Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafı Ulu Öndərimiz Heydər Əliyev adı ilə bağlıdır

844

Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafı Ulu Öndərimiz Heydər Əliyev adı ilə bağlıdır

Ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsi xalqımızın inkişaf yoluna daim nur çiləyir. Heç şübhəsiz ki, gələcək nəsillər də bu dühanın aydın, parlaq ideyalarından qidalanaraq Azərbaycan Respublikasının müstəqilliyini əbədi edəcək, dünya birliyində dövlətimizin mövqeyini daha da möhkəmləndirəcəklər.

Heydər Əliyevin rəhbərliyi altında işləmək, onun yaratdığı idarəetmə məktəbinin müdavimi olmaq böyük səadətdir. Belə səadətə nəsib olduğum üçün Tanrıya minnətdaram. Həyatımızın elə bir sahəsi yox idi ki, bu dahi insan onunla maraqlanıb, ortaya çıxan problemləri yoluna qoymasın. Elə götürək, meliorasiya və irriqasiya işlərini. Ölkəmizdə bu sahəyə maraq hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, meliorasiya və irriqasiya işlərinin inkişaf edərək, geniş miqyasda vüsət tapması 1969 — 1982-ci illərə, yəni unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrə təsadüf edir.

Həmin illərdə cənab Heydər Əliyevin şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə meliorasiya və su təsərrüfatında böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat, layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı sahəsi, su axımını bölüşdürən, tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və çoxsaylı su tutar anbarlardan ibarət etibarlı meliorasiya və su təsərrüfatı kompleksi yaradılmış, ölkədə suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfə artmışdır.

Ötən əsrin 70-80-ci illərində meliorasiya və su təsərrüfatı sahəsinə 2 dəfədən çox vəsait qoyulmuş, min kilometrlərlə suvarma kanalları, kollektor-drenaj sistemləri, geniş həcmli nasos stansiyaları, hidroqovşaqlar, ümumi tutumu 3 milyard kubmetr olan su anbarları və sair tikilib istifadəyə verilmiş, meliorativ fondların həcmi 2 dəfədən çox artmış və bütün bunların hesabına torpaqların məhsuldarlığı qat-qat yüksəlmiş, suvarma əkinçiliyinin mədəniyyəti daha da səlisləşmiş, onun səmərəsi nəzərə çarpacaq dərəcədə artmışdır.

Böyük öndərin uzaqgörən siyasəti sayəsində ölkədə elə təsərrüfat sistemi yaradılmışdır ki, orada su çatışmazlığından gileylənmək bəhanədən başqa bir şey deyildi. Meliorasiya və su təsərrüfatının inkişaf etdirilməsi sahəsində 1970-ci ildən başlayaraq cənab Heydər Əliyevin göstərişləri əsasında həyata keçirilən tədbirlər respublikada kənd təsərrüfatı məhsullarının istehsalında böyük nailiyyətlərin əsasını təşkil etmişdir. 1983-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə artmışdır. Bitkiçilik üzrə bu göstərici 2,6 dəfə, heyvanlarlıq sahəsində isə 1,7 dəfə olmuşdur.

Heydər Əliyev Moskvada, İttifaq rəhbərliyində işləyərkən belə, respublikanın meliorasiya və su təsərrüfatı sahəsinə öz qayğısını əsirgəməmiş, bu yöndə işlərin gedişinə daim nəzarət etmiş və dəyərli köməklik göstərmişdir. Məhz həmin dövrdə onun fəal müdaxiləsi hesabına ölkəmiz üçün son dərəcə vacib sayılan Baş Mil-Muğan kollektorunun yenidən qurulmasının, Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının, Şəmkir magistral kanalının və onlarla digər vacib obyektlərin tikintisinin taleyi müsbət həll edilmişdir.

Lakin bu dahi insanın vəzifədən kənarlaşdırılması nəinki Azərbaycana, o cümlədən keçmiş SSRİ-yə böyük bəlalar gətirmişdir. Milli zəmində başlanan qanlı münaqişələr bütün dünyada söz sahibi sayılan nəhəng bir dövlətin əsaslarını laxlatmış, iqtisadiyyatını tənəzzülə sürükləmişdir. Bunu biz respublikamızda daha çox hiss etmişik. O vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi və şəxsən bizim sahəyə laqeyd münasibəti, aparılan işlərin sürətinə və həcminə mənfi təsir göstərmiş, meliorasiya və su təsərrüfatına qoyulan kapital heçə endirilmiş, irriqasiya sistemlərinin istismarına ayrılan büdcə vəsaiti ildən-ilə azaldılmışdır.

