Vahid Əliyev – Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır

637

Vahid Əliyev  – Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır

Ümummilli liderimizin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması 52 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir.

Azərbaycanın son 52 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı.

Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir.

İndi dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Çünki ulu öndər Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Əlbəttə ki, burada siyasi məqam da var idi, o da Azərbaycanı tanıtmaq idi.

Təbiətcə musiqinin vurğunu olan, incə və həssas musiqi duyumuna, zövqünə malik olan, Azərbaycan və dünya mədəniyyətinin bədii nümunələrini həvəslə dinləyən, dövlət rəhbərliyində də, şəxsi həyatında da, ailəsində də musiqidən ayrılmayan, musiqi və musiqiçilər haqqında peşəkar musiqi tənqidçisi kimi çox dəyərli rəy və fikirlər söyləyən, musiqişünaslığın elmi fikir və ideyalar dairəsini zənginləşdirən, daim musiqiçilərlə dostluq edən Heydər Əliyevin həyat və fəaliyyətini musiqi mədəniyyətindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Hətta o Zərifə xanımın müşayiəti ilə mahnılar ifa edərək bundan çox böyük zövq alırdı. O, musiqiyə dərindən bağlı bir şəxsiyyət kimi bu sənətə, onun yaradıcılarına, problemlərinə daim böyük diqqət yetirmiş, sənət adamlarına hörmət və ehtiramla yanaşmışdır. Musiqimizə, mədəniyyətimizə verdiyi yüksək qiymət və qayğı özünü, o cümlədən Heydər Əliyevin mədəniyyət işçilərinə münasibətində də göstərirdi. Prezidentin teatr tamaşasının premyerasında iştirakı və yaxud da teatrın truppasını qəbul etməsi, onlara yaradıcılıq uğurları arzulaması, neçə-neçə bəstəkarın, rəssamın, respublikada görkəmli muğam ustalarının yaradıcılıq gecələrinin, yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları mədəniyyətimizin həyatında önəmli rol oynamışdır. Heydər Əliyev sevməklə yanaşı, həm də onu musiqini insanlara sevdirirdi. Bu onun böyük maarifləndirmə missiyasından irəli gəlirdi. Heydər Əliyev yaşlı nəslin yaradıcılığına da çox böyük qayğı göstərmiş, gənc nəslin yaradıcılıq imkanlarının genişlənməsinə hərtərəfli yardım etmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Ulu öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. O, yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır.

 

Vahid Əliyev

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri