Heydər Əliyev fenomeni və xilaskarlıq missiyası

362

Heydər Əliyev fenomeni və xilaskarlıq missiyası

Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.

Heydər Əliyev

Ümummilli lider

 

Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar.

Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Ruslar üçün bu şəxsiyyət I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçil, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, çinlilər üçün Mao Tszedun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir!

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.

Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.

Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.

Dünya siyasət arenasında unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işləməyim mənim üçün böyük şərəfdir. Ümumiyyətlə, dünyanın böyük şəxsiyyətləri həmişə adi insanların yaşadığı həyat tərzinin fövqündə dururlar. Ulu Öndər insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi idi. Hərəkətləri sadə olsa da, bunun arxasında həmişə böyük məna durardı. Ulu Öndər böyük ideyaya malik idi. Atdığı addımlar, yeritdiyi siyasət, istifadə etdiyi diplomatik üsullar onun uzaqgörənliyini, strateji təfəkkürə sahib olduğunu təsdiq edirdi. Beynəlxalq müstəvidə dünya liderləri də Heydər Əliyevi zəmanəni qabaqlayan dünya miqyaslı dövlət xadimi kimi qəbul edirlər.

Uğurlu iqtisadi siyasət – çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlət başçısı uğurlu sosial islahatlar paketinin reallaşdırılmasının təmin edilməsinə nail olub. Eyni zamanda qeyd etmək lazımdır ki, bu prosesin əyani təzahürü olaraq icbari tibbi sığorta sisteminin tətbiqi təmin edilmiş, bu sistemin 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulmuşdur. İşsizlikdən Sığorta Fondunun yaradılması, məşğulluq strategiyasının qəbulu, ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluq proqramlarının təmin edilməsi də sosial islahatların mühüm tərkib hissəsi olaraq ölkənin müasirləşməsinə güclü təkan verir.

Son aylarda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilib, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılıb, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşa edilməsinə, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borclarının müəyyən şərtlər çərçivəsində kompensasiya edilməsinə başlanılıb, yanğından zərər çəkmiş sahibkarlara kompensasiya ödənilib. Bu və digər sosialyönümlü addımlar, şübhəsiz, vətəndaşlar tərəfindən də rəğbətlə qarşılanır.

İslahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır. Son illərdə həyata keçirilən kadr islahatlarının əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə, dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir. Prezident İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarlar qəbul edir, struktur islahatları həyata keçirir. Dövlət başçısının 2019-cu il 14 yanvar tarixli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı idarəetmə sistemində çevikliyin və səmərəliliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

2018-ci ilin 11 aprel seçkilərinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan cəmiyyəti uzun illərin sərt sınaqlarından üzüağ çıxaraq yüksək etimad qazanmış Heydər Əliyev siyasətinə sadiqdir. Cəmiyyətdə mütləq çoxluğun lider olaraq qəbul etdiyi Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmək, Azərbaycanı yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevrilmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışır. Heç şübhə yoxdur ki, müstəqil Azərbaycanı qarşıdan gələn illərdə daha böyük nailiyyətlər gözləyir.

Mərdan Əliyev

Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi