Xeyirxahlıq, humanizm və mərhəmət missiyası
Mehriban Əliyeva: “Şəfqət təkcə gözəl söz deyil, əsl şəfqət real işlərin görülməsini və konkret addımların atılmasını tələb edir”
Mehriban Əliyeva
Müasir dövrümüzdə Ümummilli Lider Heydər Əliyevin müdrik həyat fəlsəfəsi, xalqa xidmət missiyası və ideyaları bir elm olaraq öyrənilir, geniş formada təbliğ olunur. Xüsusən, Heydər Əliyev Fondu bu istiqamətdə ardıcıl işlər görür.
Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun bütün nəsillərə örnək olan irsini təbliğ etmək məqsədilə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır.
Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliğ edilməsi işini qarşıya məqsəd qoyan Fond, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunmasında, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman ekologiya və s. sahələrdə maraqlı layihələr həyata keçirib. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Talassemiyasız həyat”, “Diabetdən əziyyət çəkən uşaqlara qayğı”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, internat həyatı başa çatan qızlar üçün yaşayış binasının tikilməsi və digər bu kimi layihələr uşaqların və ümumilikdə ailələrin rifahının yaxşılaşdırılmasına yönəldilib.
İctimai-siyasi həyata qədəm qoyduğu gündən həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görən, sərhəd tanımayan humanistlik, xeyirxahlıq, insanpərvərlik Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı fərqləndirən özünəməxsus xüsusiyyətləridir.
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən danışarkən, ilk növbədə, onun bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində həyata keçirilən iri layihələrdən söz açmaq lazım gəlir. Azərbaycanın birinci xanımı daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan kimsəsiz və xəstə uşaqların əsl himayəçisi kimi çıxış edir. Bir sözlə, uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir.
Heydər Əliyev Fondunun təşəbbüs və təşkilatçılığı ilə həyata keçirdiyi layihələr çərçivəsində Bakı şəhərində mövcud olan uşaq bağçalarının və uşaq evlərinin böyük əksəriyyətində əsaslı təmir və yenidənqurma işləri görülüb. Ölkəmizin bütün ərazilərində gələcəyimiz olan uşaqlarımızın rahat təhsil almaları, onlara yüksək tibbi xidmət göstərilməsi, istedadlarını inkişaf etdirmələri üçün müasir infrastruktur yaradılıb və bu proses uğurla davam edir. Mehriban xanım Əliyevanın belə bir xeyirxahlıq missiyasının nəticəsidir ki, bu gün Azərbaycanda qayğıya ehtiyacı olan uşaqlar Heydər Əliyev Fondunun sevgisi ilə əhatə olunublar. “Şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görməyə çalışmaq, qonaqpərpərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olmuşdur və indi də belədir” fikirləri Mehriban xanımın məramının kömək gözləyən heç bir uşağın qayğıdan və diqqətdən kənarda qalmamasına nail olduğunu ortaya qoyur.
Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 21-də imzaladığı sərəncamla ölkənin Birinci vitse-prezidenti təyin olunduqdan sonra da qeyd olunan sahələrdə fəaliyyətini davam etdirir. Onun fəaliyyətinin əsası sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurulub. Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü işlər ötən illərdəki işlərin davamıdır.
Belə ki, onun Birinci vitse-prezident seçildikdən sonra dövlət idarəçiliyində daha sistemli şəkildə həyata keçirdiyi tədbirlər bunu deməyə əsas verir.
Təsadüfi deyil ki, Mehriban xanımın Birinci vitse-prezident təyin olunması cəmiyyətdə məntiqi qərar kimi qarşılanıb. “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam,” – deyən Mehriban Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyətindən iki ilə yaxın bir zaman keçir. O vaxt qeyd etdiyi kimi, əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib.
Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşadığını bildirən Mehriban xanım Əliyeva çıxışlarının birində deyib: “Bu gün də çoxkonfenssiyalı və çoxmillətli Azərbaycan bu ənənəyə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir”.
Azərbaycanın təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Dünyada ən işgüzar xanım kimi tanınan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri öz soy-kökünə və milli adət-ənənələrimizə sadiq olan Mehriban xanım Əliyeva yuxarıda da qeyd etdiyimiz kimi, böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Müsahibələrinin birində Mehriban xanım deyib: “İstər YUNESKO-nun Xoşməramlı Səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm… Mən konkret iş görmək, konkret işanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikcə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə, bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.
Əlbəttə ki, müharibə şəraitində yaşayan bir ölkədə bu qədər genişmiqyaslı layihələrin həyata keçirilməsi, insana qayğının, humanizmin, xeyirxahlığın xalqın taleyindəki rolu olduqca diqqətəlayiqdir.
Mehriban Əliyeva əsl Azərbaycan xanımının simvoludur. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa və millətə sevgi dayanır. Mehriban Əliyeva bütün hərəkətləri, bütün qərarları ilə millidir. Vətəninə xidmət edir, onun tərəqqisini arzulayır, sabahının qayğısına qalır, mədəniyyətinin və təhsilinin inkişafına çalışır.
Bütün bunlar Mehriban xanım Əliyevanın zaman adlı rəssamın öz fırçası ilə yaratdığı portretinin yalnız müəyyən cizgiləridir. Həyat gələcəyə doğru irəlilədikcə, bu portretə yeni cizgilər, çalarlar əlavə olunur, Onun sevgi, mərhəmət, xeyirxahlığın rəsmi kimi qəlblərdə özünə əbədi yer tutan obrazı daha da mükəmməlləşir.
Arzu Quliyeva
“Elit Autizm Mərkəzi”nin rəhbəri
Hazırladı, baş direktor: Həsənov Ruslan Şamməd oğlu
Tel. 050-244-48-19; 070-200-33-85