Naftalan şəhər 2 nömrəli tam orta məktəbdə idarəetmə ilə bağlı ciddi narazılıqlar: direktorun fəaliyyəti araşdırılmalıdır!

4

Naftalan şəhər 2 nömrəli tam orta məktəbdə idarəetmə ilə bağlı ciddi narazılıqlar: direktorun fəaliyyəti araşdırılmalıdır!

Beynəlxalq İnformasiya Agentliyinin redaksiyasına daxil olan şikayət əsasında

Naftalan şəhərində yerləşən Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə idarəetmə, müəllimlərin dərs bölgüsü, pedaqoji kollektiv arasında münasibətlər, kadr təyinatları və təhsil prosesinin təşkili ilə bağlı ciddi narazılıqların olduğu iddia edilir. Redaksiyamıza daxil olan genişhəcmli şikayət məktubunda məktəbin direktoru Adilə Bağırovanın fəaliyyəti ilə bağlı bir sıra ciddi məsələlər diqqətə çatdırılıb.

Şikayət müəllifinin iddialarına görə, Adilə Bağırovanın 2009-cu ildən etibarən məktəb rəhbərliyinə gətirilməsi zamanı şəffaflıq və obyektivlik prinsiplərinə əməl edilməyib. Onun təyinatında həmin dövrdə yerli icra strukturlarında vəzifə tutmuş şəxsin təsirinin olduğu, eləcə də müəyyən maddi maraqların rol oynadığı iddia olunur. Həmçinin direktorun pedaqoji kollektivin razılığı olmadan vəzifəyə təyin edildiyi bildirilir.

Müraciətdə məktəbdə kadr siyasətinin həyata keçirilməsi ilə bağlı da narahatedici məqamlar yer alıb. Belə ki, şikayətçinin sözlərinə görə, 2013-cü ildə məktəbdə psixoloq ixtisasına malik müəllimlər olduğu halda, psixoloq vakansiyasının vaxtında və şəffaf şəkildə təqdim edilmədiyi, sonradan isə kitabxanaçılıq təhsili almış şəxsin psixoloq vəzifəsinə gətirildiyi iddia olunur. Bu təyinatın hansı hüquqi və peşəkar əsaslarla həyata keçirildiyi aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.

Şikayət məktubunda direktorun məktəbdə qohumluq və şəxsi münasibətlərə əsaslanan kadr siyasəti qurduğu da iddia edilir. Müəllifin bildirdiyinə görə, bəzi vəzifələrə təyinatlarda peşəkarlıq və ixtisas uyğunluğundan daha çox şəxsi yaxınlıq amili ön plana çəkilir. Məktəbdə katibə, bağban və digər vəzifələrdə çalışan şəxslərin direktorla qohumluq və ya yaxınlıq əlaqələrinin olduğu bildirilir. Bu iddiaların nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirmək üçün məktəbin ştat cədvəli, əmək müqavilələri və təyinat sənədləri yoxlanılmalıdır.

Müəllimlərin ixtisas uyğunluğu və sertifikatlaşdırma nəticələri sual doğurur

Müraciətdə ən ciddi narahatlıq doğuran məsələlərdən biri də müəllimlərin ixtisaslarına uyğun olmayan fənlərin tədrisinə cəlb edilməsi ilə bağlıdır.

Şikayət müəllifi bildirir ki, bəzi müəllimlər öz ixtisasları üzrə deyil, başqa fənlər üzrə dərs aparmağa cəlb olunublar. Xüsusilə rus bölməsində rus dilini lazımi səviyyədə bilməyən müəllimlərin dərs deməsi, Azərbaycan bölməsində təhsil almış pedaqoji kadrların rus bölməsində tədrisə yönəldilməsi və fənn uyğunluğu məsələlərinin diqqətdən kənarda qalması ilə bağlı iddialar səsləndirilir.

Müraciətdə bir sıra müəllimlərin sertifikatlaşdırma imtahanlarında aşağı nəticələr göstərdiyi, bəzilərinin isə müvafiq mərhələdən keçə bilmədiyi qeyd olunur. Biologiya, tarix, kimya və digər fənlər üzrə çalışan müəllimlərin nəticələrinin, onların tədris etdikləri fənlərlə uyğunluğunun araşdırılması zəruri hesab edilir.

Şikayətçinin iddiasına əsasən, sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərə münasibətdə fərqli yanaşmalar sərgilənib, dərs saatlarının bölgüsündə obyektivlik prinsipi qorunmayıb. Bəzi müəllimlərin dərs yükünün azaldıldığı, digərlərinə isə şəxsi münasibətlərə əsaslanan üstünlüklər verildiyi bildirilir.

Xüsusilə Aygün Əliyevanın bir neçə fənn və əlavə vəzifə üzrə dərs yükü ilə təmin edilməsi, həmçinin biologiya, kimya, həyat bilgisi, şahmat və digər istiqamətlərdə ona verilən saatların hüquqi əsasları barədə suallar ortaya qoyulur. Şikayət müəllifi həmin müəllimin sertifikatlaşdırma nəticələri ilə ona həvalə edilmiş tədris yükü arasında uyğunsuzluqlar olduğunu iddia edir.

Digər müəllimlərin dərs saatları, sertifikatlaşdırma nəticələri və ixtisas uyğunluğu ilə bağlı da oxşar iddialar irəli sürülür. Bu səbəbdən məktəbdə son beş tədris ili ərzində aparılmış dərs bölgülərinin, tarifləşmə sənədlərinin və sertifikatlaşdırma nəticələrinin müqayisəli şəkildə yoxlanılması vacibdir.

Dərs bölgüsü, vakansiyalar və məktəbdaxili sənədləşmə

Şikayətdə dərs cədvəllərinin hazırlanması və təsdiqlənməsi ilə bağlı da ciddi iradlar yer alıb. Müəllifin bildirdiyinə görə, dərs bölgüsündə şəffaflıq təmin edilmir, bəzi vakant saatlar vaxtında elan olunmur, ayrı-ayrı fənlər üzrə dərs bölgüsü gecikdirilir.

Müraciətdə qeyd olunur ki, dərs cədvəllərinin hazırlanması və təsdiqlənməsi prosesində sənədləşmə qaydalarına lazımi səviyyədə əməl edilmədiyi, bəzi cədvəllərin vaxtında təqdim olunmadığı iddia edilir. Həmçinin noyabr ayına qədər bəzi siniflər üzrə dərs cədvəllərinin və müvafiq sənədlərin tam qaydada rəsmiləşdirilməməsi barədə narazılıq ifadə olunur.

Şahmat dərnəyi, sinif rəhbərliyi və digər əlavə vəzifələrin bölgüsündə də obyektivlik məsələsinin araşdırılması tələb edilir.

Müəllif iddia edir ki, direktorun mövqeyinə etiraz edən müəllimlərin dərs saatlarında dəyişikliklər edilir, onların pedaqoji fəaliyyətinə mənfi təsir göstərən qərarlar qəbul olunur. Bu iddialar təsdiqini taparsa, müəllimlərin əmək hüquqlarının pozulması ehtimalı ayrıca hüquqi qiymətləndirilməlidir.

Məktəbdə maliyyə və təsərrüfat məsələləri də araşdırılmalıdır

Redaksiyaya daxil olan şikayətdə məktəbin təmir işləri, printerlərin təmiri, çap materialları və digər təsərrüfat xərcləri ilə bağlı da suallar qaldırılır.

Şikayət müəllifinin sözlərinə görə, bəzi təmir və texniki xidmət xərclərinin müəllimlərin hesabına ödənilməsi, müxtəlif məqsədlər üçün pedaqoji kollektivdən pul toplanması halları mövcuddur. Həmçinin məktəbin təmir və digər təsərrüfat işlərinin sifariş edilməsi zamanı müəyyən şəxslərə üstünlük verildiyi iddia edilir.

Əgər bu məlumatlar doğrudursa, məktəbin büdcə vəsaitlərinin, təsərrüfat xərclərinin, satınalmaların və görülmüş işlərə dair maliyyə sənədlərinin araşdırılması zəruridir.

Məktəbin ştat vahidlərinin, laboratoriya əməkdaşlarının faktiki iş fəaliyyətinin və əməkhaqqı ödənişlərinin də yoxlanılması tələb olunur. Şikayətçi bəzi əməkdaşların faktiki işə çıxması ilə bağlı şübhələr olduğunu bildirir.

Şagird sayının azalması və tədrisin keyfiyyəti

Müraciətdə diqqət çəkən digər məsələ məktəbdə şagird sayının azalmasıdır. Şikayətçinin təqdim etdiyi məlumata görə, əvvəlki dövrdə 870 şagirdin təhsil aldığı məktəbdə bu rəqəm 601 nəfərə qədər azalıb.

Bu azalmanın səbəbləri, şagirdlərin digər təhsil müəssisələrinə keçid dinamikası, məktəbdə tədrisin keyfiyyəti və valideyn narazılıqlarının səviyyəsi araşdırılmalıdır.

Həmçinin 11-ci siniflərdə davamiyyət, dərs prosesinin təşkili və şagirdlərin təhsilə cəlb olunması ilə bağlı problemlərin olduğu iddia edilir. Bu barədə aidiyyəti təhsil qurumlarına dəfələrlə məlumat verildiyi, lakin müraciətlərin nəticəsiz qaldığı bildirilir.

Məktəbin sanitariya vəziyyəti də şikayət məktubunda xüsusi vurğulanıb. Şagirdlərin istifadə etdiyi sanitar qovşaqların vəziyyəti, kanalizasiya xətlərində yaranmış problemlər və digər təsərrüfat çatışmazlıqları ilə bağlı əvvəlki illərdə narazılıqların olduğu qeyd edilir. Müəllifin sözlərinə görə, yalnız şikayətlərdən sonra müəyyən təmir işləri həyata keçirilib.

