Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi

211

Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi

Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Müzəffər Azərbaycan ordusu qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanla aparılan  müharibə ərzində əsgər və zabitlərimizin rəşadəti, şəhidlərimizin qanı  ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri cəsarətlə dağıdılaraq  2020-ci ilin 3 oktyabr tarixində Suqovuşanın azad edilərək tarixi adına qovuşması,  4 oktyabrda Cəbrayıl rayonu, 9 oktyabrda Hadrut qəsəbəsi,  17 oktyabrda Füzuli rayonu, 20 oktyabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharbənin taleyi əsasən həll olunmuşdur.  Ümumilikdə döyüş əməliyyatları nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən  300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri hərbi yolla  işğaldan azad edilmişdir. Bununla yanaşı düşmənin məğlubiyyəti ilə Moskvada imzalanan tarixi Bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatlar tam dayandırılmış, 1 dekabradək Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Beləliklə  dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan  bu Zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən belə 2020-ci il noyabrın 20-də Ağdam rayonunu,  noyabrın 25-də Kəlbəcər  rayonunu dekabrın 1-də isə Laçın rayonunu işğaldan  azad edərək  dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi.

Qara Abdullayev

Nəsimi Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi