SAHİBKARLIĞIN İNKİŞAFI SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ

598

SAHİBKARLIĞIN İNKİŞAFI SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ

Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi müəyyən edildiyinə görə özəl sektorun inkişafına dövlət tərəfindən hər zaman siyasi-ideoloji dəstək verilib. Belə ki, ölkə başçısı tərəfindən imzalanmış bütün qanun, fərman və sərəncamlar Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın inkişafına yönəldilib. Sahibkarlığa bu cür siyasi dəstək bir tərəfdən özəl sektorun inkişafına təkan verib, digər tərəfdən də xüsusi mülkiyyətçilik münasibətlərinin daha da dərinləşməsinə və bu prosesin dönməz xarakter almasına şərait yaradıb.

Bəli! Prezident İlham Əliyev son 16 ildə sahibkarlığın inkişafını iqtisadi sahədə dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyən etdi. Əgər biz sahibkarlıq fəaliyyəti ilə bağlı bütün qanunları diqqətlə nəzərdən keçirsək, görərik ki, onların hər birində özəl sektorun inkişafı üçün güzəşt və imtiyazları, dövlət yardımını, o cümlədən maliyyə dəstəyini nəzərdə tutan kifayət qədər müddəalar var.

2010-cu ildə Bakı Biznes Mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev sahibkarlarla görüşərkən təkcə sahibkarlığın inkişafına liberal mövqe nümayiş etdirmədi. O, həm də uzun illərdən bəri sahibkarlıq fəaliyyətinə mane olan bir sıra mənfi halların – inhisarçılığın, məmur özbaşınalığının, korrupsiyanın və rüşvətxorluğun mövcudluğunu qeyd edərək, bu kimi hallarla qətiyyətlə mübarizə aparılacağını bəyan etdi. Dövlət başçısı özəl sektorun inkişaf etdirilməsi sahəsində gələcək vəzifələri bir daha dəqiqləşdirmək məqsədi ilə sahibkarları açıq müzakirəyə dəvət etdi.

Bu görüş dövlət orqanları ilə sahibkarlar arasında sağlam və şəffaf münasibətlərin yaradılmasına xidmət etdi. Görüşün nəticəsi olaraq, ölkə başçısı yerli istehsalçıların dəstəklənməsi, iş adamlarına iqtisadi fəaliyyətə başlamaq üçün hər cür şəraitin yaradılması, vergi orqanları tərəfindən qeyri-qanuni və uzunmüddətli yoxlamaların, bəzi dövlət qurumlarında rüşvətxorluğun aradan qaldırılması, hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin dayandırılması, inhisarçılığın qarşısının alınması, sahibkarlığın inkişafı üçün kredit təminatının yaxşılaşdırılması, regionların inkişaf etdirilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyən etdi və ötən 16 il ərzində bu vəzifələrin ardıcıl olaraq həyata keçirilməsini təmin etdi.

Sahibkarlarla keçirilən bu görüş Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı islahatçı mövqeyə və liberal baxışlara malik olduğunu bir daha təsdiq etdi. Məsələn, ayrı-ayrı dövlət orqanları tərəfindən dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsinə baxmayaraq, ölkə başçısı mövcud nəzarət sistemini qənaətbəxş hesab etməmiş, xüsusilə də vergi yoxlamalarında yol verilən ciddi nöqsanların aradan qaldırılmasını və vergi nəzarəti prosedurunun təkmilləşdirilməsini, hüquqi şəxslərin dövlət qeydiyyatına alınma müddətinin və lisenziyalaşdırılan fəaliyyət növlərinin sayının azaldılmasını tələb etmişdir.

Prezident İlham Əliyev yerli sahibkarlara müraciət edərək bildirmişdir: “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.

Artıq sahibkarlıq fəaliyyəti üçün müvafiq qanunvericilik bazası yaradılıb. Sahibkarlığa dövlət köməyi ilə bağlı proqramlar qəbul edilib. Eyni zamanda, idarəetmə və dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məqsədi ilə ölkəmizdə institusional islahatlar aparılır. Sahibkarlıq mühitini daha da yaxşılaşdırmaq məqsədi ilə biznesin təşkili proseduru əhəmiyyətli dərəcədə sadələşdirilir. Lisenziyaların və icazələrin sayı minimuma endirilərək onların verilməsi, sahibkarlıq subyektlərinin qeydiyyatı prosedurları “Bir pəncərə” prinsipinə əsaslanır.

Özəl sektorda investisiya fəallığını artırmaq üçün Dövlət İnvestisiya Şirkəti yaradılmış, investisiyaların təşviqi mexanizminin tətbiqinə başlanılmışdır. Şirkət 2006-cı ildən aqrar və sənaye layihələrinin icrasında fəal iştirak edir. ÜDM-in 83 faizinin özəl sektorun payına düşməsi onu göstərir ki, artıq sahibkarlar iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadır.

Bir çox ölkələrdə özəl sektorun fəaliyyətinə dövlət həm birbaşa, həm də dolayı formada dəstək verir. Dolayı maliyyə dəstəyi kontrakt sistemi vasitəsilə, yəni sahibkarların dövlət sifarişlərinin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə göstərilir. Yerli istehsalçıların dəstəklənməsi məqsədi ilə artıq Azərbaycanda da bu təcrübədən geniş istifadə olunur.