Şikayətlərin araşdırılması əvəzinə təzyiq göstərildiyi iddia olunur

Şikayət müəllifi bildirir ki, məktəbdəki problemlərlə əlaqədar müxtəlif vaxtlarda yerli təhsil sektoruna, regional təhsil idarəsinə, Elm və Təhsil Nazirliyinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlanıb. Lakin onun fikrincə, müraciətlər üzrə obyektiv və hərtərəfli araşdırma aparılmayıb.

Daha ciddi iddialardan biri isə yoxlamalar başlamazdan əvvəl məktəb rəhbərliyinin məlumatlandırılması və bunun nəticəsində mümkün nöqsanların aradan qaldırılmasına şərait yaradılması ilə bağlıdır. Bu iddiaların araşdırılması üçün yoxlamaların hansı tarixlərdə aparıldığı, hansı sənədlərin tələb olunduğu və nəticələrin necə rəsmiləşdirildiyi müəyyən edilməlidir.

Müəllif həmçinin direktorla narazı olan müəllimlər və valideynlər arasında qarşıdurma yaradıldığını, şikayətçilərə psixoloji təzyiq göstərildiyini, bəzi hallarda şikayətlərin geri götürülməsinə nail olunmağa çalışıldığını iddia edir. Bu məsələlərin şahid ifadələri və mövcud sənədlər əsasında araşdırılması vacibdir.

Şikayətçinin sözlərinə görə, məktəbdə sağlam pedaqoji mühitin formalaşmasına mane olan əsas səbəblərdən biri müəllimlərin öz fikirlərini sərbəst ifadə etməkdən çəkinməsidir. Belə bir vəziyyətin mövcudluğu təsdiqlənərsə, bu, təhsil müəssisəsində idarəetmə və əmək münasibətlərinin ciddi problemlərlə üzləşdiyini göstərə bilər.

Aidiyyəti qurumlara suallarımız var

Beynəlxalq İnformasiya Agentliyi olaraq hesab edirik ki, təhsil müəssisəsində səsləndirilən bu qədər ciddi iddia cavabsız qalmamalıdır. Söhbət yalnız direktorla müəllimlər arasındakı münasibətlərdən deyil, dövlət büdcəsinin vəsaitlərindən, pedaqoji kadrların peşəkarlığından, şagirdlərin təhsil hüququndan və gələcək nəslin keyfiyyətli təhsil almasından gedir.

Elm və Təhsil Nazirliyindən, aidiyyəti regional təhsil idarəsindən və digər səlahiyyətli qurumlardan aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş edirik:

  1. Adilə Bağırovanın direktor kimi fəaliyyətinin son beş il üzrə hərtərəfli yoxlanılması nəzərdə tutulurmu?
  2. Məktəbdə müəllimlərin ixtisas uyğunluğu və sertifikatlaşdırma nəticələri ilə dərs bölgüsünün uyğunluğu yoxlanılıbmı?
  3. Rus bölməsində tədris aparan müəllimlərin rus dili biliyi və müvafiq ixtisas göstəriciləri qiymətləndirilibmi?
  4. Məktəbdə əlavə vəzifələrin, dərnəklərin və dərs saatlarının bölgüsü hansı meyarlarla həyata keçirilir?
  5. Məktəbin təmir, texniki xidmət və digər təsərrüfat xərclərinin sənədləri yoxlanılıbmı?
  6. Şagird sayının 870 nəfərdən 601 nəfərə düşməsinin səbəbləri araşdırılıbmı?
  7. Məktəbdə əməkdaşların hüquqlarının pozulması və şikayətçilərə təzyiq göstərilməsi barədə iddialar üzrə hansı tədbirlər görülüb?

Beynəlxalq İnformasiya Agentliyi hesab edir ki, bu məsələlərə formal cavablarla kifayətlənmək olmaz. Məktəbdə son beş ilin sənədləri, əmək müqavilələri, ştat cədvəlləri, dərs bölgüləri, tarifləşmə sənədləri, maliyyə əməliyyatları və sertifikatlaşdırma nəticələri müstəqil və hərtərəfli yoxlanılmalıdır.

Məktəb hər hansı şəxsin şəxsi maraqlarının təmin edildiyi müəssisə deyil, dövlətin gələcəyini formalaşdıran təhsil ocağıdır.

Burada çalışan hər bir müəllimə münasibət onun şəxsi əlaqələrinə görə deyil, peşəkarlığına, biliyinə və pedaqoji fəaliyyətinə əsasən müəyyən edilməlidir. Şagirdlərin təhsil hüququ, müəllimlərin əmək hüquqları və dövlət büdcəsinin vəsaitlərinin təyinatı üzrə xərclənməsi hər hansı şəxsin maraqlarından üstün tutulmalıdır.

Redaksiyamız Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə səsləndirilən iddiaların araşdırılmasını, aidiyyəti dövlət qurumlarının məsələyə hüquqi qiymət verməsini və nəticələr barədə ictimaiyyətə məlumat təqdim etməsini tələb edir.

Qarşı tərəfin – məktəb direktoru Adilə Bağırovanın, Naftalan şəhəri üzrə aidiyyəti təhsil qurumlarının və adı çəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.