Bu gün parlament buraxılacaq

300

Azərbaycan uzun müddətli seçki zolağına daxil olur; qışda keçirilən seçki təbliğat kampaniyasına necə təsir edəcək?..

Dekabrın 2-də Milli Məclisin iclası keçiriləcək. İclasda parlamentin buraxılması barədə məsələ  müzakirəyə çıxarılacaq. Bunu Milli Məclisin ötən həftənin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

Əsədov deyib ki, Milli Məclisin 2 dekabra təyin olunan iclasının gündəliyində YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Milli Məclisin qərar verməsi reallaşdıqdan sonra prezidentin yeni seçkilər təyin etməsi gözlənilir. Əksər siyasətçilər və seçki mütəxəssislərinin hesablamalarına görə, növbədənkənar parlament seçkiləri fevral ayında olacaq. Bu isə o deməkdir ki, seçki qışın sərt dövründə keçiriləcək. Azərbaycanda parlament və prezident seçkiləri həmişə ilin mülayim havalarla müşayiət olunan aylarında keçirilib. Bəs, qış ayında seçkilər seçici aktivliyinə, seçki kampaniyasını aparmağa mənfi təsir edərmi? Yoxsa heç bir fərq etməz?

Siyasi analitik, seçki mütəxəssisi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, seçkilərin nə vaxt keçiriləcəyi parlamentin buraxılması ilə bağlı müvafiq qərar qəbul olunduqdan sonra bəlli olacaq. İndidən heç kim dəqiq deyə bilməz ki, seçki məhz fevralda olacaq: “Məlum olduğu kimi, dekabrın 23-də ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Daha sonra rəsmi nəticələr elan olunmalı və təsdiqlənməlidir. Seçki Məcəlləsində bu prosedurlarla bağlı konkret müddət nəzərdə tutulub. Mərkəzi Seçki Komissiyası ən geci 20 gün ərzində seçkilərin rəsmi nəticələrini elan etməlidir. Qanunvericilikdə yalnız son hədd nəzərdə tutulduğu üçün MSK seçkinin nəticələrini seçkidən 2-3 gün sonra da elan edə bilər. Prinsip etibarilə bələdiyyə seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra-hesab edək ki, bu dekabrın 26-27-də baş verəcək-parlament seçkilərinin keçirilməsi üçün gərəkli olan 60 günlük müddət hesablana bilər. Onu da qeyd edim ki, hər ilin yanvar ayında müvafiq seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirirlər. Bu, olduqca çətin, zəhmət, işçi qüvvəsi tələb edən bir prosesdir. Amma məcəllədə qeyd olunmayıb ki, seçki keçirildiyi zaman seçici siyahılarını dəqiqləşdirmək olmaz. Yəni belə bir məsuliyyət yoxdur. Həm parlament seçkilərinə hazırlıq, həm seçici siyahılarının dəqiqləşdirilməsi, parlament seçkiləri ilə bağlı prosedurların eyni vaxtda həyata keçirilməsi çox çətin olacaq. Odur ki, nəzəri baxımdan seçkilərin martın 1-də, bazar günü keçirilməsi mümkündür”.

Ekspert qeyd etdi ki, seçkilərin qışda keçirilməsinin isə namizədlərə ciddi problemlər yaradacağı, seçki kampaniyasına, seçici aktivliyinə mənfi təsir edəcəyi gözlənilmir: “Seçkilər hava proqnozu ilə keçirilmir. Həmçinin ölkəmizin iqliminin nəzərə alsaq, Azərbaycanda yanvar və fevral aylarında hava noyabr və dekabr aylarından fərqlənməyə də bilər. Qənaətimə görə, hava ilə bağlı məsələ seçkilərin məsələn, martın 1-də keçirilməsinə qarşı irəli sürülə biləcək ən son iddiadır və indiki halda oynaya bilməyənin yerin darlığından şikayətinə bənzəyir”.

Qeyd olunduğu kimi, Azərbaycanda hazırda da seçki kampaniyası gedir. Hazırkı bələdiyyə seçkiləri kampaniyasının ardınca daha böyük seçki kampaniyası başlayacaq. Beləliklə, ölkəmiz ciddi və uzun müddətli seçki zolağına daxil olub.

Ermənistan bundan öz çirkin məqsədləri üçün istifadə edib atəşkəsi pozmağa cəhd edə bilə, təxribatlara ələ atarmı?

Elçin Mirzəbəyli bildirdi ki, Ermənistan istənilən vaxt təxribata əl ata bilər. Amma bu, təkcə rəsmi İrəvanın iradəsindən asılı olan məsələ deyil. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısını almaq, sabitliyi qorumaq, təhlükəsizliyi təmin etmək gücündədir”.

Siyasi analitik Şahin Cəfərli isə növbədənkənar parlament seçkilərinin fevralda və ya martda keçiriləcəyi halda beş il sonrakı seçkinin 2025-ci ilin aprelində keçirilməli olan prezident seçkiləri ilə demək olar ki, üst-üstə düşə biləcəyi, bu durumun isə necə aradan qaldırılmasının mümkünlüyü barədə sosial mediada yazıb: “2016-cı ilin sentyabrında keçirilmiş konstitusiya referendumu ilə prezidentə 2 mühüm hüquq verilib: birincisi, Milli Məclisin buraxılması, digəri növbədənkənar prezident seçkilərinin elan edilməsi. Məlum olduğu kimi, prezident artıq parlamenti buraxmaq hüququndan istifadə etməyə qərar verib. Gələn il isə, parlament seçkilərindən sonra, böyük ehtimalla növbədənkənar prezident seçkiləri elan edilə bilər”.