Xəzərin səviyyəsinin artması nəticəsində böyük ərazilər su altında qalıb

658

Xəzərin səviyyəsinin artması nəticəsində böyük ərazilər su altında qalıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu Xəzər dənizinin səviyyəsi ilə bağlı gözlənilən proqnozu açıqlayıb.

“Ölkə.Az” xəbər verir ki, institutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə bildirib. O, açıqlamasında bildirib ki, Xəzər dənizi səviyəsinin dəyişməsinin, o cümlədən 1978-1996-cı illərdə səviyyənin artmasının əsas səbəbi iqlim amilidir. Göstərilən dövrdə səviyyə 2,5 m qalxıb, Azərbaycanın sosial-iqtisadi həyatına 2,2 milyard ABŞ dolları civarında ziyan dəyib. Xəzərin səviyyəsinin artması nəticəsində 48,5 min ha torpaq su altında qalıb, böyuk ərazilərdə qrunt sularının səviyyəsi qalxıb.

R.Məmmədov əlavə edib ki, iqlim modellərinin verdiyi proqnozlara görə, Yer kürəsində rütubətli ərazilərdə yağıntının miqdarı artacaq, quraq-arid ərazilərdə isə azalacaq:

“Bu, o deməkdir ki, dənizə axan əsas çayın – Volqanın suyu artacaq. Nəticədə dənizin səviyyəsinin qalxma ehtimalı var. Ancaq nəzərə almaq lazımdır ki, Xəzər dənizinin güzgü əksi quraq zonadır.

İqlim modellərinin verdiyi proqnozlara görə, bu zonalarda buxarlanma da çoxalacaq. Bu iki amilin birgə təsiri səviyyə dəyişmələrində ekstremal hallarının ehtimalının az olduğunu göstərir. Buna görə də səviyyə nisbətən kiçik amplituda ilə dəyişəcək”.

R.Məmmədov bunu da əlavə edib ki, yağıntıların azalması çayların sularının 10-15 % azalmasına gətirib. Əsas azsulu illər 1995-2000, çoxsulu illər isə 2002-2003 və 2010-cu illər olub:

Su resurslarının dəyişməsinə ən həssas reaksiya verən sahələr energetika, kənd təsərrüfatı və içməli su ilə təminatdır. Hesablamalar göstərir ki, iqlim dəyişmələri səbəbindən çayların suyu azaldıqda Hidro-elektrik Stansiyada (HES) elektrik enerjisinin istehsalı 15-20 % azalacaq”.