HEYDƏR ƏLİYEV – MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDER

903

HEYDƏR ƏLİYEV – MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDER

“Doğma, canım–varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.

Heydər Əliyev,
ümummilli lider.

Azərbaycan xalqı özünün qədim və təlatümlü tarixi mərhələlərində Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Şah İsmayıl Xətai, Cavad xan və bir çox digər görkəmli şəxsiyyətlər, sərkərdələr, dövlət və ictimai–siyasi xadimlərini yetişdirmişdir. Həmin şəxsiyyətlər öz vətəninə və millətinə sədaqətlə xidmət etmiş, onun daha da inkişaf etməsi və çiçəklənməsi naminə fədakarlıqlarını əsirgəməmiş və adlarını əbədi olaraq tariximizə yazmışlar. XX əsrdə Azərbaycan torpağı daha bir dahi şəxsiyyət yetişdirdi. Bu, dünyanın siyasi tarixinə bənzərsiz bir dövlət xadimi, müasir Azərbaycanın qurucusu və dövlətimizin memarı, xalqın xilaskarı və millət atası kimi daxil olan ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir. Gözəl bir bahar günü — 10 may 1923–cü ildə Azərbaycanın dilbər guşələrindən biri olan Naxçıvanda zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyevin taleyinə öz xalqına və millətinə sədaqətlə xidmət etmək, onun daha da inkişaf etməsi, çiçəklənməsi naminə möhtəşəm işlər həyata keçirmək missiyası yazılmışdı. Ümummilli liderimiz bu missiyanı ləyaqət və şərəflə icra etmiş, harada işləməyindən, hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq, daim bir amalla və bir əqidə ilə yaşamışdır — doğma Azərbaycanımızın daha güclü olması, torpağımızın çiçəklənməsi, Azərbaycan xalqının isə firavan və xoşbəxt yaşaması. Ulu öndərin — “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamı onun bütün ömrünün mənasını təşkil etmişdir. Bu nadir şəxsiyyətin iti ağlı, dərin zəkası, bitib–tükənməyən enerjisi və genişmiqyaslı təhlil bacarığı görkəmli dövlət xadimi kimi ona imkan verirdi ki, ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdə belə öz xalqı və vətəni üçün mümkün variantlardan ən düzgününü və yaxşısını seçib, mövcud kritik və gərgin vəziyyətin lazımi istiqamətdə cərəyan etməsini təmin etsin. Bu, Ulu Tanrının ona bəxş etdiyi böyük bir vergi idi. Heydər Əliyev əsl vətəndaş və böyük azərbaycanlı idi. O canından artıq sevdiyi millətinin və torpağının əvəzolunmaz təəssübkeşi və dövlətçiliyimizin xilaskarı idi.

Ulu öndərimizin Azərbaycana ilk rəhbərlik etdiyi dövr respublika tarixinə siyasi, iqtisadi və mədəni yüksəliş və intibah dövrü kimi daxil olmaqla, xalqın milli mənlik şüurunun oyanışına, özünüdərk hisslərinin gücləndirilməsinə böyük stimul vermişdir. 14 iyul 1969–cu ildə Azərbaycan KP MK–nin birinci katibi vəzifəsinə seçilən Heydər Əliyev özünün yüksək iş qabiliyyəti və dövlət idarəçilik keyfiyyətləri sayəsində o dövrdə hökm sürən sovet–sosialist ideologiyasının bütün sədlərini aşmaqla, mövcud olan total qadağalara və süni maneələrə baxmayaraq, Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkmiş, vətəndaşlardakı qorxunu aradan qaldırmış, insanları bütün sahələr üzrə böyuk yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Heydər Əliyev kimi dahi bir şəxsiyyətin 16 il ərzində respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan Sovet İttifaqının tərkibində olan digər müttəfiq respublikaların sırasında ən sürətlə inkişaf edən ölkə olmuş, həmin illərdə Azərbaycanda yüzlərlə yeni sənaye kompleksləri, məişət, mədəniyyət və təhsil obyektləri inşa edilmiş, avtomobil və dəmir yolları çəkilmiş, sosial infrastruktur yaradılmış, kənd təsərrüfatının inkişafına xüsüsi önəm və diqqət yetirilmişdir. Məhz həmin dövrdə yaradılmış iqtisadi potensial gələcəkdə Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və fəaliyyət göstərməsində mühüm rol oynamış, Heydər Əliyevin bilavasitə rəhbərliyi altında respublikamızın iqtisadi qüdrətinin artırılması ilə yanaşı, elm və mədəniyyətin də böyük bir sıçrayışla inkişafı təmin edilmişdir. Ulu öndərin uzaqgörən və dərindən düşünülmüş siyasəti və qətiyyəti nəticəsində respublikamızda o dövrdə yeni təhsil və elm ocaqları yaradılmış, hərbi kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açılmış, yüzlərlə azərbaycanlı gənc Moskva və SSRİ–nin digər iri şəhərlərində fəaliyyət göstərən nüfuzlu ali məktəblərə təhsillərini davam etdirmək üçün göndərilmişlər. Bu gün müstəqil Azərbaycanımızın hərbi sahədə ləyaqətlə xidmət edən və ali hərbi rütbələrə qədər yüksəlmiş onlarca zabitimiz həmin məktəbin məzunlarıdır. Müxtəlif dövlət strukturlarında yüksək vəzifə tutan şəxslərin bir çoxu isə məhz o illərdə birbaşa Heydər Əliyevin təşəbbüsü və göndərişi ilə Rusiyanın ən aparıcı ali məktəblərində təhsil almış şəxslərdir.

Heç şübhəsiz ki, həmin dövrlərdə Heydər Əliyev zəngin dünyagörüşü və uzaqgörənliyi ilə bugünün real mənzərəsini qiymətləndirməklə mükəmməl şəkildə düşünülmüş və gələcəyə hesablanmış siyasət həyata keçirirdi. Məhz 1970–1980–ci illərin birinci yarısı respublikanın iqtisadi–mədəni və ictimai–sosial həyatında sürətli inkişaf illəri olmaqla, müstəqil Azərbaycanın təməli qoyulmuş və ulu öndərin Azərbaycana rəhbərliyinin ilk dövründə bütün sahələrdə böyük bir dönüş başlanmışdır.

Heydər Əliyevin böyük iş təcrübəsi, zəngin dövlət idarəçilik qabiliyyətinin və tükənməz enerjisinin olması o dövrdə Sovet İttifaqı rəhbərliyinin nəzərindən yayınmamış və 1982–ci ildə ulu öndər SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyi tərkibində fəaliyyət göstərməsi üçün Moskva şəhərinə dəvət edilərək Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul bir vəzifəyə təyin edilmişdir. Heydər Əliyev bu vəzifələrdə çalışdığı dövrdə də daim Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma vətəninin bütün dünya miqyasında tanınması üçün əlindən gələni əsirgəməmişdir. Lakin 1985–ci ildə hakimiyyətə gələn M.Qorbaçov və onun “komandası” özünün üzdəniraq “yenidənqurma” siyasəti adı altında böyük antiazərbaycan kampaniyasına başlamış və respublikamızın ərazi bütövlüyünün təcavüzkar Ermənistan tərəfindən pozulmasına rəvac vermişdir. 1987–ci ilin oktyabrında Heydər Əliyev M.Qorbaçovun müxtəlif xalq və millətlərin vahid dövlətdə birləşdiyi Sovet İttifaqında yeritdiyi səhv, antimilli və bəzən də məkrli siyasətinə etiraz əlaməti olaraq bütün vəzifələrindən istefa verərək mövcud hakimiyyətə müxalif mövqedə dayanmışdır.

Heydər Əliyevin tarixi missiyasının ən parlaq dövrü isə onun ikinci dəfə xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərlik etməsindən sonra başladı. Hamıya yaxşı məlumdur ki, 1991–ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra bir çox problemlərlə üzləşmişdir. Bunların sırasında siyasi, iqtisadi, eləcə də sosial problemlər qabarıq şəkildə özünü büruzə verirdi. Bir tərəfdən də məlum Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu problemləri daha da kəskinləşdirir və dərinləşdirirdi. Həmin dövrlərdə Azərbaycana rəhbərlik edən şəxslərin təcrübəsizliyi, naşılığı və dövlət idarəçilik qabiliyyətlərinin olmaması səbəbindən isə bu problemlərin həll edilməsi qeyri–mümkün olmuşdur. Məhz 1988–ci ildən başlayaraq və 1993–cü ilin əvvəllərinə kimi Azərbaycanda yaranmış bu hərc–mərclik və xaos ona gətirib çıxarmışdır ki, dövlət strukturları və orqanları iflic vəziyyətinə düşmüş, xalqla iqtidar arasında böyuk bir uçurum yaranmışdı. Uzun illər ərzində respublikada yaradılmış güclü iqtisadi potensial zəiflədilmiş, müəssisə və təşkilatlar tənəzzülə uğramış, vətəndaşların sosial vəziyyəti kəskin şəkildə ağırlaşmışdı. 1990–cı ilin qanlı yanvar hadisələri xalqla rəhbərlik arasında olan uçurumu bir qədər də dərinləşdirmişdi.

Həmin vaxt Moskvada yaşayan Heydər Əliyev vətəni və xalqının belə bir vəziyyətdə olmasına dözə bilməzdi. 20 Yanvar qırğınından dərhal sonra ulu öndər ailəsi ilə birlikdə böyük təhlükə və təhdidlərə baxmayaraq, Moskva şəhərində yerləşən Azərbaycan Nümayəndəliyinə gələrək baş vermiş bu faciənin əsl mahiyyətini açıqlamış, başda M.Qorbaçov olmaqla Sovet İttifaqı rəhbərliyinin bu qanlı olayda günahkar olduğunu bütün dünyaya sərt şəkildə bəyan etmişdir. Vətəninin belə ağır günlərində Heydər Əliyev artıq Moskvada yaşaya bilməzdi. Ona görə də o, 20 iyul 1990–cı ildə həyatından artıq sevdiyi vətəni Azərbaycana — Bakıya döndü. Təəssüf ki, həmin vaxt respublikada hakimiyyətdə olan Moskva emissarları Azərbaycanın bu böyük oğlunun paytaxtda yaşamasına imkan yaratmadılar. Heydər Əliyev məcbur olub doğulduğu diyara — Naxçıvana getdi. Naxçıvan Muxtar Respublikasının əhalisi onu böyük ehtiram, məhəbbət və coşqu ilə qarşıladı. Bir müddətdən sonra isə Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinin sədri vəzifəsinə seçildi. Bu vəzifədə işlədiyi dövrdə Heydər Əliyev bir neçə cəsarətli addım atdı. O, Azərbaycan Demokratik Respublikasının 1918–ci ildə qəbul etdiyi üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlətdi, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı, 20 Yanvar faciəsinə düzgün siyasi–hüquqi qiymət verildi və SSRİ Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən bütün strukturları ləğv edildi. Həmin mürəkkəb və çətin illərdə məhz Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi, onun böyük siyasi təcrübəsi və qətiyyəti muxtar respublikada ictimai–siyasi sabitliyi təmin etdi, erməni təcavüzkarları tərəfindən bir qarış belə Naxçıvan torpağının zəbt edilməsinə imkan verilmədi.

1993–cü ilin may–iyun aylarında respublikaya rəhbərlik edən AXC–Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində isə hakimiyyət böhranı və hərc–mərclik son həddə çatmış, ölkə vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qalmışdı. Məhz bu ağır günlərdə Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi. Ona görə də xalq bu dahi şəxsiyyətin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Xalqın təkidli və israrlı tələbləri ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan və 15 iyun 1993–cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə, sonradan isə yekdil səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən Heydər Əliyev çox qısa bir vaxtda Azərbaycanın real parçalanma və bir dövlət kimi dünya xəritəsindən silinmə təhlükəsinin qarşısını aldı. Lakin keçmiş rəhbərlik özündən sonra çox ağır bir miras qoymuşdu. Bu, tamamilə dağıdılmış iqtisadiyyat, siyasi böhran və sosial gərginlik idi. Məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda vəziyyət tədricən stabilləşməyə başladı. Cinayətkar silahlı dəstə və qruplaşmalar məhv edildi, respublikamız iqtisadi tənəzzüldən çıxaraq sürətlə inkişaf etməyə başladı, sosial problemlərin bir çoxu həll edildi, Azərbaycan dünya miqyasında özünə layiqli yer tutdu. 20 sentyabr 1994–cü ildə dövlətimizin neft strategiyası müəyyənləşdirilərək, dünyanın inkişaf etmiş səkkiz ölkəsini təmsil edən 11 xarici neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsünə dair “Əsrin müqaviləsi” adı ilə tarixə düşən nəhəng neft sazişi imzalandı. Məhz bu sazişin imzalanması və həyata keçirilməsi ilə ulu öndər bir tərəfdən Azərbaycanın iqtisadi maraqlarını təmin edə bildi, digər tərəfdən isə respublikamızın siyasi səhnədə önəmli çəkisini artırmaqla regionda əsas söz sahiblərindən biri olmasını sübut etdi.

