Ağcabədidə saçaq pendir istehsalı ilə bağlı ciddi suallar: gigiyena qaydalarına kim nəzarət edir?
Ağcabədi rayonunda saçaq pendir istehsalı ilə məşğul olduğu bildirilən sahibkarın fəaliyyətinin sanitar-gigiyenik tələblərə uyğunluğu ilə bağlı ciddi suallar meydana çıxıb. Yerli sakinlərin və ictimaiyyət nümayəndələrinin narazılığına səbəb olan məsələ xüsusilə qida məhsulunun istehsalı ilə bağlı olduğu üçün daha diqqətli araşdırma tələb edir.
Məlumata görə, pendir istehsalının həyata keçirildiyi ərazidə gigiyenik qaydalara lazımi səviyyədə əməl olunmadığı iddia edilir. Qida məhsullarının istehsalı zamanı təmizlik, sanitar şərait, xammalın saxlanılması, istehsal avadanlıqlarının vəziyyəti və işçilərin gigiyena tələblərinə riayət etməsi mühüm şərtlərdən hesab olunur. Bu barədə özünü sahibkar kimi təqdim edən Ruslan adlı şəxslə əlaqə qurmaq istəsək də lakin buna müvəffəq ola bilmədik.
Bu tələblərin pozulması ilə bağlı hər hansı fakt varsa, məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılması zəruridir.
Söhbət qida məhsulundan gedirsə, burada məsuliyyət məsələsi xüsusilə ön plana çıxır. Çünki istehsal prosesində yol verilən hər hansı səhlənkarlıq son nəticədə istehlakçıların sağlamlığı üçün risk yarada bilər. Sahibkarın kommersiya fəaliyyəti aparması onun qanunvericiliyin tələblərinə əməl etmək məsuliyyətini aradan qaldırmır.
Məsələnin digər diqqətçəkən tərəfi isə saçaq pendirin istehsalı ilə bağlı səsləndirilən iddialardır. İctimaiyyət arasında bu məhsulun istehsalının qadağan edilməsi ilə bağlı fikirlər geniş yayılsa da, konkret olaraq hansı normativ-hüquqi tələbin tətbiq edildiyi və sözügedən istehsal sahəsinin həmin tələbləri pozub-pozmadığı rəsmi şəkildə dəqiqləşdirilməlidir. Bu səbəbdən aidiyyəti dövlət qurumlarının məsələ ilə bağlı aydın və hüquqi əsaslandırılmış mövqe ortaya qoyması vacibdir.
Əgər sözügedən müəssisənin fəaliyyəti həqiqətən də qanunvericiliyin tələblərinə ziddirsə, nəzarət mexanizmlərinin niyə vaxtında işə düşmədiyi sualı yaranır. Qida istehsalı ilə məşğul olan obyektlərin fəaliyyəti müvafiq qaydada yoxlanılmalı, istehsal şəraiti və məhsulun təhlükəsizliyi qiymətləndirilməlidir.
Burada əsas məsələ sahibkarın kimliyi deyil, istehlakçı hüquqları və qida təhlükəsizliyidir. Məhsul istehsal edən hər bir sahibkar bilməlidir ki, bazara çıxarılan qidanın təhlükəsizliyi birbaşa onun məsuliyyətidir. Qida məhsulunun hazırlanması zamanı sanitar normalara əməl edilməməsi isə ictimai maraq doğuran məsələdir.
İctimaiyyətin narazılığının yaranması da təsadüfi deyil. İnsanlar aldıqları qida məhsulunun hansı şəraitdə istehsal edildiyini bilmək hüququna malikdirlər. Xüsusilə süd və süd məhsulları kimi tez xarab olan qidaların istehsalında sanitariya və gigiyena qaydalarına ciddi əməl olunması vacibdir.
Mətbuat olaraq qeyd edirik ki, redaksiyamızın əlində səsləndirilən iddiaları tam təsdiqləyən yekun rəsmi sənəd yoxdur. Bu səbəbdən təqdim olunan məlumatları hazırda iddia və ictimai narahatlıq kimi qiymətləndiririk. Bununla belə, məsələ ciddi olduğundan aidiyyəti qurumların araşdırma apararaq ictimaiyyətə açıqlama verməsi məqsədəuyğun olardı.
Aidiyyəti qurumlar Ağcabədi rayonunda saçaq pendir istehsalı ilə məşğul olduğu bildirilən obyektin fəaliyyətini araşdırmalıdır: müəssisənin istehsal üçün müvafiq sənədləri varmı? İstehsal sahəsində sanitar-gigiyenik normalara əməl edilirmi? İstehsal olunan məhsul laborator müayinələrdən keçirilirmi? Məhsulun etiketlənməsi və satışa çıxarılması qanunvericiliyin tələblərinə uyğundurmu?
Əgər yoxlama nəticəsində hər hansı qanun pozuntusu aşkarlanarsa, qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Əks halda, sahibkarın fəaliyyətinin qanuni əsaslarının ictimaiyyətə açıqlanması vacibdir.
İstehlakçının sağlamlığı ilə bağlı məsələlərdə nəzarət və şəffaflıq əsas prinsip olmalıdır. Ağcabədidə saçaq pendir istehsalı ilə bağlı yaranan sualların cavabı da məhz aidiyyəti qurumların rəsmi araşdırmasından sonra məlum ola bilər. İctimaiyyət isə haqlı olaraq soruşur: qida istehsalında gigiyenik tələblərə əməl olunmasına kim və necə nəzarət edir?
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.





