Qalib Lider, Qalib Sərkərdə – İlham Əliyev!

370

Qalib Lider, Qalib Sərkərdə – İlham Əliyev!

Dünyada elə  şəxsiyyətlər var ki,  onlar haqqında yazmaq, əslində, mənsub olduqları xalqın, rəhbərlik etdikləri dövlətin müəyyən  dövründən, uğur, qələbə və sınaqlarından  bəhs etmək deməkdir.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun tarixində də  belə şəxsiyyətlər  var!

Onlardan biri də müstəqil Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və dövlətinin qazandığı nailiyyətlər  və qələbələr barədə danışsaq,  cild-cild kitablara sığmaz!

Cənab İlham Əliyev  respublika  əhəmiyyətli  vəzifələrə təyin olunanda və ya seçiləndə belə daim xarizması, intellekti, yaradıcı fəaliyyəti, təşkilatçılıq məharəti və istedadı sayəsində  gördüyü işlərin nəticələrini  dünya miqyasına çıxarmağa, çoxlarının bəhrələnməsinə nail olub!

Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.

Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar açıqlanır. Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir. Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Azərbaycan əsgəri  yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilər yaşlı qocaları da qoyub qaçmışlar.
Prezident cənab İlham Əliyev: “Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur,  planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.
Düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr,  qəbirlər və məscidlərin 99 faizi dağıdılıb. Düşmənin törətdiyi  hərbi cinayətlərin uçotu və  dəymiş ziyanın hesablanması üçün araşdırma aparılır, beynəlxalq ekspertlər dəvət ediləcək. Düşmən həm fərdi qayda, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələrə veriləcək, təzminat ödəyəcəklər. İşğal edilmiş bütün ərazilərin onlarda qalmasını əks etdirən xəritələr dərc etmiş, işğal edilmiş ərazilərin adlarını dəyişmişdirlər. Xaricdən erməniləri yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində Şuşada, Arazboyu yerləşən rayonlarda məskunlaşdırmaq istəyirdilər. 44 günlük müharibə vaxtı Azərbaycanın hərbi əməliyyatlar aparılmayan ərazisində ermənilərin hərbi cinayətləri nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina dağıldı.  Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Azərbaycanın 44 günlük müharibədə verdiyi itkilər 26 illik atəşkəs müddətində verdiyi itkilərdən qat-qat azdır. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək. Onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı, daha geniş olacaq. Azad olunmuş torpaqların təhlükəsizliyin təmin olunması, minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatlar cəlb ediləcək. Qarabağ əsl cənnət məkanına çevriləcək, yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək.
“Mən artıq qaçqın deyiləm” sözlərini eşitmək hər bir azərbaycanlının ən xoşbəxt anlarıdır. İşğalın ardından evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər. Azərbaycan əsgər və zabitləri öz qəhrəmanlığı sayəsində məcburi köçkünləri öz doğma dədə-baba torpaqlarına qaytarırlar. Azərbaycan dövləti məcburi köçkünlərin məskunlaşdırılması üçün bütün imkanlarından istifadə edəcək. Bütün yaralı əsgər və zabitlər sağaldılacaq, onların normal həyata qayıtması üçün bütün lazımi tədbirlər görüləcək. Yaralı əsgər və zabitlərin gələcək həyatlarının qurulmasına bütün dövlət qurumları, özəl şirkətlər cəlb olunacaq, onları, işlə təmin etmək üçün xüsusi addımlar atılacaq. Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində maddi dəstək göstəriləcək, dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcək. Döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilər təltif ediləcək. Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə yeni təsis edilmiş  orden və medallar veriləcək. Düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilərək xüsusi  yerdə  nümayiş etdiriləcək.
Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı əlaqəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi. Rusiya atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərib və münaqişədə neytral mövqe tutub. Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub saxlayır. Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, Türkiyənin müşahidə və monitorinq heyətləri də orada eyni anlayışla yeri alacaq”. Türkiyənin müdafiə naziri Hulusi Akarla Rusiyanın müdafiə naziri arasında imzalanmış  atəşkəsə birgə nəzarət mərkəzinin yaradılması haqqında 5 maddədən ibarət Memorandum imzalanıb. Rusiyanın bölgədə olması bu günün labüd şərtidir. Amma Rusiya tərəfi Azərbaycana xüsusi jest edərək sülhməramlı korpusun rəhbərliyini azərbaycanlıların tarixi Azərbaycan şəhəri olan Dərbəndin Çinarlı kəndində doğulmuş Rüstəm Muradova həvalə etmişdir.
Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyəti dondurduğunu elan edən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycan qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir. Radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Kampaniyanın əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları  itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.
Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Prezident cənab İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Ölkə Prezidentinin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu.
Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident cənab İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Cənab İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Azərbaycan xalqı əmindir ki,  bütün hədəflərə ən tez vaxtda və ən qısa yolla çatacaqdır!

Çünki müstəqil dövlətimizin sükanı arxasında əsl rəhbər, qüdrətli sərkərdə, müasir dünya liderləri sırasında özünə layiqli yer qazanmış cənab İlham Əliyev dayanıb!

Onun güclü əlləri, iti zəkası, müstəqil və uzaqgörən siyasəti, xalqına xidmət amalı ilə döyünən vətənpərvər qəlbi vardır.

Belə rəhbərlə yalnız uğur qazanmaq, qalib gəlmək mümkündür!

Sözünün sahibi olan, nəyi, nə vaxt və necə etməyi hamıdan yaxşı bilən, doğma Azərbaycanı daim ucaldan, xalqın hər bir arzu və istəyini  reallaşdıran Prezidenti olmaq özü də bir xoşbəxtlikdir!

İlham  Əliyev kimi qüdrətli, müdrik, işıqlı qəlb sahibi olan Prezidenti!

 

 

Camalov Zöhrab İsbəndiyar oğlu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi – polkovnik