Vətəndaşlar dəniz uğrunda “döyüşə” dəvət olunur – Çimərlik oyunları…

1356

Yayın sonuna doğru, nəhayət ki, bir neçə ay əvvəl vəd edilmiş çimərliklərdə onlayn sifariş sisteminin işə başlandığı elan edildi. Texnologiyanın cimerlik.az portalı əsasında test rejimində işə başladığı bildirildi. Deyirdilər, bu resursda vətəndaşlar çimərliklər seçib, onlayn olaraq 1500 yer sifariş edə biləcəklər. Planlar bir gecədə dəyişdi.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində birdən-birə belə bir texnologiyanın işləməyəcəyi ortaya çıxdı və “ASAN xidmət”in vəd etdiyi, istifadəyə hazır yenilik, nədənsə ləğv edildi. Uzaqdan sifariş sisteminin üstünlükləri və turist axınının tənzimlənməsinə necə kömək edəcəyi barədə bir az əvvəl danışan “ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev gözlənilməz bir açıqlama verdi: onlayn rezervasya ləğv edilir, avqustun 5-də fəaliyyətə başlamış www.cimerlik.az veb-saytı isə ancaq məlumatlandırma məqsədi daşıyır.

Onun sözlərinə görə, real vaxtda bu resursda Bakı və Sumqayıtın yüz və ya daha çox çimərliyin tutumu və ünvanları da daxil olmaqla hər şeyi tapa bilərsiniz. Çimərliyin dolub-dolmadığı sualına isə yaşıl, qırmızı və sarı rənglər vasitəsilə cavab tapılacaq.

Maraqlıdır ki, bu yaxınlarda elə həmin məmur Bakı çimərliklərində yer sifariş etmək üçün, demək olar ki, hazır (?!) sistemin üstünlüklərindən danışırdı. Amma indi, qəfildən bu sistemin niyə ləğv edilməsini izah edən yoxdur. Bir müddət əvvəl bizimlə söhbətdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə bir məlumat sisteminin ASAN tərəfindən hazırlandığını etiraf etmiş, lakin ciddi problemlərə işarə edərək, bu sturkturu belə rəqəmsal layihələrin inkişafı ilə yükləməyin səhv olduğunu qeyd etmişdi.

Vətəndaşların özlərinə gəldikdə, sıravi azərbaycanlılar çimərliklərə qəbul sisteminin istifadəyə verilməsi xəbərini açıq məyusluqla qarşıladılar. İnsanlar 1500 yerin çimərliklərə tamarzı qalan insanlar üçün dənizdə bir damla olduğundan şikayətləndilər. Rezervasyiya sisteminin ləğvi də müəyyən suallar yaradır. “Bir çimərliyin tutumu 500 nəfərdirsə, o zaman 501-ci tətilçi oraya buraxılmayacaq” xəbərdarlığının qarşısında günəş altında öz yerini tutmağa çalışan, lakin deyilən limitə sığmayan insanlar nə etməlidirlər? Hazırcavab Ülvi Mehdiyev dedi ki, onlara başqa bir çimərliyə getmək təklif ediləcək. Bu isə, “özün öz başına çarə qıl” anlamına gəlir.

Bizə etiraz edə bilərlər – çimərliklərin dolması vəziyyətini cimerlik.az portalından onlayn olaraq öyrənə bilərsiniz və nəhayət xidmətin mobil versiyası hazırlanıb. Ancaq internetin mövcud (dəhşətli!) keyfiyyətini nəzərə alsaq, bu mobil tətbiq vasitəsilə tam dolu olmayan bir çimərlik seçməyinizə baxmayaraq, finişə çatanda yerlərin tam dolmayacağına zəmanət yoxdur. Azərbaycanda mobil internet bahalı bir xidmətdir və yolda onun vasitəsilə çimərlik tətili şanslarını qiymətləndirmək imkanı heç də hamıya verilmir. Amma ASAN rəhbəri əmindir ki, mobil tətbiq üzmək həvəskarlarına çimərliklərdəki vəziyyəti əvvəlcədən öyrənməyə, müəyyən bir çimərlik ərazisini ziyarət edən və tərk edənlərin sayı barədə məlumat almağa imkan verəcək.

Qurumdan verilən məlumata görə, 1000 ASAN könüllüsü çimərliklərdə qurulmuş qaydalara nəzarət edəcək. Dənizə getməzdən əvvəl cimerlik.az saytı vasitəsilə girişin azad olub-olmamasından əmin olun. Nəzarətçilərin gözündən yayınaraq, içəri keçmək ümidlərinizi dərhal unutmaq daha yaxşıdır, çünki giriş və çıxışda yalnız ASAN könüllülərinin dayandığı müəyyən edilmiş yerlərdə çimərliklərə girib-çıxa bilərsiniz.

“Yalnız lazım olan şeyləri çimərliyə gətirmək” tələbi də tamamilə aydın deyil – qaydaların müəllifləri hansı əşyaların zəruru olduğunu dəqiqləşdirmirlər. Hər kəsin bu məsələyə öz yanaşması var.

Giriş və çıxışda isə əhali “orada yerləşdirilən dezinfeksiyaedici məhlullardan istifadə etməli” olacaqlar. Xüsusilə, soyunub-geyinmə otaqlarında və sanitar qovşaqlarda sosial məsafənin və təmizliyin qorunmasına xüsusi diqqət yetiriləcək.

Çimərlikdə dincəlməyə, yalnız xüsusi iplərlə ayrılmış ərazilərdə icazə verilir. İstirahət edənlərə sosial məsafəyə riayət edilməsi və çimərliklərin kuratorlarının bütün tələblərinə ciddi riayət edilməsi barədə xəbərdarlıq edilib. Təəccüblü deyil ki, bütün bu deyilənlər ziyarətçilərin sayını azaldacaq və heç də hamı dənizdə dincələ bilməyəcək. Sosial media istifadəçiləri yazırlar ki, Xəzər sahillərinin çox hissəsi villalar və sahildəki obyektlərin sahibləri tərəfindən tutulub və hasarlanıb.

İnsanlar təəccüblənirlər ki, geniş çimərliklərdən qalan kiçik ərazilərdə sosial məsafənin gözlənilməsinə ciddi fikir verən orqanlar, bir vaxtlar sahil ərazilərinin ələ keçirilməsini qadağan edən qanunvericiliyin işləməsinə niyə diqqət yetirməyib? Belə şəraitdə, bugünkü qadağaları da nəzərə alsaq, belə çıxır ki, indi vətəndaşlar çimərlik mövsümünün sonunda sahildə qalan az miqdarda yerlərdə istirahət etmək üçün yarışmalıdırlar. Axı, bir aydan sonra isti Bakı yayı tədricən payıza çevriləcək və bizə ancaq hasarları dənizə dirənən villa sahiblərinin sakinləri üçün “sevinmək” qalacaq…