“Ölkə.Az” xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova ATV-də yayımlanan “Ən yaxşısı” proqramında qonaq olarkən söyləyib. Sənətçi qalmaqallı mövzu ilə əlaqədər fikirlərini müğənni Afət Fərmanqızı ilə başlayıb, söz yazarı, jurnalist Ülviyyə Alovlu ilə davam etdirib. F.Kərimova ikilini məhkəməyə verdiyini açıqlayıb:
“Afəti də məhkəməyə verirəm. Sadəcə o qədər söyür ki, yazdıqları ərizəyə sığmır. Mənim günümə bax, 78 yaşımda məhkəmələrdə qalmışam. Həyat yolumla, yaşımla, sənətimlə söz demək yaşına çatmışam. Afət, mən sənə nə dedim? Dedim ki, Nəsiminin qəzəlini belə oxumaq olmaz. Çünki Nəsimi bu millətin dəyəridir. Bir şəkilim var “Qanun naminə” filmindən, vannada, boğazıma qədər bağlıyam. Onu əzbərləyib deyir ki, lüt vannada çəkilib. Mən vannaya girəndə paltarda olmuşam. Boğaza qədər də üzərim güllərlə örtülüb. Sən özün elə bir paltarda oturub, “Dolya vorovskaya” oxuyursan. Ayıb deyilmi? Ünvanıma ağzına gələni söylədi.
Ülviyyə Alovlunu da məhkəmədə uddum. O da mənə ağzına gələni dedi, onu da verdim məhkəməyə. Ekspertiza palaz boyda söylədiklərinə rəy verib. Ayın 20-si məhkəmədir. Onlar məni söyəcəklər, mən də deyəcəyəm ki, əcəb edirsən?”
Qalmaqallı olayın əslini gün üzünə çıxartmaq üçün Oxu.Az-ın əməkdaşı müğənni Afət Fərmanqızı ilə əlaqə saxlayıb. Sənətçi onu dəfələrlə təhqir edən Xalq artistini məhkəməyə verdiyini açıqlayaraq, qarşı tərəfə sərt ismarıclar ünvanlayıb:
“Flora Kərimovanın mənə ünvanladığı təhqirlərə görə məhkəməyə vermişəm. Yaxın zamanda məhkəmənin çıxartdığı qərarı açıqlayacağam. Hamı başa düşəcək ki, bu ölkədə qanun şahdır, şah qanun deyil. Flora xanım bizim sevimli sənətkarımızdır. Sənətinə də, yaşına da hörmətim olub. Ömür boyu da tənqid edib, qəbul etmişəm. Mənim üçün təhqir edənin fərqi yoxdur. Kimliyindən asılı olmayaraq, məni təhqir edənin cavabın verəcəyəm. Elə bir qanun varmı ki, sənətkarın insanları təhqir etməyə ixtiyarı çatsın?
Mənə deyir ki, “Oğlun utanmır sənin kimi anadan? O pulu sənə nəyə görə veriblər? Qadının mənliyi olar”. Ay bədbəxt, ay aciz, sən mənim ictimai nüfuzuma zərər gətirmisən. Xalqın gözündən düşüb, el şənliklərim azala bilərdi. Xalqın qadasın alım, onlar məni dəstəklədikləri üçün toylarım daha da çoxalıb. Amma əksinə də ola bilərdi. Xalq ona bilirsiz, hansı ifadələrindən sonra inanmadı? Çıxıb dedi ki, “Ailə üzvlərinizin sidiyini atmayın, yığın, için”. Onun bu danışığı anormaldır.
Çıxır Röya Ayxana, Faiq Ağayevə, xalqın sevimli sənətkarı Zeynəb Xanlarovaya söz atır. Ölkədə bunun bir dənə söz atmadığı insan mən qalmışdım. Yenə də deyirəm, tənqid etsin, amma təhqirə heç kim yol verə bilməz. Sən söylədin ki, Nəsimini niyə oxumusan? Cavab olaraq dedim ki, əcəb edib, oxumuşam. Sən isə çıxıb dedin ki, “ay mənliksiz”…
Məhkəməyə əlimdə olan faktları və dəlilləri göndərdim. Vəkillə müqaviləni imzaladım. Artıq iş başlayıb”.
F.Kərimovanın əlindən qan ağlayan A.Fərmanqızı bununla da sakitləşmədi, o daha da dərinə gedərək, arxivləri bir-bir vərəqləyib, faktlar və sübutlarla danışdı:
“Mənə deyir ki, “sən uşaq cəlladısan, kişilər artığısan”. Bu sözlərə görə niyə onu məhkəməyə verməli deyiləm? Sənin yıxdığın evlər, sənin gözuyaşlı qoyduğun ailələr var. Bakı balaca şəhərdir. Hamının hər şeydən xəbəri var. Zamanında bu şeyləri sən etmisən. Sən mənə irad tutacaq ən axırıncı adamsan. Sən bunu mənə irad tuta bilməzsən. Subay qadınam, həyatımda kişi ola da bilər, olmaya da… Kim mənə belə şeylər deyərsə, qələt edər”.
Məhkəmədən hansı təzminatı istəyəcəksiz sualına Afətin cavabı sərt oldu:
“Flora xanımdan pul müqabilində təzminat istəmirəm. Şərəf və ləyaqətimi alçaltdığına görə, ona ən ciddi cəzanın verilməsini istəyəcəyəm. Bu işimdə sonuna kimi gedəcəyəm. Bağışlamaq fikrim də yoxdur. Onu əvvəllər mənim ünvanıma işlətdiyi xoşagəlməz sözlərə görə məhkəməyə vermək istəyəndə dedilər ki, yaşlı insandır, lazım deyil. Onun sənətini çox istəyirəm. Dedim sənətkardır, deyibsə də, sonra peşman olar. Çıxır efirə, haqqımda ağzına gələni danışır.
Nəsiminin qəzəlini əcəb edib oxumuşam, sən də “it qapar” məni oxumusan. Sən oxuduğun o nə mahnıdır? Mən ermənidən mahnı ifa etməmişəm ki, sən məni oturub tənqid edəsən. Öz dahi şairimizdən oxumuşam. Mən müdafiə olunmuşam.
Flora xanım deyir ki, guya o məni tənqid edib, mən isə onu təhqir etmişəm. Mən də əlimdəki sübutları dəlilləri məhkəməyə təqdim etmişəm ki, baxıb qərar versinlər, onun mənə dedikləri tənqiddir, yoxsa təhqir”.