Heydər Əliyevin çağdaş səhiyyəmizin inkişafında müstəsna rolu olmuşdur

455

Heydər  Əliyevin çağdaş səhiyyəmizin inkişafında müstəsna rolu olmuşdur

Ümummilli lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar  tədbirlər kompleksinə  – köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Ulu öndər  hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vuğulayırdı. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəniki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı. Ölməz liderin  elm, təhsil və səhiyyə sistemlərindəki müstəsna xidmətlərindən danışarkən xatırlatmaq lazımdır ki, XX əsrin son onilliklərində tibb üzrə xarici  mütəxəssislərin, alimlərin  Azərbaycana gəlişi,  yerli mütəxəssislərlə körpülərin qurulması, eləcə də tibb elmi və tibb təhsili ilə bağlı inkişaf strategiyası birmənalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Elmi tarixə ekskursiya edərkən görürük ki,  Səhiyyə nazirliyinə bağlı elmi tədqiqat institutlarının dayanıqlı  inkişafı da məhz   həmin illərdən başlayır. Həmin dövrdə çoxlu sayda səhiyyə mərkəzlərinin, xəstəxanaların, tibb müəssisələrinin yaradılmasına ayrılan diqqətlə bərabər yeni nəslin, doğulan körpələrin, doğum evlərinin qayğıyla əhatə olunması xalqımızın qarşısında ən böyük xidmətlərdən biridir. Yeri gəlmişkən,  çalışdığım Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Cəmilə Qurbanovanın rəhbərliyi altında institut  Ulu Öndərin ana və uşaq sağlamlığı ilə bağlı siyasətinə uyğun şəkildə fəaliyyətini davam etdirir, gənc tibbi heyətə  Heydər Əliyev irsinin, ideyalarının çatdırılması üçün müxtəlif konfranslar, tədbirlər təşkil olunur.

Azərbaycan tarixinin 1960–cı illərin sonundan başlayaraq XXI əsrə adlayan otuz ildən artıq bir dövrü görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969–1982–ci illərdə, həm SSRİ–nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətində Heydər Əliyev Vətənimizin ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə xidmət edib, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışıb. Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycanın tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki rolunu hər sahənin mütəxəssisləri geniş təhlil edirlər. Maraqlıdır, onların hər biri hesab edir ki, ulu öndərin ən çox əhəmiyyət verdiyi, diqqət yetirdiyi, inkişafına təkan verdiyi məhz bu sahə olub. Sənaye, kənd təsərrüfatı, beynəlxalq münasibətlər, ədəbiyyat, incəsənət, təhsil və s.

Müvafiq olaraq tibb işçilərinin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub.

Bütün həyatı boyu öz xalqının xoşbəxtliyi və əmin–amanlığı naminə yorulmadan çalışan Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı, dəyərli töhfələri sonsuz, bu sahədə fəaliyyəti çoxcəhətli olmuşdur.

Ümummilli lider hələ Azərbaycana rəhbərliyə gəlməmişdən xeyli əvvəl onun dəyərlər sistemində insanların səhhəti millətin sağlam gələcəyini şərtləndirən amil kimi, əsas yerlərdən birini tuturdu. Səhiyyə məsələləri ilə bağlı söhbətlər, müzakirələr, qayğılar, düşüncələr ulu öndərin gündəlik həyatının bir parçasına çevrilmişdi. Səhiyyənin ağrılı problemləri, zəif nöqtələri ilə yaxından tanışlığı sonralar Heydər Əliyevin vəziyyəti düzgün təhlil etməkdə və situasiyanı kökündən dəyişmək üçün doğru qərarlar qəbul etməkdə köməklik göstərmişdi. Tale elə gətirmişdi ki, ulu öndərin ailəsindəki həkimlər, xüsusən ömür–gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva da o dövrdə təbabət qarşısında duran başlıca problemlər üzərində düşünür, həlli yollarını axtarırdı. Onlar insanların sağlamlığı ilə bağlı ən ağrılı məsələləri Heydər Əliyevlə birgə müzakirə edir, tibbi–sosial problemlərdən mümkün çıxış yollarını arayanda bu müdrik rəhbərlə məsləhətləşirdilər.

