İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında “müavin” qalmaqalı

578

İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında “müavin” qalmaqalı

Sabiq Müsavat başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Milli  Şuranın üzvü, keçmiş deputat Gültəkin  Hacıbəyliyini aralarında keçən şəxsi söhbəti ictimailəşdirməsinə görə qınayıb. “Qafqazinfo” xəbər verir ki, İ. Qəmbərin sözlərinə görə, Azərbaycan ictimai-siyasi arenasında ən çox tənqid olunan- haqlı ya haqsız, səmimi ya qərəzli şəxslərdən biri Gültəkin Hacıbəylidir:

“İradlar demokratik düşərgədən gələndə Gültəkin xanımın cavab üçün istifadə etdiyi əsas arqumentlərdən biri də təxminən belə olur. “Müsavat başqanı Isa Qəmbər mənə təkidlə partiyanın beynəlxalq siyasət üzrə başqan müavini postunu təklif edib 2013-cü ilin payızında, mən imtina etmişəm”. Gültəkin xanım məram və niyyətlərin dəqiqləşdirilməsi üçün edilən söhbəti “təkidli təklif” kimi dəyərləndirirsə, mübahisə etməyəcəm. İki nəfər arasında söhbətin elə yalnız iki də şahidi var. Məncə aydın məsələdir ki, kiməsə vəzifə təklif etmək onu toxunulmaz etmir, tənqiddən təminat vermir. Bu mövzuda diskussiyalıq bir şey yoxdur. Başqa bir məqamı vurğulamaq istəyirəm. Hörmətli Gültəkin xanım, mən sizə xarici siyasət üzrə müavin vəzifəsini təklif etmişəmsə də, hər halda daxili siyasət üzrə müavin vəzifəsi təklif etməmişəm. İndi də düşünürəm ki, siz özünüzün bilavasitə funksiyalarınızı həyata keçirməklə yanaşı, daha toparlayıcı mövqe tutsanız, təmsil etdiyiniz quruma və bütövlükdə demokratik düşərgəyə daha çox fayda gətirmiş olarsınız.”

Milli Şuranın üzvü G. Hacıbəyli isə İ. Qəmbərin iradına şəxsi feysbuk səhifəsində münasibət bildirib:  

“Hörmətli İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat partiyasının Beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir. Birincisi, mən bu təklifə görə İsə bəyə bir daha təşəkkür edirəm, onu yüksək dəyərləndirirəm, çünki Müsavat Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazmış partiyanın adıdır.
İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib. Siyasətdə belə təkliflər də, imtinalar da çox olur və bu normal haldır. İkincisi, hər şeyə rəğmən İsa bəyin bu faktı etiraf etməsi onun səviyyəsinin göstəricisidir, çünki, təəssüf ki, Azərbaycan siyasətində heç də hamı bu keyfiyyətilə fərqlənmir, əksinə, vaxtilə məni öz təşkilatlarına dəvət edən bəziləri indi bunun əksini iddia edərək üzümə dururlar ki, guya mən hətta heç bir strukturu olmayan, ikinci kurs tələbələrinin belə qoşulmaqdan imtina etdiyi və 5-6 nəfər üzvü olan təşkilatda “sobesedovaniyadan” keçməmişəm. Heyf ki, çox şeyləri demək olmur…

İsa bəy onda da haqlıdır ki, iki nəfər arasında olan söhbət ictimailəşməməlidir və mən həyatım boyu belə davranmışam. Düzdür, İsa bəyin təklifi şəxsi söhbət deyildi, ən böyük müxalifət partiyalarından birinin idarəetməsiylə bağlı idi, amma mən yenə də bu söhbəti açmadım, ən doğma bildiyim insanlardan, məsələn, Cəmil müəllimdən başqa illərlə heç kimlə bölüşmədim. Hörmətli İsa bəy, mən bunu istəmirdim və etməzdim də, məni bu söhbəti ictimailəşdirməyə müsavatçılar məcbur etdi. Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız. Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səsiylə Milli Şuranın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir”-deyə Hacıbəyli  vurğulayıb.