Heydər Əliyev yol infrastrukturunun inkişafına qayğı ilə yanaşırdı

275

Heydər Əliyev yol infrastrukturunun inkişafına qayğı ilə yanaşırdı

Müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti çağdaş tariximizdə müstəsna yer tutur. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin keçdiyi həyat yolu, müasir və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi ulu öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Azərbaycanın müasir siyasi tarixinin və çağdaş həyatının təxminən son 48 ili ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli  fəaliyyəti ilə bağlıdır.

 

          Azərbaycana rəhbərliyinin ilk onilliyində Heydər Əliyev respublika iqtisadiyyatında, sözün əsl mənasında, inqilabi dəyişikliklərə nail olmuş, yüzlərlə yeni müəssisə tikilmiş, neft-maşınqayırma sənayesinin yeni sahələri yaradılmış, yol təsərrüfatı yenidən qurulmuş, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə başlamışdı. Həmin illərdə Azərbaycanın şəhər və qəsəbələrinin, kəndlərinin siması nəzərəçarpacaq dərəcədə dəyişmiş, insanların rifah halı xeyli yaxşılaşmışdır. Azərbaycanın qısa bir müddətdə SSRİ-də qabaqcıllar sırasına çıxması Heydər Əliyevin respublikamızın gələcəyinə ünvanlanan strateji planlarının həyata keçirilməsinə şərait yaradırdı. Ümummilli lider müstəqillik illərində həmin dövrü xatırlayarkən demişdir: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

          Ümummilli lider Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinin ən zəngin səhifələrini təşkil edir. Həmin illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olmuşdur. Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş vermiş, qısa müddət ərzində respublikamız əsrə bərabər inkişaf yolu keçmişdir. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmağa başlanmışdır. Bütövlükdə isə 1969-1982-ci illər  Azərbaycanda xalq təsərrüfatının sürətli inkişaf və tərəqqi dövrü kimi tarixə düşmüşdür. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində həmin illərdə Azərbaycan geridə qalmış aqrar respublikadan sürətlə inkişaf  edən aqrar-sənaye respublikasına çevrilmişdir.

          Bununla yanaşı, sənayenin aparıcı istiqamətlərindən sayılan neft və kimya sahələrində əmtəə dövriyyəsi xeyli artmış, respublikamızda iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdir. Məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, mövcud potensialdan səmərəli istifadə edilməsi nəticəsində Azərbaycanda iqtisadi fəallıq xeyli artmış, respublikamız bir sıra məhsulların istehsalına görə Sovet İttifaqında qabaqcıl yerlərə çıxmışdır.

          Dahi liderin səyləri nəticəsində Azərbaycan, eyni zamanda, keçmiş İttifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdır. Sənaye obyektlərinin sayı artırılmış, məhsul istehsalının həcmi yüksəldilmiş, kənd təsərrüfatı sahəsində sürətli inkişaf əldə edilmişdir. Bütün bunlar, heç şübhəsiz, mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, bərpa edilməsi və  yenidən qurulması zərurətini  yaratmışdır. Xatırladaq ki, həmin müddətdə respublikada yolların uzunluğunun 1,2 dəfə artması ilə yanaşı, yük gərginliyi 1,5, hərəkətin intensivliyi isə 2 dəfə çoxalmışdır.

          1974-cü ildə Azərbaycanda mövcud Şose Yolları Baş İdarəsi  əsasında Avtomobil Yolları Tikinti və İstismar Nazirliyi yaradıldı. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk on il ərzində respublikada yolların təmirinə və təminatına ayrılan vəsait 3,5 dəfə, kapital qoyuluşu isə 2,5 dəfə artdı. 1980-ci ilə qədər bütün dövlət əhəmiyyətli yollara asfalt-beton örtüyünün döşənməsinə başlanıldı. Respublikanın yol təsərrüfatında yüksək göstəricilərə nail olmaq üçün yeni sənaye sahələri yaradıldı. Yol texnikasının təmiri ilə məşğul olan təcrübi-eksperimental “Dortexnika” zavodu, Qazax rayonunda karxana çınqılı, yuyulmuş qum istehsal edən Poylu çınqıl zavodu tikilib istifadəyə verildi. Yevlax dəmir-beton tikinti zavodunun uğurlu fəaliyyəti isə yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulmasını, yeni avtomobil yollarının tikintisini sürətlə və keyfiyyətlə aparmağa imkan yaradırdı. Həmin illərdə qəbul olunmuş  “Azərbaycan SSR-in avtomobil yollarının tikintisi, təmiri və təminatını yaxşılaşdırmaq üçün gələcək tədbirlər haqqında” qətnamə respublikamızda avtomobil yolları şəbəkəsinin genişləndirilməsinə, yol infrastrukturunun yenidən qurulmasına imkan yaratdı. Məhz həmin sənədə əsasən, yolların keyfiyyətini Ümumittifaq səviyyəsinə qaldırmaq üçün  yol infrastrukturunun inkişafına yönəldilən kapital qoyuluşunun həcmi xeyli artırıldı.

          Bəşəriyyətin inkişafına öz layiqli töhfəsini verən, böyük və zəngin tarixə malik olan xalqımız ötən əsrin son onilliyində müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.

          Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.

          Ulu öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Bu mötəbər beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikası ilə uğurlu əməkdaşlığı davam etdirən beynəlxalq maliyyə qurumları, bir çox sahələr kimi, yol infrastrukturunun da yenidən qurulmasına güzəştli kreditlər ayırırlar.

          Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Yeri gəlmişkən, hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti onun malik olduğu yol infrastrukturunun kommunikasiya kompleksinin inkişaf səviyyəsi ilə ölçülür. Məhz buna görə də ümummilli liderimiz Heydər Əliyev iqtisadiyyatın inkişafında yol təsərrüfatının həlledici roluna yüksək qiymət verir, bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərirdi. O, nəqliyyatın işinə özünün yaratdığı konsepsiya ilə rəhbərlik edirdi. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini işlədiyi dövrdə bir çox mühüm sahələrlə yanaşı, Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, eləcə də müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı üzrə məsələlərə nəzarət etdiyindən bu işləri incəliyinə kimi bilirdi.     

          Nəqliyyat sektorunun ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək islahatların aparılmasını daim diqqətdə saxlayan Heydər Əliyev bu sahədə struktur dəyişikliklərinin aparılmasını məqsədəuyğun hesab etdi. 1998-ci il avqustun 5-də Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi təsis edildi, 2003-cü il iyun ayının 23-də isə nazirliyin tabeliyində “Yolnəqliyyatservis” Departamenti yaradıldı. Respublika və yerli əhəmiyyətli avtomobil yolları adıçəkilən departamentin balansına götürüldü, onun tabeliyinə verilən yol istismar idarələrinin fəaliyyəti genişləndirildi. Beləliklə, yol təsərrüfatının inkişafında yeni mərhələ başlandı.

 

          Ümummilli liderin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” kəlamı Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha sübut edir. Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən TRASECA proqramı çərçivəsində Qərb-Şərq nəqliyyat dəhlizinin Azərbaycanın ərazisindən keçməsində ulu öndərin  gərgin fəaliyyəti və qətiyyəti əvəzsiz rol oynamışdır. 1998-ci ilin sentyabr ayında Heydər  Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxaq konfransın məhz Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Yeri gəlmişkən, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdikləri konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çox mühüm sənədin imzalanması əlverişli geosiyasi mövqedə yerləşən Azərbaycanın regionda etibarlı tərəfdaş kimi mövqeyini  daha da artırdı. 2001-ci il iyulun 4-də “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalandı. Məhz həmin fərmana əsasən, ölkəmizdə respublika və yerli əhəmiyyətli avtomobil yollarının təmiri və tikintisinə bilavasitə cavabdehlik daşıyan təşkilatlar və onların üzərinə düşən vəzifələr müəyyənləşdirildi.

          Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur və müasir Azərbaycanın qurucusu bu sahədə də çox mühüm işlərə imza atmışdır. Bu baxımdan ulu öndərin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin ­regionlararası, şəhər və rayondaxili yol infrastrukturunun inkişafı, eləcə də milli yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Azərbaycanın yerləşdiyi əlverişli geostrateji və coğrafi mövqeyi Şərq-Qərb və  Şimal-Cənub əlaqələrində əsas körpü kimi çıxış etməyə imkan versə də, uzun illər SSRİ-nin tərkibində olması bu üstünlükdən respublikamızın maraqlarına uyğun şəkildə istifadə etmək mümkün olmamışdır. Yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan bu imkandan yararlanmaq şansı əldə etdi.

          Ümummilli lider Heydər Əliyev Azərbaycanın beynəlxalq əhəmiyyətli qlobal nəqliyyat-kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşməsini nəzərə alaraq bu sahənin yenidən qurulması və modernləşdirilməsini dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Yeri gəlmişkən, bu strateji siyasi kurs hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi istiqamətindəki fəaliyyətinin əsasını təşkil edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən 13 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiqlədiyi regional inkişaf dövlət proqramlarında, eləcə də ölkənin gələcək inkişafına yönəldilmiş digər sosial-iqtisadi konsepsiyalarda yol şəbəkəsinin modernləşdirilməsinə və yenidən qurulmasına xüsusi diqqət ayrılıb.

          Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Ölkəmizin yenidən dövlət müstəqilliyinə qovuşduğu ötən 25 il yarım ərzində iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər, heç şübhəsiz, ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa çatdırıb. Davamlı və dinamik inkişafı özündə ehtiva edən özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara imza atır. Ölkənin dinamik sosial-iqtisadi inkişafında infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin inkişafının zəruriliyini nəzərə alaraq transmilli nəqliyyat layihələri çərçivəsində, o cümlədən ­TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, regionlarda yol şəbəkələrinin bərpası işləri sürətlə davam etdirilir.

          Hazırda əsaslı yeniləşmə və sürətli inkişaf yolu ilə inamla addımlayan Azərbaycan Respublikası iqtisadiyyatın yüksək inkişaf tempinə görə regionun lider dövlətinə çevrilib. Əldə olunan möhtəşəm nailiyyətlərin, xüsusən də uğurlu iqtisadiyyatın təməlində ümummilli liderimiz Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə işləyib hazırladığı və onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasət dayanır. Ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan, bu siyasətdən qaynaqlanır.

          Ulu öndərin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən, onu daha da zənginləşdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, həyatın bütün sahələri ilə yanaşı, yol təsərrüfatında da sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. Məhz bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son illər paytaxt Bakıda, eləcə də regionlarda vəziyyət kökündən dəyişmiş, dövlət başçısının imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində reallaşdırılan tədbirlər  sözügedən sahənin yeniləşdirilməsi üçün möhkəm zəmin yaratmışdır.

          Bu gün inamla deyə bilərik ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı yol təsərrüfatının dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi illər ərzində bu sahədə mühüm dəyişikliklər baş vermiş, yüksək nailiyyətlər əldə olunmuşdur. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra nəqliyyat sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilməyə başlanıldı. Dövlətimizin başçısının 2007-ci il 22 fevral tarixli sərəncamı ilə Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişdirilərək nazirliyin tabeliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması ölkənin yol infrastrukturunun öz inkişafının yeni mərhələsinə qədəm qoyması istiqamətində mühüm addım oldu.

          Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyunca Bakıdan Gürcüstan sərhədinədək 513 kilometrlik hissəsində işlər uğurla davam etdirilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərliyə başladığı vaxtdan etibarən sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub, eyni zamanda, 2-ci texniki dərəcəli, iki hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib. Dünya Bankının vəsaiti hesabına maliyyələşdirilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi 2016-cı ildə uğurla başa çatdırıldı. Ötən il, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 87,8 kilometrlik Kürdəmir-Ucar-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər də sona çatdırıldı.

          Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-107 kilometrlik Muğanlı-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər uğurla davam etdirilir. Sözügedən layihənin icrası bir neçə mərhələdə həyata keçirilir. Bu il yolun Müşviqabad qəsəbəsinin ərazisindən keçən 13,3-15,1 kilometrlik hissəsinin, 29,6 kilometrlik Müşfiqabad-Cəngi, 44,6-67,5 kilometrlik Cəngi-Qobustan və 67,5-91-ci kilometrarası Qobustan-Bədəlli hissələrinin tikintisi başa çatdırılacaq. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mürəkkəb relyefə malik olan 30 kilometrlik Ağsu aşırımı hisəssinin sürüşmə və seysmik zona olduğu üçün ayrıca layihə kimi həyata keçirilməsi planlaşdırılır.

          Gəncə regionunda dörd ədəd körpünün tikintisi də xarici investisiya hesabına həyata keçirilir. Asiya İnkişaf Bankı ilə bağlanmış kredit sazişinə əsasən reallaşdırılan layihə çərçivəsində Ağstafa rayonu ərazisində Ağstafa-Poylu-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunda üç, yerli əhəmiyyətli Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda isə bir ədəd körpü inşa olunur. Layihənin cari ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.

          Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış borc sazişi əsasında  həyata keçirilən 154,4 kilometr Mingəçevir-stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində işlər də sürətlə davam etdirilir. Tikinti işlərinin ilk mərhələsi çərçivəsində yenidən qurulan 16,45 kilometrlik Mingəçevir-stansiya Mingəçevir hissəsi artıq  istifadəyə verilib. Yolun Qarağacı-Bəhrəmtəpə (26-137,9 kilometr) və 26 kilometrlik Aran-Qarağacı  hissələrinin tikintisinin isə 2018-ci ildə tamamlanacağı gözlənilir.  

          Şimal-Cənub avtonəqliyyat dəhlizi son illər reallaşdırılan mühüm infrastruktur layihələrindən sayılır. Bu baxımdan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsi xüsusi əhəmiyyət daşıyır. Dünya Bankı və Asiya İnkişaf Bankının kreditləri hesabına maliyyələşdirilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 54,4 kilometr hissəsinin tikintisi, Salyan şəhərində Kür çayı və Lənkərənçay üzərindəki körpülərin tikintisi başa çatdırılıb. Yolun 149,5 kilometr hissəsinin inşası isə bu il tamamlanacaq.  

          Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının icrası paytaxtın yol infrastrukturunda görülən işlərin sürətlə inkişaf etdirilməsinin bünövrəsini qoymuşdur. Məhz bunun nəticəsidir ki, bu sahədə qarşıya çıxan hər bir çətinlik dövlətimizin başçısı səviyyəsində həllini tapır. Ötən il Bakı şəhərinin Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib. Bundan əlavə, il ərzində  Bakı şəhərinin bütün inzibati rayonları üzrə  289,6 min kvadratmetr  sahədə cari təmir işləri yerinə yetirilib. Paytaxtda yol infrastrukturunun yenidən qurulması istiqamətində işlər hazırda sürətlə davam etdirilir.

          Ölkə rəhbəri kənd yollarının yenidən qurulmasını da diqqətdə saxlayır. Son illər Prezident İlham Əliyevin kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 50-dən artıq sərəncam imzalaması da bunu təsdiq edir. Kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış və 2016-cı ildən müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayan Azərbaycan Avtomobil Yolları Dövlət AgentliyiAçıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu, yol inşaatçılarının üzərinə əlavə məsuliyyət qoyur. Yeri gəlmişkən,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014–2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” dövlət proqramlarında avtomobil yollarının tikintisini vaxtında icra etmək, eləcə də işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə iki mindən artıq vətəndaşı müvafiq işlə təmin edib. Prezidentin yerli istehsalın daha da genişləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolların tikintisi, yenidən qurulması və təmiri zamanı yalnız  yerli tikinti materiallarından istifadə edir.

          Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında  bu sahənin inkişafı önəmli yer tutur. Təsadüfi deyil ki, “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradacağıq” deyən dövlət başçısı son illər ölkənin avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Ölkə rəhbərinin xüsusi diqqəti, eləcə də yol təsərrüfatına göstərdiyi yüksək qayğı bu sahədə daha böyük nailiyyətlərin əldə olunmasına zəmin yaradır. 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən layihələrin uğurlu icrası sayəsində yol infrastrukturu tamamilə yenidən qurulur. Ötən il martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun təməlqoyma mərasimindən sonra layihənin həyata keçirilməsinə start verilmişdi.

Bu mühüm əhəmiyyətli yol başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşir. Beləliklə, yol Zəngəzur dəhlizi vasitəsilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu yol həm də iqtisadi əlaqələrin, əməkdaşlığın qurulması baxımından da vacibdir. Bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq.

Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilən yolun uzunluğu 43 kilometrdir. Artıq oktyabrın 19-da Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

 

Əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə investisiyaların cəlb edilməsini, bu sahədə dövlət-özəl investisiya əməkdaşlığının inkişafını təmin edən, eləcə də xarici və daxili investisiyaların cəlb edilməsi ilə bağlı zəruri təşviqat işlərini həyata keçirməkdir. Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Bu bölgəyə həyat qayıtdıqdan sonra turizm sektoru da inkişaf edəcək. Pandemiyadan sonra bərpa ediləcək beynəlxalq turizm sərgiləri bir daha Qarabağ bölgəsinin turizm potensialının təqdimatına öz töhfəsini verəcək. Qarabağ potensial imkanları ilə Azərbaycanın iqtisadi inkişafına davamlı töhfələr verməklə yanaşı, dünyanın diqqətini də özünə cəlb edəcək. İqtisadiyyatın şaxələndirilməsi daha da sürətlənəcək, Azərbaycan həmişə olduğu kimi, gələcəkdə də ortaya çıxan hər bir çətinliyi iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində aradan qaldıracaq.

Ölkə başçısı avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına, habelə yenidən qurulmasına xüsusi diqqət yetirməklə bərabər, Bakıda, digər şəhər və rayonlarda yeni avtomobil yollarının salınmasını, nəqliyyat qovşaqlarının, körpülərin tikintisini daha da sürətləndirməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Dövlət başçısının tapşırığına uyğun olaraq mütəmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Şərqi Zəngəzurda və Qarabağda yolların inşası və yenidən qurulması layihələrinin icrası vətəndaşların Böyük Qayıdışından sonra sosial rifah halına müsbət təsir göstərən sənaye və turizmin inkişafına hesablanıb. Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə reallığa çevrilməkdə olan yol-nəqliyyat infrastrukturu layihələri genişmiqyaslıdır.

 

Saleh Məmmədov

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri