Gənc nəslin təhsili dövlətin başlıca qayğılarındandır
Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub.
Müstəqillik illərində Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə – Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib. O cümlədən, bir sıra məktəblər üçün əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 16 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin, eyni zamanda ikinci növbədə təhsil alan şagirdlərin faizi aşağı düşüb. Bu iş indi də davam edir.
Son 16 ildə Azərbaycan, sosial- iqtisadi inkişafına görə MDB ölkələri arasında liderliyini qoruyub saxlayır. Bu gün Azərbaycanın siyasi və iqtisadi cəhətdən sürətlə inkişafında elm və təhsilimiz heç də az rol oynamır. İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərdə bu inkişafı təmin edən ən başlıca amillərdən biri elm və təhsilə dövlət tərəfindən göstərilən böyük diqqətdir. Azərbaycanda da, bu cür inkişaf tempini sürətləndirmək üçün yüksək savada malik kadrlar yetişdirilir.
Elm və təhsilin inkişafı bu gün Prezident İlham Əliyevin diqqətindədir. Ölkəmizin nəinki paytaxtında, eləcə də bütün regionlarında yerləşən məktəbləri yenidən qurulur, abadlaşdırlır, təmir edilir, maddi-texniki baza ilə təmin edilir. Təsadüfi deyil ki, Prezident 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu strategiya gələcəkdə elm və təhsilin daha da inkişaf etdirilməsinə böyük bir təkan verib.
Prezident İlham Əliyevin elmə verdiyi önəm və diqqət gənclər arasında böyük bir ruh yüksəkliyi yaradıb. Dövlət gənc alimlərə qayğıyla yanaşır. Gənclik cəmiyyətin saat kimi işləyən təbəqəsidir. Gənclərin həm beyni, həm də sərf etdiyi faydalı enerji yüksək əyarlı hesab olunur. Elm də, texnologiya da gənclərin iştirakı ilə, gənclərin fəaliyyəti ilə daha yüksək formada inkişaf edir. Bu da faktdır ki, Azərbaycan dövləti gənclərin mükəmməl yetişməsi üçün çox böyük işlər görür. Azərbaycanda dövlətin iqtisadi imkanları artdıqca, gənclərə yönəlik qayğısı yüksələn xətt üzrə inkişaf edir.
Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını özündə ehtiva edir. Eyni zamanda, onların cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən tədbirlər görülür.
Təhsil ekspertləri bildirir ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Onlar hesab edir ki, sosial inkişaf yaxşılaşdıqca, göstərilən qayğı gənclərin fəaliyyət göstərdiyi bir sıra sferaları əhatə edir.
Məlumat üçün onu da qeyd edək ki, gənclərə, gənc alim və elm adamlarına göstərilən dövlət qayğısı sistemli olaraq bir sıra qanun və qəbul olunan proqramlarda öz əksini tapıb. Belə ki, gənclər siyasətinin əsas istiqamətləri “Gənclər Siyasəti Haqqında” Azərbaycan Respublikasının Qanununda sistemli olaraq göstərilib”.
Gənc alimlərə, elm adamlara maddi qayğının günü-gündən artırılması onların elmə bağlanmasına şərait yaradır. Azərbaycanın sosial-mədəni inkişafının gələcək taleyi gəncliklə və bu sahədə çalışan gənc elm adamları ilə bağlıdır. Ona görə də gəncliyin hərtərəfli inkişafı üçün təhsilin çoxşaxəli sahələrində şərait yaratmaq bugünkü nəslin borcudur. Eyni zamanda, sözügedən məsələ bugünkü dövlətin ən aktual vəzifələrindən biridir. Konkret olaraq elm sahəsinə gəldikdə, qeyd etmək lazımdır ki, burda ilk növbədə gəncləri elmə, elmi fəaliyyətə, tədqiqatlara istiqamətləndirmək prosesinə başlanıb. Gənclərdə elmə ciddi həvəs göstərənlər çoxdur və bu gənclərin qayğısına qalınmağa başlanıb. Onlara bu istiqamətdə dəstək olmaq müvafiq qurumların diqqət mərkəzindədir. Son iki-üç ilin müşahidələri göstərir ki, gənclərin elmi axtarışlar, yaradıcılıq istiqamətinə marağı artıb. Bunun ən başlıca səbəbi gənclərin maddi vəziyyətinin düzəlməsidir. Düzdür, bir vaxtlar bu sahəyə maraq azalmışdı. Bu gün isə gənc oğlan və qızlarda elmə güclü meyil var.
Gənc nəsil özü yeni nəsil yetişdirməlidir. Məsələn, ucqar dağ kəndinin qayğıları ilə nəfəs almağı bacarmaq lazımdır. Bu işlərin də görülməsi üçün gənc alimlərin yetişdirilməsinə, onların hərtərəfli dəstəklənməsinə dövlətin böyük qayğısı var. Çünki gənc alimlər dövlətin gələcəyi hesab olunmaqla yanaşı, həm də ölkənin düşünən beyinləridir. Onlara göstərilən qayğı və diqqət nə qədər artsa, bir o qədər dövlətimiz daha çox inkişaf edəcək.
Arzu Şirxan qızı Alızadə
Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri
Baş direktor: Həsənov Ruslan Şamməd oğlu
Tel.: 070-200-33-85