Bazar iqtisadiyyatının inkişaf etdiyi heç bir ölkədə dövlət orqanları iş yerlərinin açılması ilə bilavasitə məşğul olmurlar. Onların fəaliyyəti məşğulluğu stimullaşdırmaqla və əmək bazarını tənzimləməklə məhdudlaşır. Hesab edirik ki, Azərbaycanda da iş yerlərinin açılması hər hansı dövlət orqanının deyil, məhz sahibkarlıq qurumlarının fəaliyyəti nəticəsində təmin edilməlidir. Artıq ölkəmizdə iş yerlərinin 75 faizinin məhz özəl sektorun payına düşməsi bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

Özəl sektorun inkişaf etdirilməsinin mühüm istiqamətlərindən biri kiçik və orta sahibkarlığın dəstəklənməsidir. Bu cür müəssisələr bir qayda olaraq, bazara daha çevik adaptasiya olunurlar. Bu sahədə əsaslı dönüşə nail olmaq üçün Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılmışdır.

Sahibkarlığın inkişaf etdirilməsi institusional islahatların davam etdirilməsini, çevik fəaliyyət göstərən idarəetmə sisteminin qurulmasını, iqtisadi proseslərin səmərəli koordinasiyasını tələb edir.

Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmışdır.

Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması məqsədi ilə aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi təsis edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 2015-ci il 19 oktyabr tarixli Fərmanına əsasən, dövlət təhlükəsizliyi (həmçinin qiymətli kağızlar bazarı) ilə bağlı hallar istisna olmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə 2015-ci il noyabrın 2-dən başlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli Fərmanına əsasən lisenziya  tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuşdur. Həmçinin yeni lisenziyalar müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir.

Əvvəllər müxtəlif sahibkarlıq fəaliyyətlərinə toplam 330 icazə tələb olunurdusa, “Lisenziyalar və icazələr haqqında” Qanunun qüvvəyə minməsi ilə bütün icazələr vahid sənəddə göstərilir, onların sayı isə 86-ya endirilir.

Bundan başqa “Lisenziyalar və icazələr” portalının yaradılması, “susmaqla razılıq” və “Bir pəncərə” prinsiplərinin tətbiqi ilə bağlı tədbirlər görülmüşdür. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilmə müddəti 20 gündən 10 iş gününə endirilmişdir.

İnvestisiyaların təşviqi mexanizminin tətbiqi nəticəsində 2017-ci ilin may ayından 2018-ci ilin fevral ayının əvvəllərinədək 244 investisiya layihəsinə təşviq mexanizmi tətbiq olunmuş, 2,1 mlrd. manatlıq investisiyanın cəlb olunmasına və 16 mindən çox yeni iş yerinin açılmasına şərait yaranmışdır.

“Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Sərəncamında kənd təsərrüfatı və emal məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və s. nəzərdə tutulmuşdur.

Son iki ildə sahibkarların ixrac fəaliyyətinin dəstəklənməsi məqsədi ilə ümumilikdə 35,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsullarının ixracına görə ixrac təşviqləri verilmişdir.

Xarici ölkələrdə dövlətimizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi qərara alınmışdır.

Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən “ASAN Viza” sisteminin tətbiqinə başlanılmış, ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin həmin sistem vasitəsilə ölkədə qalma müddəti 30 günədək olmaqla, elektron viza almaq imkanı yaradılmışdır.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğu sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin təşkilinə başlanılmışdır.

Sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq, risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” ASC yaradılmışdır. Fond sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2003-2017-ci illər ərzində layihələrinin ümumi dəyəri 4,4 mlrd. manat olan 34 535 sahibkara 2,1 mlrd. manat güzəştli kredit verilmiş və 154 minə yaxın yeni iş yeri yaradılmışdır. Güzəştli kreditlərin 71,6 faizi aqrar sektorun, 28,4 faizi digər sahələrin inkişafına yönəldilmişdir.

Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində 2003-2017-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə artmışdır. Eyni zamanda, sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artmışdır. Bu müddət ərzində ölkə iqtisadiyyatına 2,6 dəfədən çox xarici investisiya cəlb olunmuşdur.

Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora üstünlük verilir.

Orta sinfin formalaşması, ilk növbədə, sahibkarlığın inkişaf etdirilməsindən asılıdır. Təsadüfi deyildir ki, ölkədə yoxsulluğun səviyyəsi təkcə büdcə hesabına əməkhaqqını artırmaqla yox, həm də sahibkarlıq fəaliyyətinə şərait yaratmaqla azaldılır.

Özəl sektorun inkişafı hər bir ölkəyə varlı millət – varlı dövlət prinsipini reallaşdırmaq imkanı verir. Bu prinsipin həyata keçməsi isə vətəndaşların iqtisadi azadlığına və son nəticədə insan azadlığının təmin edilməsinə şərait yaradır. Ölkə vətəndaşlarının yüksək işgüzarlıq keyfiyyətləri Azərbaycanda özəl sektorun perspektivlərindən xəbər verir.

 

Musa Şəkiliyev

Qax Rayon İcra Hakimiyyətinin başçısı

 

Baş direktor: Həsənov Hacı Ruslan Şamməd oğlu

Tel.: 050-886-79-88; 070-200-33-85