Nəticədə mühüm dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektlərinin saxlanılması, istismarı, təmir-bərpası xeyli çətinləşmiş, daxili təsərrüfat subyektlərinin əksəriyyəti yararsız hala düşmüş, unikal şəkildə qurulmuş qapalı drenaj sistemləri və dəmir-beton növlü suvarma kanalları baxımsızlıq üzündən sökülüb dağılmışdı. Xoşbəxtlikdən belə vəziyyət çox uzun sürmədi. 1993-cü ilin iyun ayında xalqımızın böyük oğlu Heydər Əliyev ikinci dəfə yenidən Azərbaycanın rəhbərliyinə qayıtdı.

Müstəqillik qazanmış Azərbaycan Respublikası həmin vaxt çox təhlükəli bir vəziyyətlə üz-üzə dayanmışdı. Ölkədə, demək olar ki, vətəndaş müharibəsi başlanmışdı. Separatçı qüvvələr hərəkətə gəlmiş, respublikanın şimal və cənub bölgələrində, sözün əsl mənasında, hərki-hərkilik, özbaşınalıq yaranmışdı. İqtisadiyyat tam iflasa uğramış, Vətənimizin varı-dövləti hərraca qoyulmuşdu. Bax, belə bir gərgin, müşkül vəziyyətdə hakimiyyətə qayıdan Heydər Əliyev bütün dünyaya bəyan etdi ki, həyatının qalan hissəsini xalqına qurban verir.

Müstəqil Azərbaycan dövlətinin xilaskarı missiyasını şərəflə həyata keçirən Heydər Əliyev fəaliyyətə başlayanda bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı kompleksində də böhranlı vəziyyət hökm sürürdü, böyük zəhmət və küllü miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə ayrılan sərmayənin həcmi heçə endirilmişdi. Bizim böyük xoşbəxtliyimizdir ki, dövlətçiliyin bütün incəliklərini dərindən bilən bu əvəzsiz insan ölkənin aqır məqamında imdadımıza çatdı.

Ümummilli liderimizin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiyanın potensialından daha səmərəli istifadə olunması yolları və onun gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Sahənin əhəmiyyətini yaxşı bilən Heydər Əliyevin göstərişləri əsasında respublikaya gələn xarici investisiyaların müəyyən hissəsi meliorasiya və su təsərrüfatının inkişafına yönəldildi.

1993-cü ildə, ölkədə mürəkkəb siyasi durum, iqtisadi böhran, müharibə şəraiti, qaçqınlar problemi və üstəlik vətəndaş qarşıdurması təhlükəsi hökm sürən bir dövrdə ulu öndər bir çox maneələrə baxmadan, heç nədən çəkinmədən, cəsarətlə xalq təsərrüfatında islahatların aparılmasını təkidlə tələb etdi və onun həyata keçirilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürdü. Ölkəmizin bazar iqtisadiyyatı yolu ilə inkişaf etdiriləcəyi bəyan olundu. Bununla əlaqədar aqrar sahədə başlanan islahatlarla paralel meliorasiya və su təsərrüfatında da bazar münasibətlərinə uyğun işlərə start verildi. İlk növbədə, islahatların normativ-hüquqi bazası yaradıldı. Bir-birini təkrarlayan səmərəsiz strukturlar ləğv olundu, bazar iqtisadiyyatının tələblərinə uyğun daha çevik fəaliyyət göstərə biləcək yeni qurumlar yaradıldı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin qısa bir müddətdə həyata keçirdiyi titanik işlər bütün dünyanı heyran qoydu. Daxildən və xaricdən törədilən əngəllərə baxmayaraq az vaxt ərzində ölkədə sabitlik yaradıldı. Əsas sərvətimiz sayılan yanacaq ehtiyatları hərəkətə gətirildi, dünyanın aparıcı ölkələrinin güclü maliyyə imkanlarına malik şirkətləri ilə 30 il müddətinə “Əsrin müqaviləsi” bağlandı və beləliklə, iqtisadiyyatın bütün sahələrində islahatlara geniş meydan açıldı.

Meliorasiya və irriqasiya sahəsində islahatların aparılması, onun gələcək inkişafının təmin olunması üçün ümdə əhəmiyyətə malik həmin qanunlar və onların əsasında qəbul edilmiş 30-a yaxın normativ-hüquqi sənəd meliorasiya və su təsərrüfatında işlərin istiqamətlərini, prinsiplərini, habelə belə obyektlərdə mülkiyyət formalarını müəyyənləşdirdi. Ulu öndərin idarəetmə işinin təkmilləşdirilməsi ilə bağlı göstəriş və tövsiyyələrini rəhbər tutaraq, meliorasiya və su təsərrüfatında idarəetmə orqanlarının strukturu və fəaliyyət istiqamətləri yeni şəraitə uyğunlaşdırıldı.

Keçmiş kolxoz və sovxozların balansında olmuş daxili təsərrüfat obyektlərinin yenicə yaradılan fermerlər tərəfindən saxlanılmasının və istismarının mümkünsüzlüyünü nəzərə alaraq, onların Meliorasiya və Su Təsərrüfatı Komitəsinin balansına verilməsi barədə qəbul edilən qərar ulu öndər Heydər Əliyevin respublikada sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Təsərrüfatdaxili suvarma sistemlərinin dövlət himayəsinə götürülməsi onların tamamilə məhv olunması təhlükəsini aradan qaldırdı.

Ulu öndərin göstərişləri əsasında meliorasiya və su təsərrüfatına yönəldilən xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə, tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçilərək onlarda üçünün — Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan MR-də Vayxır su anbarının inşasının birinci növbədə maliyyələşdirilməsi qərara alındı. İslam dünyasının Heydər Əliyevə böyük hörmətinin və ehtiramının təzahürü kimi İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin hazırlanmasına əvəzsiz olaraq vəsait (qrant) ayırdı.

Ümumiyyətlə, Azərbaycanda meliorasiya və su təsərrüfatı sistemində son dərəcə vacib olan nəhəng, dəyərli layihələrin reallaşdırılması ilə məşğuluq. Bütün bu işlər müdrik və uzaqgörən rəhbər, qüdrətli tarixi şəxsiyyət, dünya miqyaslı siyasətçi, xalqımızın unudulmaz oğlu Heydər Əliyevin diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Biz iftixarla deyirik ki, Azərbaycanda su təsərrüfatı kompleksinin yaradıcısı, onun inkişaf konsepsiyasının, meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilmiş əzəmətli işlərin və əldə edilmiş diqqətəlayiq nailiyyətlərin müəllifi, həm də təşkilatçısı möhtərəm Heydər Əliyevdir.

Unudulmaz öndərimiz Heydər Əliyevin həyata keçirdiyi möhtəşəm işlər xalqımıza həmişə xeyir-bərəkət gətirmişdir. Onun qurub-yaratdığı müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir. Prezident kimi fəaliyyət göstərdiyi dövrdə cənab İlham Əliyev sübuta yetirdi ki, o, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır. Bunu möhtərəm dövlət başçımızın hazırki fəaliyyəti də aydın göstərir. Mən bu fəaliyyətin meliorasiya və su təsərrüfatı ilə bağlı bəzi məqamlarını diqqətə çatdırmaq istərdim. Belə ki, meliorasiya və su təsərrüfatı sahəsində diqqət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilməkdədir. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələr ölkə Prezidentinin yaxından köməkliyi və diqqəti sayəsində başa çatdırılmış, bir çox layihələr və tədbirlər isə hazırlda uğurla həyata keçirilir.

Bu gün dahi şəxsiyyətin yolu uğurla davam etdirilərək ölkəmizdə, eləcə də muxtar respublikamızda su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Buna görə də İlham Əliyev cənablarına minnətdarlığımızı bildiririk.

Əhməd ƏHMƏDZADƏ,

Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin sədri

 

Hazırladı: Baş direktor: Ruslan Həsənov