Ulu öndərin Azərbaycanda hakimiyyətə ilk gəlişi zahiri təmtəraqla, gəlişigözəl sözlərlə pərdələnmiş durğunluq dövrünə təsadüf etmişdi. Cəmiyyətin hər sahəsində olduğu kimi, səhiyyədə də əvvəlki dövrlərdə əldə edilən uğurlar hələ ətalətlə öz nəticələrini göstərirdi. Bununla belə, diqqətli müşahidəçi vəziyyətin heç də yaxşı olmadığını, səhiyyənin maddi–texniki bazası cəhətdən isə hətta acınacaqlı olduğunu görərdi. İmmunlaşdırma, bir sıra infeksion xəstəliklər, o cümlədən vərəm, malyariya, difteriya, poliomielit, məxmərək və s. narkomaniya, ana və uşaq sağlamlığı, kadr çatışmazlığı və mövcud kadrların səviyyəsi—bunlar Azərbaycan səhiyyəsində öz həllini gözləyən problemlərin yalnız bir hissəsi idi.

Məhz elə buna görə də 1969–cu ilin avqustunda keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə dəyişmək qarşıya vəzifə kimi qoyulmuşdu. Respublikanın yeni rəhbərinin bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü çox qısa bir müddətdə göstərdi. Azərbaycanda hər sahədə vəziyyəti yaxşılaşdırmaq üçün var qüvvə ilə çalışmağa başlayan Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri də məhz səhiyyə oldu.

Hər işdə problemin kökünü müəyyənləşdirmək və onun həlli yolunu tapmaq həm ən mürəkkəb məsələ, həm də uğurun təməlidir. Heydər Əliyev də əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən başladı. 1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası onun təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı oldu və səhiyyənin inkişafına əsaslı təkan verdi.

O dövrdə səhiyyənin tərəqqisinə zəmin yaradan daha bir addım ölkədə korrupsiya ilə mübarizə sahəsində, o cümlədən səhiyyə idarəetməsindəki neqativ halların qarşısının alınmasında qazanılan uğurlar oldu. Heydər Əliyevin respublikada korrupsiya və digər neqativ hallarla mübarizəsi ölkə səhiyyəsinə də müsbət təsir etdi. Cəmiyyətimizin sağlamlaşdırılması ayrı–ayrı insanların sağlamlığına gedən yolun təminatçısına çevrildi.

Müasir səhiyyə müəssisələri müvafiq yüksək səviyyəli kadr potensialının olmasını da tələb edirdi. Həkimlərin və orta tibb işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb məktəblərinə tələbə qəbulu artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı.

Tibbi kadrların kəmiyyət artımı ilə yanaşı, onların keyfiyyəti də böyük əhəmiyyət daşıyırdı. Səhiyyənin inkişafında əsas amillərdən biri olan kadrların təkmilləşməsi sahəsində bir–biri ilə qarşılıqlı surətdə bağlı olan iki məsələ—səhiyyə müəssisələrində çalışacaq yüksək ixtisaslı tibb personalının və təbabət sahəsində elmi tədqiqatlar aparacaq gənc alimlərin hazırlığı qarşıda vəzifə kimi dururdu. Bu məqsədlə həm Bakıda ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm SSRİ–nin qabaqcıl tibb təhsili müəssisələrində həkim kadrlarının hazırlığına, həm də tibb elminin inkişafına, gənc azərbaycanlı alimlərin İttifaq səviyyəli tibb ocaqlarında öz elmi fəaliyyətlərini davam etdirməsinə böyük əhəmiyyət verilirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar aparan, dissertasiyalar müdafiə edən həmin insanlar sonralar tibb elmimizin fəxri kimi, səhiyyəmizin inkişafına dəyərli töhfələr verdilər.

Məhz zəngin təcrübəsi və dünyagörüşü sayəsində Ulu Öndər Azərbaycan naminə mümkünsüz sayılan ən çətin layihələri  həyata keçirməyə müvəffəq oldu. Nəticədə stabil, inkişaf edən və beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu olan bir dövlətin əsası qoyuldu.

Qeyd etmək lazımdır ki, Ümummilli liderin başladığı inkişaf strategiyası bu gün  Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir. Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir. Ulu Öndərin diqqət yetirdiyi ən vacib məsələ – insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi   bu gün  də dövlət başçısı İlham Əliyevin daim nəzarətindədir.

Azərbaycanın hər bir bölgəsində əhali müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım ala bilir. Xaricdə təhsil almış yüsək ixtisaslı həkim kadrlar və peşəkar tibbi heyət olduğu üçün xəstələr öz sağlamlıqlarına qovuşmaq üçün xarici ölkələrə üz tutmurlar. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir. İşğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prioritet məsələlərdəndir. Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir.

Bir sözlə uğurlarımızın əsası birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.   Bütün həyatını vətəninin suverenliyinə, xalqının xoşbəxtliyinə həsr edən  böyük liderin əziz xatirəsi  Azərbaycan var olduqca hər kəsin qəlbində, habelə çoxsalı səhiyyə işçilərinin qəlbində daim yaşayacaq. Ruhu şad olsun!

Elçin Qurbanov

Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi