəvi və aktualdır….

Heydər Əliyevin musiqimizə, mədəniyyətimizə necə ustalıqla,incə bir ruhla yanaşdığını bir daha öz araşdırmamızda nəzərinizə çatdırırıq..

Dahi şəxsiyyət Heydər Əliyev bəstəkarlar qarşısında çıxış edərkən musiqinin dolğun əhəmiyyətindən, geniş yayılan incəsənət növü olmasından, professional bəstəkar və musiqişünasların vəzifələrindən bəhs edərək ələlxüsus bu gün üçün öz aktuallığı ilə səciyyələnən tövsiyələr vermişdir. Ulu öndərimizin sözlərini burada xatırlamaq yerinə düşər: “Musiqini hər yerdə dinləyirlər, kəndli də, fəhlə də, zehni əmək adamı da, təqaüdçü də, uşaq da dinləyir,yaşından asılı olmayaraq hamı dinləyir. Buna görə də insanların şüurunun yüksəlməsinə musiqinin təsirini  artırmaq, mənəvi, estetik tərbiyə problemlərinin həllinə onun təsirini gücləndirmək, musiqinin geniş kütlələrə emosional təsirini qüvvətləndirmək sizin borcunuzdur. Bu, böyük və eyni zamanda çox nəcib bir vəzifədir. Biz əmin olmaq istəyirik ki, ayrılıqda hər bir bəstəkar və birlikdə hamınız bütün yaradıcılıq fəaliyyətinizlə Azərbaycan musiqisini daha da inkişaf etdirməyə çalışacaqsınız”.

Çox təəssüflə onu demək istərdim ki, artıq dünya şöhrətli siyasətçimiz, ümummilli lider, hamımız üçün əziz olan şəxsiyyət Heydər Əliyevin cismani yoxluğu şəraitində yaşayırıq.  Lakin təsəllimiz odur ki, onun gələcək üçün planlarını, başladığı işləri müdrik, coşğun fəaliyyət enerjisinə malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yorulmadan davam etdirərək, xalqımızı xoşbəxt, firavan günlərə əzmlə aparmaqdadır.

Ulu öndərin varisi, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dahi liderin, ulu öndərin müəyyən etdiyi inkişafa doğru gedən yolla inamla, uğurla irəliləyirik.

Allah ulu öndərə rəhmət eləsin,onun xatirəsi qarşısında baş əyirik!!!

 

Böyükağa Abdullayev

Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktor əvəzi