Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir

504

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir

2003-cü ildən başlayaraq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkənin başlıca sosial-iqtisadi nailiyyətlərini aşağıdakı istiqamətlərdə qeyd etmək mümkündür:

Bütün parametrlər üzrə “iqtisadi Azərbaycan” bir neçə dəfə böyümüşdür. Azərbaycan tarixində ilk dəfə olaraq məhz bu dövrdə “iqtisadi Azərbaycan” “coğrafi Azərbaycan”ın sərhədlərini ciddi şəkildə aşmağa başlamışdır.

Azərbaycan iqtisadiyyatda keçid dövrünü uğurla başa vurmuşdur. İlham Əliyevin elə birinci prezidentliyi dövründə sürətləndirilən iqtisadi islahatlar və həyata keçirilən iqtisadi inkişaf proqramları nəticəsində ölkə 2009-cu ildə keçid dövrünü uğurla başa vurmuşdur. Bu, Prezidentin özünün də qeyd etdiyi kimi, məhz bazar iqtisadiyyatına sadiqliyin və inamın nəticəsində mümkün olmuşdur.

Ölkənin tarazlı iqtisadi inkişafına xüsusi önəm verilmiş və regionların sosial-iqtisadi inkişafı sahəsində böyük nəticələr əldə etməyə imkan verən inkişaf proqramları həyata keçirmişdir. Artıq dördüncüsü həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası nəticəsində Azərbaycan regionlarına böyük həcmdə investisiyalar yatırılmış və əgər belə demək mümkündürsə, regionların “iqtisadi siması” tamamilə dəyişmişdir. Hazırda Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında bir çox “iqtisadi cazibə mərkəz”ləri formalaşmışdır.

Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmləndirilmiş və ölkə borc alan ölkədən donor ölkəyə çevrilmişdir. Prezidentin hər zaman vurğuladığı kimi, Azərbaycan bu gün valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir və iqtisadiyyatı üçün əhəmiyyətli olan istənilən iqtisadi layihəni maliyyələşdirmə imkanına malikdir. Bununla yanaşı, ölkə xarici donorlar üçün də etibarlı tərəfdaşdır və investisiya cəlbetmə imkanları yüksəkdir. Hazırda ölkənin valyuta ehtiyatları xarici borclarından dəfələrlə çoxdur.

Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar  tamamilə yenidən qurulmuş və infrastruktur imkanları əvvəlki illərlə müqayisədə xeyli genişləndirilmişdir. Azərbaycanın demək olar tamamilə qazlaşdırılması, elektrikləşdirilməsi, istifadəyə verilən yüzlərlə təhsil, səhiyyə və turizm müəssisələri, tikilən hava limanları (6-si beynəlxalq statuslu olmaqla), çəkilən minlərlə kilometrə qədər modern avtomobil yolları məhz İlham Əliyevin adı ilə bağlıdır.

Azərbaycan iqtisadiyyatı regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına çevrilmişdir. Nüfuzlu Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”na görə Azərbaycan iqtisadiyyatı uzun müddətdir ki, rəqabət qabiliyyətinə görə MDB məkanının yüksək rəqabətli iqtisadiyyatlarından hesab olunur.

Müstəqil Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq qeyri-neft sektoru neft sektorundan, qeyri-neft ixracı neft ixracından daha sürətlə artmağa başlamış və iqtisadi artımın getdikcə əhəmiyyəti artan mənbəyinə çevrilmişdir.

Azərbaycanda aqrar sektora dövlət qayğıkeşliyi öz intensivliyi ilə seçilmiş və Azərbaycan bir sıra aqrar məhsullar üzrə ixracatçı ölkəyə çevrilmişdir. Aqrar sektorun vergilərdən azad edilməsi, tətbiq olunan subsidiyalar, bu sektorun modern texnika və texnologiyalarla təchizi sahəsində görülən işlər xüsusi vurğulanmalıdır. Prezidentin aqrar istehsala “bir qarış torpaq da boş qalmamalıdır” prinsipi ilə yanaşması ölkənin ənənəvi istehsal sahələri olan fındıqçılıq, tütünçülük, baramaçılıq, ipəkçilik, pambıqçılıq, taxılçılığın yenidən canlanmasına səbəb olmaqla yanaşı, yeni istehsal sahələrinin də meydana çıxmasına imkan yaratmışdır.

Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq iqtisadiyyatın idman sektoru formalaşmışdır. Məhz birbaşa İlham Əliyevin rəhbərliyi və zəhməti hesabına qurulmuş bu sektor Azərbaycanın formalaşmış iqtisadi və siyasi qüdrətini dünyaya nümayiş etdirmə, qlobal idman bazarından pay alma, idmanla əlaqəli iqtisadi sektorlar üçün yeni imkanlar yaratma baxımından böyük əhəmiyyət daşıyır.

İqtisadi siyasətin mərkəzində hər zaman Azərbaycan insanı dayanmış və iqtisadiyyatın sosial yönümlülüyünə böyük əhəmiyyət verilmişdir. Bu dövrdə pensiyalar, sosial müavinətlər, əməkhaqları daim artırılmış, dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlamış, milyonlarla yeni iş yerləri açılmış, yoxsulluq və işsizlik minimuma endirilmişdir.

“Əsrin müqaviləsi” daha əlverişli şərtlərlə “Yeni əsrin müqaviləsi”nə çevrilməklə “qara qızıl”ın Azərbaycanın dayanıqlı iqtisadi inkişafına töhfə vermə imkanı ən azı 2050-ci ilə qədər təmin edilmişdir. Fikrimizcə, “Yeni əsrin müqaviləsi” ölkənin Prezident İlham Əliyev tərəfindən müəyyən edilən gələcək iqtisadi inkişaf hədəflərinə daha sürətlə çatmasına imkan verəcək.

Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə Ermənistanı böyük fərqlə geridə qoymuş, bu ölkənin Cənubi Qafqazda tamamilə marjinallaşmasına  nail olmuş və Qarabağda öz siyasi və iqtisadi suverenliyini bərpa etmişdir. Məhz İlham Əliyevin prinsipial mövqeyi Ermənistanın bütün regional iqtisadi layihələrdən kənarda qalmasına gətirib çıxarmışdır. Bu gün Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə dünyanın 58-ci iqtisadiyyatıdırsa, Ermənistan 69-cu iqtisadiyyatıdır. II Qarabağ savaşı və onun nəticələri bir daha Azərbaycanın iqtisadi qüdrətini və texnoloji üstünlüyünü ortaya qoymuş və Qarabağ yenidən Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilmişdir.

Göründüyü kimi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası həyata keçirilmiş, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatları dəfələrlə artmış və ondan səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi güclənmiş, təhsil və digər sosial sahələrin inkişafı davam etmiş və əhalinin rifahı davamlı olaraq yaxşılaşmışdır. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri mühüm dərəcədə genişlənmiş, beynəlxalq aləmdə nüfuzu güclənmiş və Cənubi Qafqazın lider dövləti kimi öz mövqeyini qoruyub saxlamışdır.

Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı və rəqabətli Azərbaycan iqtisadiyyatının formalaşdırılmasıdır. Bu məqsəd Prezident İlham Əliyevin fikirlərində mükəmməl şəkildə öz əksini tapmışdır: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir”.

Ötən il Azərbaycan tarixinə Zəfər ili kimi, böyük bir milli uğur ili kimi daxil olmuşdur. Dünyanın demək olar ki, əksər ölkələrinin gündəmini pandemiyanın, iqtisadi böhranın problemləri işğal etdiyi halda Azərbaycan yüksək hazırlıqlı ordusu, milli birliyi, dayanıqlı iqtisadiyyatı və düzgün xarici siyasəti nəticəsində uzun illərdir arzuladığı o böyük zəfərə nail oldu və bu baxımdan beynəlxalq ictimaiyyətin müsbət mənada böyük diqqətini özünə çəkdi.

Zəfər Cənubi Qafqazın və bütövlükdə region ölkələrinin gələcək inkişafı üçün də yeni imkanlar açmışdır. Dayanıqlı sülh və sabitliyin təmin edilməsi bölgə ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni fürsətlər yaratmaqla yanaşı, bütövlükdə bölgənin dünya iqtisadiyyatına inteqrasiyasının da sürətlənməsinə imkanlar yaradır.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyəti “Böyük qayıdış” üçün çox böyük hazırlıq görür. Prezidentin son vaxtlar bu sahədə qəbul etdiyi qərarlar onun həmişə olduğu kimi, bu dəfə də sistemli və koordinasiyalı yanaşmaya üstünlük verdiyini göstərir.

Qarabağda bərpa və yenidənqurma işlərinin böyük maliyyə resursları tələb etdiyi şübhəsizdir. Müxtəlif tədqiqatçıların apardığı hesablamalar göstərir ki, bu işlərin tamamlanması üçün on milyardlarla dollar həcmində maliyyə vəsaiti tələb olunur. Qarabağda iqtisadi strukturun yenidən qurulması heç şübhəsiz ki, ilk növbədə, regionun təbii və coğrafi resurslarına əsaslanır. Zəngin faydalı qazıntı yataqları, münbit torpaqlar, füsunkar təbiət və nisbətən əlverişli coğrafi mövqe bu bölgədə formalaşdırılacaq sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər xidmət sektorlarının da əsasını təşkil edəcəkdir.

Ancaq eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq, bölgədə yeni iqtisadi fəaliyyət formalarının inkişaf etdirilməsinə də başlanılmışdır. Bu baxımdan bölgədə yaşıl enerji, orqanik kənd təsərrüfatı, kənd turizmi, konqres turizmi, aqrar turizm, səhiyyə turizmi, mədəniyyət turizmi, ali təhsil xidmətləri və s. inkişafı üçün yaxşı perspektivlər mövcuddur. Xüsusilə də bölgənin iqtisadiyyatına uyğun şəkildə yaradılacaq ali təhsil klasteri həm bölgənin inkişafına, həm də bütövlükdə Azərbaycanda regional ali təhsilin inkişafına öz töhfələrini verəcəkdir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu bölgələrin potensialı və nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir.

Əminik ki, Prezidentin rəhbərliyi altında biz – dövlət və cəmiyyət olaraq mümkün qədər ən qısa müddətdə arzuladığımız Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirərək reallaşdıracaq və bununla da Azərbaycanın növbəti uğur hekayəsini yazmış olacağıq.

Nazim Bəydəmirli

Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı, İqtisad elmləri doktoru, “Bəydəmirli Xeyriyyə Fondunun” təsisçisi.

Zəruri Giriş: Nazim Məmmədov 1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çay Rəsullu kəndində anadan olmuşdur.  Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı; İqtisad elmləri doktoru; “Bəydəmirli Xeyriyyə Fondunun” təsisçisi.

1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 1989-cu ildə isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləmişdir. Həmin universitetin aspiranturasında təhsil almış, elmi işini müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır.

Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir. Hazırda Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin (SPDİMU) doktorantıdır. Elmlər doktoru adını qazanmaq üçün elmi işinin ilkin müzakirəsi müvəqqiyyətlə baş tutub, profil kafedra vasitəsi ilə Böyük Elmi Şuraya müdafiə üçün tövsiyə edilib. Müxtəlif Beynəlxalq iqtisadi Forum və Sammitlərdə iqtisadçı-ekspert kimi mütəmadi çıxış edir.. Bu sırada Avropa Birliyinin hər il Polşanıən Krınitsa kurort şəhərçiyində keçirdiyi Economic Forum-u, Sankt-Peterburq İqtisadi Forumunu, İstanbul Maliyyə Sammitini misal göstərmək olar.

1982–1984-cü illərdə hərbi xidmətdə olmuşdur.

1993–1999-cu illərdə Rusiya Federasiyasının Lipetsk şəhərində “Kapital X” MMC-nin baş direktoru, 1996-cı ildən “İmperial LTD” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olmuşdur. 2000-ci ildən Bakı şəhərində “Qlobal Kaspian LTD” şirkətinin prezidenti, 2003–2005-ci illərdə “Binapmetal” MMC-nin baş direktoru vəzifələrində çalışmışdır. 2010-cu ildən sahibkarlıq fəaliyyətini davam etdirir “BAYDAMİRLİ HOLDİNG”-in sahibidir, həm də sahibkarlıq sahəsində qanunvericiliyin və idarəetmənin təkminləşdirilməsi ilə bağlı təkliflərlə KİV-də mütamədi çıxış edir.

2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən müstəqil namizəd olaraq millət vəkili seçilmişdir. Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-İndoneziya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Niderland, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Hal-hazırda cəmiyyətin maariflənməsi üçün müxtəlif platformalarda ictimai əhəmiyyətli məsələlərlə bağlı fəaliyyətini davam etdirir.

Evlidir, 2 övladı var.

 

Hazırladı:

Şahmar Zərdabi

Təsisçi və Baş redaktor