AZƏRBAYCANIN ƏDLİYYƏ TARİXİNDƏN

895

AZƏRBAYCANIN ƏDLİYYƏ TARİXİNDƏN

Hər bir hüquqi dövlətin idarə edilməsində ədliyyə strukturu mühüm yer tutur.Ədliyyə olmasa dövləti idarə etmək qeyri-mümkün olardı. Azərbaycanın ədliyyə tarixinin də özünəməxsus inkişaf yolu vardır. Azərbaycan Ədliyyə Nazirliyinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətini yaradılarkən ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verdiyinə görə təsadüfi deyil ki,elə 1918-ci ilin may ayının 28-də Tiflisdə Fətəli xan Xoyski tərəfindən 1-ci hökumət təşkil edilərkən Ədliyyə Nazirliyi də yaradılmışdır.İlk Ədliyyə naziri görkəmli ictimai-siyasi xadim Xəlil bəy Xasməmmədov təyin edilmişdir.1918-ci il iyun ayının 17-də Gəncə şəhərində 2-ci hökumət formalaşdırılarkən Fətəli xan Xoyski həm Nazirlər şurasının sədri,həm də Ədliyyə naziri vəzifəsini icra etmişdir.Cəmi 10 gündən sonra Tiflis məhkəmə palatasının üzvi olan Teymur bəy Makinski nazir müavini vəzifəsinə gətirilmişdir.1918-ci ilin dekabrın 26-da 3-cü hökumət təşkil edilərkən Ədliyyə naziri vəzifəsi boş qaldığına görə bu vəzifəni nazir müavini Teymur bəy Makinski icra etmişdir.1919-cu il aprel ayının 14-də 4-cü hökuməti təşkil edən Nəsib bəy Yusifbəyli bu vəzifəni sosialist Aslan bəy Səfikürdskiyə tapşırdı.N.Yusifbəylinin təşkil etdiyi 5-ci hökumət kabinetində isə Ədliyyə naziri vəzifəsi X.Xasməmmədova həvalə olundu. Yarandığı ilk günlərdə Ədliyyə Nazirliyinin ştatı vəzifəsi yalnız nazirdən ibarət idi.Gəncəyə köçdükdən sonra isə Cümhuriyyət Hökumətinin 1918-ci il 26 və 30 iyun tarixli qərarları ilə nazir müavini ştatı verilməklə,nazirliyin idarə strukturu,dəftərxanası yaradıldı.Həmin ilin sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sentyabrın 17-də Bakıya köçdü . Ədliyyə Nazirliyi sentyabrın 26-dan Bakıda fəaliyyətə başladı.Noyabrın 22-də nazirliyə yeni ştat vahidləri-dəftərxanasına 5 nəfər kargüzarlıq və 8 nəfər dəftərxana xidmətçisi ştatı verildi.Bu struktura direktor və direktor müavini təyin olundu.1919 il avqustun 11-də Hökumətin qərarı ilə Ədliyyə Nazirliyi sistemində həbsxana işləri şöbəsi də yaradıldı.Cümhuriyyət Parlamentində qəbul olunan qanun layihələrinin əksəriyyətinə Ədliyyə nazirliyində baxıldıgından,1919-cu il noyabrın 28-də nazirliyin ştatını artırmaq barədə qanun layihəsi hazırlanıb Parlamentin müzakirəsinə təqdim olundu.

Layihə üzrə qəbul edilmiş qanuna əsasən Ədliyyə Nazirliyi sistemində tərcüməçilər, hüquq məsləhətxanasının şöbələri və mühasiblik yaradıldı.Ədliyyə Nazirliyi ilk günlərdən ölkədə anarxiya zamanı dağıdılmış Məhkəmə aparatı sistemini 1-ci növbədə Bakı və Gəncə dairə məhkəmələrinin və onların yanındakı prokuror nəzarətinin,habelə yerlərdə barışıq məhkəmələrinin fəaliyyətini bərpa etməyə başladı.Fəaliyyətinin 1-ci ilində nazirlikdə şəxsi heyət üzrə 272 nəfər işə təyin edilmiş,153 nəfər işdən azad olunmuş,20 nəfər isə müxtəlif vəzifələrə keçirilmişdir.1918-ci il oktyabrın 9-da Fövqəladə Təhqiqat Komissiyası Ədliyyə Nazirliyinin sərəncamına verildi.Məhkəmə sahəsində işlərin bərpa olunması ilə əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Palatasının yaradılması barədə məsələ qaldırdı.1918-ci il noyabrın 14-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin təsdiq etdi.1919-cu il mayın 21-də nazirlik ayrı-ayrı idarələrdə vəzifədən sui-istifadə hallarının və xidməti cinayətlərin təhqiqi ilə əlaqədar xüsusi Təftiş-İstintaq Komissiyasının yaradılması barədə qanun layihəsini Parlamentə təqdim etdi.

