Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı və qurucusu

628

Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı qurucusu

Xalqımızın Ümummilli Lideri, dahi və müdrik Şəxsiyyət, dünya şöhrətli siyasətçi… Nə qədər ifadə etsək belə, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması, təməllərinin möhkəmləndirilməsi, inkişafı, tərəqqisi, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi əvəzsiz xidmətləri, qətiyyətli fədakarlığı, dönməz mübarizliyi barədə danışmaq yetərsizdir. Çünki Ulu Öndərin atdığı hər bir tarixi addımı bilavasitə bir amala – Azərbaycan dövlətinin və xalqının müstəqillik məfkurəsinin yaradılmasına yönəlmişdi. Əbəs deyil ki, bu dahi Şəxsiyyət Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib və biz, bu tarixi məqamların təhlilini apardıqca, hər dəfə yeni şərəf səhifəsini açmış oluruq.

Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı demək olar ki, müqəddəratı həll olunmuş xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz bu dahi Şəxsiyyət – Ulu Öndər Heydər Əliyev oldu. O zaman Ümummilli Liderimiz Moskvada, Kremldə xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qanlı təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri ən sərt şəkildə ittiham etdi, qoşunların Bakıdan çıxarılması tələbini irəli sürərək, bütün dünyaya qanlı yanvar olayları ilə bağlı səs saldı. SSRİ-nin hələ də mövcud olduğu bir vaxtda amansız, qəddar, xalqımızın qanına susamış rejimə açıq şəkildə, özü də mərkəzində (!) etiraz etmək sözün əsl mənasında qorxmazlıq, tükənməz hünər və dönməz cəsarət tələb edirdi. Məhz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, bu addımı atdı, hər şeydən əvvəl Vətən, xalq qarşısında öz vətəndaşlıq və milli mövqe missiyasını həyata keçirdi və bu yolda hətta canını əsirgəməyəcəyi gerçəkliyini ortaya qoymuş oldu. Əgər həmin tarixi bəyanat olmasa idi, xalqımız və dövlətimiz sözün həqiqi mənasında daha ağır məşəqqətlərə uğraya, hətta öz müstəqilliyini belə, elan edə bilməzdi. Bu, bir aksiomadır və onu danmaq sadəcə, mümkün deyil.

Heydər Əliyev sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də Ulu Öndər Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər. Onun 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Xəyanətə yol vermiş mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, naxçıvanlılar qısa müddətdə dahi şəxsiyyəti özlərinə rəhbər seçdilər, onun ətrafında sıx birləşdilər. Ulu Öndər Heydər Əliyev doğma torpağa gəlişi ilə insanların sabaha inamını özlərinə qaytardı, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Məhz Naxçıvanda bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatı – Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və məhz Naxçıvanda üçrəngli bayrağımız dövlət rəmzi olaraq qəbul olundu. Ümumiyyətlə, Heydər Əliyevin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrildi. O cümlədən, böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Ulu Öndərin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Lakin 1993-cü ilə qədər baş verənlərə qayıdarsaq, daha dəqiq desək, SSRİ qoşunları Bakıdan çıxarıldıqdan sonra, 1991-ci ilin oktyabrında müstəqillik aktının qəbul olunmasının təhlilini apararsaq, bu dövrə qədər keçilmiş yolun nə qədər əziyyətli, məşəqqətli olduğunu görüərik. Çünki əldə edilən müstəqilliyi qoruyub-saxlamaq faktoru həmin dövlərdə ölkəyə rəhbərlik edən hakimiyyətlər tərəfindən ciddiyə alınmamışdı. Xalqımızın uzun illə həsrətində olduğu müstəqilliyi elə ilk illərdəcə çox böyük çətinliklərə, bəlalara düçar oldu. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o dövrdəki naşı hakimiyyətin siyasi səriştəsizliyi müstəqilliyimizi yenidən itirmə təhlükəsi ilə qarşı-qarşısıya qoydu, hətta ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratdı. Bir tərəfdən təcavüzkar Ermənistanın Azərbaycana qarşı iddiaları, bu iddiaları çərçivəsində torpaqlarımızın bir hissəsini işğal etməsi, digər tərəfdən isə hakimiyyət daxilində siyasi çəkişmələr, eləcə də bölgələrimizdə separatçılıq meyllərinin cücərməsi ölkəmizi hər gün, hətta saatba-saat qaranlıq uçuruma doğru sürükləyirdi. Siyasi böhranla yanaşı, hökm sürən iqtisadi böhran, ərzaq qıtlığı, insanların çətin sosial durumu vəziyyəti hər gün daha da gərginləşdirirdi.

Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. “HEYDƏR XALQ-XALQ HEYDƏR!” tarixi şüarı də məhz o məqamlarda Azərbayca xalqının birmənalı şüarına çevrildi. Nəticədə bu şüar bir reallığa çevrildi və onun qarşısının alınmasna yönəlmiş bütün cəhdlər darmadağın edildi – 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin Naxşıvandan Bakıya gələrək, yenidən hakimiyyətə qayıdışı müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində çətin işləri həyata keçirməyə başladı və bütün bunlar əməli şəkildə reallaşdırıldı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı. Məhz bu siyasətin həyata keçirilməsi ilə dahi Şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.

İlkin çətinliklər geridə qoyulduqdan və ölkə üçün çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni – açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu. Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac var.

Ulu Önndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

Ümummilli Lider Heydər Əliyevin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də ölkə regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsi oldu. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Regionların inkişafı istiqamətində qəbul edilən mühüm qərarlar və bu qərarlardan doğan vəzifələr ardıcıllıqla həyata keçirilir, artıq əsas diqqətlərdən biri də paytaxtımızdan bölgələrimizə doğru yönəlnməyə başlandı. Çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev tez-tez rayon və bölgələrimizə səfərlər edir, aparılan işlərlə yaxından maraqlanır, əhali ilə yaxından təmaslarda olur, problemləri dinləyib, onların yerindəcə həll edilməsinə tapşırıqlarını verirdi.
XX əsrdə xalqımızın mədəni və milli mənəviyyatının qorunmasında, inkişaf etdirilməsi həyatında yeni bir dövr başlamışdı. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. O, deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Ulu Öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirildi.

Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilmişdir. Ümummilli Lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Ulu Öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşmışdı. Diaspor təşkilatlarına öz tövsiyələrini verən Ulu Öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirmişdi. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir. O, öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə almışdı. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli bayramları sırasına bir möhtəşəm tarix də əlavə olundu: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Müstəqil Azərbaycan dövlətçiliyi üçün əlamətdar olan bu günün müəllifi də xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir… Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”.
Beləliklə, son olaraq daha bir nüansı da qeyd etmək istərdim ki, yuxarıda qeyd olunanlar Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlərin çox cüzi bir hissəsinin mənzərəsi idi. Bu gün Ulu Öndərimiz bizim aramızda cismən olmasa da, Onun əbədi ideyaları hər birimizin qəlbində yaşamaqdadır. Eyni zamanda, bu ideyalar məhz Onun layiqli davamçısı, siyasi varisi, Prezident İlham Əliyev cənablları tərəfindən uğurla, qətiyyətlə, məqsədyönlü şəkildə reallaşdırmaqdadır. Azərbaycan xalqı da əbədiyaşar Liderinin ideya və arzularını Cənab İlham Əliyevin ətrafında daha sıx birləşməklə yaşadacaq, həyata keçirəcəkdir.

 

Əhməd Əhmədzadə

Baş nazirin müşaviri