Direktor müavinindən 35 min alıb, direktor təyin edəcəyinə inandırdı

160

Direktor müavinindən 35 min alıb, direktor təyin edəcəyinə inandırdı

Bakıda məktəb direktoru, rektor “təyin etdirən” şəxslə bağlı məhkəmə qərar verib.
Təqsirləndirilən şəxs 1977-cü il təvəllüdlü Rzayev Xaspolad Fazil oğludur.

O, Elm və Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən qohumları vasitəsi ilə universitet rektoru, məktəb direktoru, müəllim olmaq istəyən şəxsləri müəyyən pul müqabilində sözügedən vəzifələrə təyin etdirə biləcəyini deyib.

Təqsirləndirilən şəxs elm və təhsil nazirinin Taleh adlı köməkçisi və orada çalışan xalası oğlanları vasitəsi ilə 2003-2005-ci illər ərzində 10 nömrəli uşaq bağçasında direktor, 2006-cı ildən indiyədək isə Binəqədi rayonu 83 saylı məktəb-liseydə direktor müavini vəzifəsində işləyən Aybəniz Əliyevanı 35 min manata Nizami rayonunda yerləşən 251 saylı orta məktəbə direktor təyin etdirəcəyinə söz verib.

O, 2021-ci ildə Mərdəkan qəsəbəsində yerləşən uşaq bağçasından yaş həddinə görə təqaüdə çıxmış və bir illik də olsa, yenidən sözügedən işə bərpa olunacağına köməklik göstərəcəyinə əmin edərək, Gülxar Məmmədovadan 9 min manat alıb.

Hər iki zərərçəkmiş şəxsin pullarını mənimsəyən Xaspolad Rzayev Aybəniz Əliyevanın və Gülxar Məmmədovanın şikayəti əsasında saxlanılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödəndiyi üçün onlar məhkəmədə Xaspolad Rzayevdən şikayətçi olmayıblar.

O da məlum olub ki, Xaspolad Rzayev 18 oktyabr 2019-cu il tarixdən 28 dekabr 2021-ci ilədək Bakı Şəhər Təhsil İdarəsində təsərrüfat qrupunun rəisi vəzifəsində çalışıb.

Məhkəmə Xaspolad Rzayev barəsində Cinayət Məcələlsinin 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, bundan əvvəl – 2017-ci ildə də Xaspolad Rzayevin 1961-ci il təvəllüdlü İsmayılova Səfurə Əhliman qızı və 1960-cı il təvəllüdlü Mədətov Sübhan Niyaz oğlunu işə düzəltmək adı ilə aldadaraq, pullarını mənimsədiyinə görə saxlanılması məlum olub. Amma bu cinayət işindən yaxa qurtaran Xaspolad Rzayev müəmmalı yollarla Bakı Şəhər Təhsil İdarəsində təsərrüfat qrupunun rəisi vəzifəsinə kimi yüksələ bilib.