İyulun 27-də Parlament həmin layihə əsasında qanun qəbul etdi.Qısa müddətli fəaliyyəti dövründə Ədliyyə Nazirliyi ölkədə Hüquq Mühafizə Orqanlarının təşkili ilə yanaşı,hüquq mühafizəsi,qanunvericilik,normativ aktların hazırlanması və tətbiqi sahəsində də böyük iş gördü. 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən devrildiyinə görə İnqilab Komitəsi may ayının 13-də Ədliyyə Nazirliyinin fəaliyyətinin dayandırılması barədə qərar çıxardı.Xalq Ədliyyə Komissarlığı yaradılaraq,onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması,məhkəmə işçilərinin seçilməsi,təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi,qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir.Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq,Ali Məhkəmə,Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. 1933-cü ildə məhkəmələrin,prokurorluğun,istintaqın birləşdirilməsi,vahid məhkəmə siyasətinin həyata keçirilməsi,bütün hakimiyyət orqanlarının,təsərrüfat müəssisələrinin,ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş,onun səlahiyyətinə qanun layihələrinin hazırlanması,qanunların şərhi,məhkəmə kadrlarının hazırlanması,əhaliyə hüquqi yardımın təşkili,penitensiar sistemin idarə olunması,Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş,onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış,əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur.1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş,məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət,məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunmuş,Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilmiş və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edilmişdir.Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təsadüf edir.27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş,nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş,əhaliyə hüquqi yardımı yaxşılaşdırmış,notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş,ümumiyyətlə,ədliyyə işi təkmilləşdiriləcək onun gələcək inkişafı üçün əlverişli zəmin yaratmışdır . Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da Ulu Öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış,1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə Ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilmiş,nazirliyin səlahiyyətləri genişlənmiş,cəmiyyətdə rolu artmışdır.

Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. 2006-cı ildə ölkə Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə Ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş,nazirliyə vəzifələr həvalə edilmiş,strukturu təkmilləşdirilmişdir.Müstəqillik dövründə ilk dəfə olaraq Dövlət başçısının 18 aprel 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona Hüquq Mühafizə Orqanı statusu verilmiş,habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında “Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında “17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır.Dövlət başçısının 06 fevral 2009-cu il tarixli Sərancamı ilə “Azərbaycan Ədliyyəsinə dair 2009-2013-cü illər üçün Dövlət Proqramı təsdiq edilərək həyata keçirilmişdir . Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq,Ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən,hüquq-mühafizə orqanı statusu olan Mərkəzi İcra Hakimiyyəti orqanıdır. Azərbaycan ədliyyəsinin zəngin və keşməkeşli tarixini öyrənmək,bu orqanın ədalət mühakiməsinin həyata keçirilməsində,insanların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və gələcək nəsillərə çatdırmaq,Ədliyyə orqanlarının müsbət ənənələrini qoruyub saxlamaqla bu işdə varisliyi təmin etmək,kadrları,xüsusilə də kadrların gənc nəslini bu orqanın qabaqcıl ənənələri ruhunda tərbiyə etmək,Ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək məqsədilə Azərbaycan ədliyyəsinin tarixi muzeyinin yaradılması haqqında 16 avqust 2001-il tarixdə Nazirlik üzrə əmr imzalanmışdır.Həmin əmrə əsasən Ədliyyə Naziri Fikrət Məmmədovun rəhbərliyi ilə təşkil olunmuş xüsusi Komissiya tərəfindən qısa müddətdə tarixi araşdırmalar aparılaraq,müxtəlif sənəd və digər əşyalardan ibarət zəngin muzey fondu toplanılmış,2001 -ci il noyabrın 22-də Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən təsis edilmiş Ədliyyə işçilərinin peşə bayramı günündə muzeyin təntənəli açılışı olmuşdur. Azərbaycan Ədliyyə Nazirliyinin keçdiyi tarixi yolu öyrənmək üçün bu muzeyin çox böyük əhəmiyyəti vardır.Belə ki,muzeyin çox yüksək dərəcədə təşkil edilmiş eksponat və ekspozisiya larından Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yol,görülmüş işlər barədə ətraflı məlumat almaq olur.Söz yox ki,bu işlərin belə yüksək səviyyədə təşkili nazirimiz Cənab Fikrət Məmmədovun peşəkar fəaliyyəti ilə bağlıdır.İki salonda yerləşməklə,20 bölmədən ibarət olan Muzeyin ilk ekspozisiyası bölməsində Dünya Məhkəmə tarixinin ibtidai icma quruluşundan bu günkü Beynəlxalq Məhkəmələrə qədər keçdiyi yol və.s barədə yığcam məlumatlar verilir. 2003-cü ildən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin bu günkü fəaliyyətinə,ölkədə aparılan hüquqi islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatlarının keçirilməsi məsələlərinə xüsusi diqqət ayırır.Ədliyyə Nazirliyinin MDB və dünyanın digər ölkələrin uyğun strukturları ilə qarşılıqlı münasibətləri formalaşmışdır. Belə ki,Ədliyyə Naziri Fikrət Məmmədovun başçılığı ilə ədliyyənin Beynəlxalq münasibətlərinin genişləndirilməsi,nazirlik əməkdaşlarının xarici ölkələrə səfərləri və mötəbər Beynəlxalq tədbirlərdə iştirakı Azərbaycan Ədliyyə sisteminin tarixində yeni mərhələdir.O cümlədən Ədliyyə Nazirliyinin son illər xeyli genişlənən ikitərəfli əlaqələri Türkiyə, Fransa, Rusiya,İtaliya, Ukrayna, Litva, İran və başqa dövlətlərlə qarşılıqlı hüquqi əməkdaşlığı səviyyəsini keçirmişdir.

Keçdiyi şərəfli 100 il ərzində Azərbaycan Ədliyyə Nazirliyi Azərbaycan dövlətinə,vətəndaşlarına ləyaqətlə xidmət etmiş və bu gün Azərbaycanda demokratik dövlət quruculuğu prosesində fəal iştirak edir.

Xankişiyev Simran Bəylər oğlu
Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu

 

Baş direktor: Həsənov Hacı Ruslan Şamməd oğlu

Tel.: 070-200-33-85