Ulu Öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması

1045

Ulu Öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması

Azərbaycan dünyada zəngin təbii sərvətlərə malik ölkələrdən biridir. Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətlərdən biri olan neftdən yalnız XX əsrin sonralarında – dövlət müstəqilliyini bərpa etdikdən sonra tam bəhrələnmək imkanı əldə edib. Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyası və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. Neft strategiyası ölkəmizin təbii sərvətlərindən xalqımızın bəhrələnməsini təmin etdisə, neft diplomatiyası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı. Bu isə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artması demək idi.

Görkəmli dövlət xadimi çox qısa müddətdə elə bir strategiya və diplomatiya ərsəyə gətirdi ki, hətta Azərbaycanın bədxahları da onun dühası, uzaqgörən siyasəti qarşısında aciz qaldıqlarını etiraf etdilər. Həmin strategiya ölkəmizin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin də qarantına çevrildi. Sonralar “Əsrin müqaviləsi” adlandırılan Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənməsi məqsədi ilə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişində, demək olar ki, dünyanın bütün qütbləri iştirak edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə adı çəkilən sazişi imzalamış beynəlxalq konsorsiumdakı şirkətlər elə ölkələri təmsil edirdilər ki, həmin dövlətlər regionda sülhün və sabitliyin növbəti dəfə pozulmasına qətiyyən yol verməzdilər. Halbuki, müqavilənin imzalanmasından cəmi bir il əvvəl Azərbaycanın qalan ərazilərinin də işğal və ya ilhaq ediləcəyi barədə təhdidlər eşidir, dövlət müstəqilliyimizin növbəti dəfə itiriləcəyi təhlükəsinin həyəcanını yaşayırdıq. Ümummilli Lider dünya şirkətləri ilə möhtəşəm neft sazişini imzalamaqla həm Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaratdı, həm dövlət müstəqilliyinin əbədiləşdirilməsinə nail oldu. Bununla yanaşı, canı qədər sevdiyi ölkəsinin, xalqının uzunmüddətli sosial rifahının gündən-günə yaxşılaşması üçün əsaslı iqtisadi bazanın formalaşmasını təmin etdi.

Bəlkə bu gün ölkəmizdəki dayanıqlı ictimai-siyasi sabitlik, sürətli iqtisadi inkişaf fonunda çoxumuz keçmişdə baş verən siyasi, iqtisadi kataklizmlərdə yaranan dəhşətli təhlükələr zamanı düzgün qərar verməyin, doğru yolu seçməyin nə qədər çətin olduğunu anlaya bilmirik. Təbii ki, hər tərəfin, necə deyərlər, qatı dumana büründüyü zamanlarda seçilən düzgün yolun əhəmiyyəti, aydınlıqda seçiləndən qat-qat çətin və məsuliyyətlidir. Dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə də ölkəmiz məhz qaranlığa qərq olmuş tənha adaya bənzəyirdi. Hər kəs Azərbaycanda neft və qaz hasilatının artırılmasını ölkədə iqtisadi və sosial çətinlikləri aradan qaldırmağın əsas yolu kimi görürdü. Ancaq hasilatı necə artırmaq olardı? Bir tərəfdən, bu məqsədi reallaşdırmaq üçün maliyyə imkanları yox idi, başqa bir tərəfdən Ermənistanın Azərbaycana qarşı hərbi, siyasi, iqtisadi təcavüzü davam edirdi, digər tərəfdən isə ölkəni bürümüş daxili ziddiyyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirirdi. Bundan başqa, xarici neft şirkətləri ilə danışıq aparan mütəxəssislər Azərbaycanın maraqlarının təmin edilməsinə nail ola bilmirdilər.

Onu da deyək ki, Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin sonlarından aparılan danışıqlar 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o, nəinki xalqın mənafelərini nəzərə almır, hətta imzalanacağı təqdirdə ölkənin qiymətli təbii sərvətinin talan ediləcəyinə imkan yaradacaq, nəticədə iqtisadiyyatımıza böyük ziyan vurulacaqdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

Dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən böyük silahdaşı məhz o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf edib. Həmin vaxtlarda cənab İlham Əliyev Azərbaycanda həyata keçirilən enerji layihələrinin ölkəmizin gələcək inkişafındakı rolunu belə qiymətləndirib: “Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaqdır. Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcəkdir. Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir. Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır. Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacaqdır. Azərbaycan neft satışından milyardlarla dollar götürəcəkdir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan verəcəkdir. Nəticədə, güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcəkdir”. Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi. Bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. “Azəri-Çıraq-Günəşli” yataqlarından hasilat isə 20 il əvvəl – 1997-ci ilin noyabr ayında başladı. “Əsrin müqaviləsi”nin imzalanması mərasimində ulu öndər Heydər Əliyev bu tarixi hadisəyə qiymət verərək deyib: “Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər”.

Bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə, Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.

Fətulla Mustafayev 

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini

 

Hazırladı: Baş direktor Ruslan Həsənov Şamməd oğlu

Tel.: 050-299-78-84; 070-200-33-85