Ulu öndər ikinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycanda hüquqi dövlətin formalaşması və bu əsasda onun mühüm beynəlxalq qurumlarda layiqincə təmsil olunması üçün əvəzsiz xidmətlər göstərmişdir. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında yeni Konstitusiya layihəsi hazırlanmış və 12 noyabr 1995–ci ildə referendum yolu ilə qəbul edilmişdir. Konstitusiyada əks olunan müddəalar ölkəmizin gələcək inkişafının mühüm istiqamətlərini müəyyənləşdirmiş, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət olmasını bəyan etmiş, insan hüquq və azadlıqlarının prioritetliyini ön plana çəkməklə ölkənin gələcək inkişaf modeli üçün hüquqi baza yaratmışdır. Heydər Əliyevin 21 fevral 1996–cı il tarixli sərəncamı ilə Hüquq İslahat Komissiyası yaradılmışdır ki, həmin komissiya tərəfindən respublikada bir çox sahələri əhatə edən onlarca yeni qanun və məcəllə layihələri hazırlanaraq Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmişdir.

Azərbaycan Avropaya inteqrasiya istiqamətində də sürətli addımlar atmışdır. Belə ki, Prezident Heydər Əliyevin 8 iyun 1996–cı ildə “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında” və 14 may 1999–cu il tarixli “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında” sərəncamları ölkəmizin Avropa Şurası ilə əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasını təmin etmiş və aparılan islahatların məntiqi nəticəsi kimi Azərbaycan Respublikası 17 yanvar 2001–ci ildə Avropa Şurası Parlament Assambleyası Nazirlər Komitəsinin qərarına əsasən Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edilmişdir. Heç şübhəsiz ki, Azərbaycanın belə bir mötəbər beynəlxalq təşkilata üzv qəbul olunması dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü uzaqgörən daxili və xarici siyasətin məntiqi nəticəsi idi.

Ümummilli liderimizin hüquqi dövlət quruculuğu sahəsində ən önəmli addımlarından biri də qanunun aliliyinin keşiyində dayanan hüquq–mühafizə orqanlarının işinin təkmilləşdirilməsi sahəsində qəbul etdiyi qərarlar, verdiyi göstəriş və tövsiyələrdir. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında prokurorluq orqanlarında aparılan mühüm islahatların əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Müstəqil Azərbaycanımızın prokurorluq orqanlarının son illər ərzində qanunun aliliyinin təmin olunmasında, vətəndaşların əsas hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməklə dövlətçilik maraqlarından çıxış edən demokratik qurum kimi formalaşmasında, onun fəaliyyətinin təminatı üçün qanunvericilik və maddi–sosial bazasının yaradılmasında ulu öndərin xidmətləri əvəzolunmazdır. Ümummilli liderimizin: “Azərbaycan Respublikasının Prezidenti kimi mən prokurorluğa inanıram, güvənirəm və arxalanıram” fikrini isə bütün prokurorluq əməkdaşlarının əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirmək olar.

Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına daim sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ulu öndərimizin: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”—deyərək, dəyərləndirdiyi dövlət rəhbərimiz bu gün, həqiqətən də, xalqın etimadını doğrultmaqla həmin ümidləri reallığa çevirmişdir.

Cənab Prezident tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizdə demokratik inkişaf və tərəqqi, sağlam vətəndaş cəmiyyətinin yaradılması, hüquqi dövlətin formalaşması prosesləri dönməz xarakter almış və görülmüş, eləcə də görüləcək bütün nəhənğ və qlobal işlər ancaq bir məqsədə — Azərbaycanın dövlət müstəqilliyinin daha da gücləndirilməsinə xidmət etməklə, ulu öndərin təbirincə desək, onu, sözün əsl mənasında, əbədi və daimi etmişdir. Biz də hər birimiz ulu öndərə məhəbbətimizin əyani təzahürü olaraq möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşərək onun qarşıya qoyduğu bütün mühüm vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməli və Heydər Əliyevin şah əsəri olan demokratik, müasir və müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə səylə çalışmalıyıq.

Böyük türk dünyasının görkəmli ictimai–siyasi və dövlət xadimi olan Heydər Əliyev Azərbaycan xalqının əvəzolunmaz və tarixi bir irsidir. Bu irsi öyrənərək ondan doğma vətənimiz Azərbaycanın rifahı naminə istifadə etmək isə hər bir vətəndaşın, öz torpağını və millətini sevən hər bir insanın mənəvi borcudur.

Qurbanov Elşən Bəhmən oğlu

Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu

 

 

 

 

Baş direktor: Həsənov Hacı Ruslan Şamməd oğlu

Tel.: 070 200 33 85;  050 244 48 19