“Sevinirdi ki, Elçibəy xəstələnib öləcək, bu da onun yerinə keçəcək” — Prezident

677
“Sevinirdi ki, Elçibəy xəstələnib öləcək, bu da onun yerinə keçəcək” — Prezident

“Bu gün, noyabrın 21-i Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması günüdür. Çünki o vaxt özünü demokrat adlandıran, hakimiyyəti qanunsuz yollarla zəbt etmiş satqın AXC-Müsavat hakimiyyəti imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Preizdent İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Ölkə başçısı həmn dövrdə baş verənlərdən söz açıb:

“Vətənpərvər insanlar, Heydər Əliyevi dəstəkləyən insanlar, ziyalılar Naxçıvana gedib soyuq, işıqsız şəraitdə, – hər on dəqiqədən bir işıqlar kəsilirdi, – Yeni Azərbaycan Partiyasını təsis etdilər. Artıq Azərbaycanın yeni dövrü başlamışdır. Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki, Sovet İttifaqı çökür, ondan sonra bunu etdilər.

Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın.
Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi.

Başqa cür ola da bilməzdi. Çünki baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, – bağışlayın sözümə görə, – belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Baş nazir, – o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu Baş nazir idi. Parlamentin sədri, – o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı? Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, – özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”.