Birinci vitse-prezident Mehriban Əliyeva dünyaya mərhəmət və humanistlik nümunəsi sərgiləyir

243

Birinci vitse-prezident Mehriban Əliyeva dünyaya mərhəmət və humanistlik nümunəsi sərgiləyir

“Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir”.
Mehriban Əliyeva Birinci vitse-prezident
Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci ilin fevralın 21-də imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.
Ölkəmizin hərtərəfli inkişaf və yeniləşmə yolunda qazandığı tarixi nailiyyətlərdə, heç şübhəsiz, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskar fəaliyyətinin, əzmkar mübarizəsinin və humanistliyinin də böyük rolu var. Mehriban xanımın hələ Birinci vitse-prezident təyin olunmazdan öncə də Heydər Əliyev Fondunun prezidenti və Azərbaycanın birinci xanımı kimi ictimai, siyasi və mədəni sahədəki fəaliyyətini ölkə ictimaiyyəti yüksək qiymətləndirib.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda “Avroviziya” müsabiqəsi, I Avropa Oyunları və digər çoxsaylı beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib. Belə populyar və humanist tədbirlər ölkəmizə xarici aləmdə böyük nüfuz qazandırır.
Səhiyyə sahəsində bir sıra layihələrin reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Birinci vitse-prezident kimi Mehriban xanımın səhiyyəmizin inkişafına da göstərdiyi diqqət və qayğının yeni mərhələyə daxil olması xüsusi qeyd edilməlidir. Bakıda və regionlarda mövcud tibb müəssisələrinin əsaslı təmirində, yenilərinin yaradılmasında, müasir səhiyyə ocaqlarının istifadəyə verilməsində Mehriban xanım Əliyevanın xeyirxah köməyi danılmazdır.
Diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığını daim diqqətdə saxlayan Mehriban xanımın bilavasitə himayəsi ilə Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyatı olan Qan Bankının yaradılması da milli səhiyyəmizin ciddi uğurlarındandır. Məhz Mehriban xanımın təşəbbüsü ilə diabetli uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü və köməyi ilə ölkəmizdə çoxsaylı tibb müəssisələri tikilmiş, əsaslı təmir olunmuşdur. Mehriban xanım Əliyevanın 2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin yeni tikilmiş Uşaq Klinikasında olması da çağdaş səhiyyəmizin unudulmaz bir səhifəsinə çevrilmişdir. Bu da səbəbsiz deyil, çünki hər bir dövlətin əsas öhdəliklərindən biri də xalqın sağlam gələcəyini təmin etməkdir.
Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır.
Ölkəmizin gələcəyini sağlam ruhlu, təhsilli, savadlı uşaqlarda görən Mehriban xanım Əliyeva uşaqlarla görüşündə demişdir: “Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz—bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız”.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva insanların zehninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana deyil, bütün dünyaya son dərəcə gözəl bir nümunə – mərhəmət və humanistlik nümunəsi sərgiləyir.
Hörmətli və əzizimiz Birinci Vitse-prezident Mehriban xanım Əliyeva. Sizi yeni yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edirik, Sizə həyatda sağlam ömür, xoşbəxt gələcək, xoş və firavan həyat arzulayıram.
Doğum gününüz mübarək!

Hacı Zaur Tariverdiyev

Sumqayıt maşın bazarının rəhbəri