“Böyük zəfərdən tam və qəti qələbəyədək”

256

“Böyük zəfərdən tam və qəti qələbəyədək”

Azərbaycan məqsədinə yenə güc yolu ilə nail oldu. Necə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğalda olan əraziləri azad etdi, Ermənistan ordusu Azərbaycan Ordusunun gücü qarşısında “ağ bayraq” qaldırdı, Qarabağdakı qondarma xunta rejimi təslim oldu.

Azərbaycan ötən gün ərazilərində Ermənistan silahlı qüvvələrinin tərk-silah edilməsi, separatçı rejimin ləğvi və Azərbaycan Konstitusiya quruluşunun Xankəndidə bərpası istiqamətində lokal antiterror tədbirlərinə start verdi. Cəmi bir sutka ərzində Azərbaycan Ordusunun əməliyyatı ilə xunta rejiminin silahlı tör-töküntülərinin “hərbi müqavimət” adlandırdıqları dirənişi sındırıldı. 2020-ci il noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiyaya imza atdığı kimi, bu ilin sentyabrın 20-də də qondarma rejimin yeni “seçilmiş” oyuncaq “prezidenti” Samvel Şahramanyan təslim olduqlarını açıqladı.

Demək ki, rəsmi Bakı növbəti hədəfinə çatdı. İndi qanunsuz erməni silahlıları bölgədəki müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına silah-sursatlarını, hərbi texnikalarını təhvil verəcəklər. Eyni zamanda, qindarma qurum ləğv ediləcək. Azərbaycanın növbəti hədəfi Qarabağın erməni sakinlərinin reinteqrasiyasıdır. Reinteqrasiya prosesi də sabahdan etibarən başlayır. Belə ki, lokal antiterror tədbirlərinin dayandırılması ilə bağlı bəndlərdən biri də reinteqrasiya məsələlərinin həlli üçün Qarabağın sadə erməni sakinləri ilə Azərbaycan rəsmi şəxslərinin görüşlərinin təşkilidir.

İlk görüş sabah Yevlax şəhərində keçiriləcək. Düzdür, sabah keçiriləcək görüşdən hansısa ciddi nəticələr gözlənilmir. Çünki bu məsələlər bir görüşlə həll edilən məsələ deyil və bu reallığı biz anlayırıq. Əsas odur ki, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında görüş Azərbaycan ərazisində keçiriləcək. Bu isə problemin beynəlmiləlləşdirilməsinə Bakının imkan vermədiyinin göstəricisidir. Əvvəllər separatçılar çox cəhd etdilər ki, reinteqrasiya məsələləri ilə bağlı görüş hansısa xarici ölkədə keçirilsin. Məqsədləri də o idi ki, məsələ beynəlxalq müstəviyə çıxsın.

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və doğru siyasəti nəticəsində xaricdə görüçə Bakıdan birmənalı olaraq “yox” cavabı verildi. Ona görə Azərbaycan liderinin qətiyyəti sayəsində deyilməlidir ki, reinteqrasiya ilə bağlı görüşlərin xarici ölkələrdə keçirilməsi təşəbbüsü ilə beynəlxalq təşkilatlar və qlobal güclər tərəfindən Azərbaycana təzyiqlər edilirdi. Lakin bu təzyiqlərin qarşısında Azərbaycan Prezidenti, cənab İlham Əliyev mətanətlə dayandı, Azərbaycanın milli maraqları nəyi tələb edirsə, ona uyğun tələblərimizin yerinə yetirilməsinə çalışıldığını bəyan etdi.

Reinteqrasiya ilə bağlı Azərbaycanın təklifləri bəllidir: Qarabağın erməni sakinlərindən kim azərbaycanlılara qarşı müharibə cinayəti törətməyibsə, terror aktlarının təşkilatçısı və iştirakçısı olmayıbsa, onlar müraciət edə, Azərbaycan vətəndaşlığını qəbul edə, Azərbaycan qanunlarına uyğun şəkildə ərazilərimizdə yaşaya bilərlər. Onların hüquq və təhlükəsizliyinin tam təmin olunması Azərbaycan tərəfindən ən yüksək səviyyədə – Prezident səviyyəsində bəyan edilib. Müharibə cinayətkarları, azərbaycanlılara qarşı terrorda, soyqırımıda əli olan, iştirakı olan şəxslər isə Azərbaycan qanunları çərçivəsində cəzalandırılacaqlar.

Qarşıdakı mərhələdə yüngül cinayətlər törədənlərin əfvi məsələsinə Azərbaycan baxa bilər, hansı ki, bunu Prezident İlham Əliyev bir müddət əvvəl bildirmişdi. Azərbaycan vətəndaşlığını qəbul etməyənlər isə ərazilərimizi tərk edəcəklər. Bunun üçün yol açıqdır, hər bir şərait də yaradılacaq.

Reinteqrasiya məsələsi qarşıdakı il yarım müddətdə həll olunmalıdır ki, sonrakı mərhələyə keçid olsun – bu, Rusiya sülhməramlı hərbi kontingentinin Qarabağdan yola salınmasıdır. Məlumdur ki, sülhməramlı kontingent Üçtərəfli Birgə Bəyanata əsasən, 2025-ci ildə ərazini tərk etməlidir.

Təbii, Ermənistan və Azərbaycan tərəfindən hansısa Rusiyaya müraciət etmədiyi təqdirdə. Güman olunmur ki, Azərbaycan tərəfi sülhməramlıların qalması üçün müraciət ünvanlasın. Çünki reinteqrasiya məsələləri həll edildikdən sonra bölgədə sülhməramlılara ehtiyac qalmayacaq. 2025-ci ildə sülhməramlıların çıxarılması məsələsi yüksək səviyyələrdə bəyan edilib. Ona görə də il yarımdan sonra sülhməramlıların çıxarılması məsələsi gündəmə gələcək və Azərbaycan Prezidentinin qətiyyətli və xalqın iradəsini əks etdirən siyasəti nəticəsində bu məsələ də yoluna qoyulacaq.

Demək olar ki, Azərbaycan məqsədlərinə doğru addım-addım irəliləyir və bu gedişin sonunda hədəfə çatılır. Növbəti hədəflərə də ağıllı və uzaqgörən siyasət sayəsində nail olunacaq. Buna heç kəs şübhə etməməlidir.

Ali Baş Komandanımız İlham Əliyevin də dediyi kimi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi… Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Lakin düşmən 44 günlük müharibədən dərs çıxartmadı, öz düşmənçiliyinə davam etdi. Belə olan halda Ali Baş Komandanımızın əmri ilə “Qisas” əməliyyatlarına başlayan Azərbaycan ordusu düşmənə yerini göstərdi. Ancaq, buna baxmayaraq, Erməni öz erməniliyinə yenə davam etdi. Demək olar ki, az qala hər gün törədilən növbəti təxribatlar, ürəyimizi dağlayan şəhid xəbərləri… Bardağı daşıran sonuncu damla isə ermənilərin Xocavənd rayonu ərazisində minalama işləri aparmaları və nəticədə Daxili İşlər Nazirliyinin əməkdaşlarının minaya düşmələri oldu.

Bundan sonra başlatdığımız lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkməyinə baxmayaraq, Azərbaycan bütöv, Qarabağ isə tam azad olundu!

Alnımızın Qarabağ adlı ləkəsini silən, başımızı ucaldan və bu uğurda şəhid olan bütün vətən oğullarına bir ömür borcluyuq…

Rüstəmov Ələskər Mövlud oğlu

Bakı şəhəri Nəsimi  Rayon təsərrüfatı şöbəsi

Böyük məsləhətçi