Xeyriyyəçi xanım, nəcib insan

338

Xeyriyyəçi xanım, nəcib insan

Mehriban xanım Əliyevanın taleyində çox yerdə birinci və aparıcı olmaq qisməti var. O özü də bu qismətin fərqindədir. Bu şansın məsuliyyətini dərk etdiyindəndir ki, indi əsl Azərbaycan qadınının simvoluna çevrilib, bütün dünyaya Azərbaycan qadınının son dərəcə gözəl nümunəsini sərgiləyir. Fəaliyyəti ilə sübut edir ki, bu gün Azərbaycan qadını güclü olmalıdır. Güclü olmaqdan ötrü isə, hər kəsdən daha bilikli, daha adil, daha ağıllı, daha intellektli olmaq lazımdır. Qəlbimiz hər kəsinkindən daha çox insan sevgisi ilə dolu olmalıdır. Bax, o zaman bütün çətinlikləri aradan qaldırmaq mümkünləşər.
Mehriban xanım taleyinə, qismətinə düşən dövrün nəbzini tutaraq ağlı, müdrikliyi, ən əsası, bunu gözəlləşdirən əməlləri ilə onun fövqünə ucalmağı bacarıb. O, sadəliyi və xeyirxahlığı ilə, qısa zamanda, bütün Azərbaycan xalqının və bəşəriyyətin tərəqqipərvər kəsiminin böyük sevgisini qazanıb. Dünya bu zərif, incə xanımın insan sevgisi ilə dolu ürəyinə heyrandır, Onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələr böyük rəğbət qazanmışdır. O, indi dünyada zəif və zərif cinsin ən güclü, ən qüdrətli simalarından biri kimi tanınır və qəbul olunur. O, indi dünyanın ən gənc və sevilən, hörmətlə yanaşılan birinci xanımların-dandır.
Azərbaycanda milli dövlətçilik tariximizdə, ilk dəfə olaraq, Birinci Xanım institutunu formalaşdıran Mehriban Əliyeva az zaman ərzində Azərbaycan qadınının kimliyini bütün dünyaya göstərdi.
Alimlər insanın bioloji varlıqdan şəxsiyyətə çevrilməsində, onun inkişafında, fitri istedadının püxtələşməsində genetik amillərin rolunu çoxdan təsdiqləyiblər. Mehriban xanım Əliyevanın həyatında da bu amillərin rolu danılmazdır. O, ziyalı ailəsində doğulub. Valideynləri Azərbaycan elmində və ədəbiyyatında ağır çəkiyə malik insanlardır. Babaları da ədəbiyyatımızda, söz sənətimizdə izi olan, sözü, səsi eşidilən, qəbul edilən, yüksək vətəndaşlıq nümunəsi ilə seçilən ziyalılar olub.
O, həm də Azərbaycan tarixində yeri əbədiləşən müdrik bir dövlət başçısının, ailəsinin üzvü olub və tale Onu həm də Azərbaycanın Birinci Xanımı edib.
Amma xalqın sevimli övladı olmaq, millətin sevgisini qazanmaq taleyin, qismətin işi deyil – bu məhəbbəti qazanmaq lazımdır. Tək-tək adama nəsib olan bu sevgini O öz əməlləri, ağlı, iradəsi, qabiliyyət və bacarığı ilə əldə edib.
O öz millətinə, xalqına olduqca saf, insanlara sadə, səmimi, təmənnasız münasibətilə buna nail olub. Bu gözəl münasibət Onun ən qiymətli sərvətidir.
Heç şübhəsiz, insan müəyyən zaman və məkanla, yaşadığı ətraf mühitlə sıx bağlıdır. Platon deyib: “Heç kim təsadüfən yaxşı insan olmur”. Mehriban xanım Əliyevanın fəaliyyətində də sələflərinin izi var. O, genetik kodu, qan yaddaşı ilə Ona ötürülən əməllərə sadiqdir.
Ata-baba yolunu onların adına layiq, hələ ondan da artıq davam etdirmək, təbii ki, hər övladın, hər xələfin işi deyil. Babası Mir Cəlal Paşayevin ədəbiyyatımızın inciləri sırasında özünə yer alan, hər birimizin təkrar-təkrar oxuduğu, dəyişən zamanlarda belə milli-mənəvi dəyərlərə söykənən təsir gücünü, əhəmiyyətini itirməyən təkcə bir əsərini – “Bir gəncin manifesti”ni yada salaq. Əsl ziyalılıq etalonu olan bu yazıçının, bu söz adamının, bu alimin həmin əsəri gənclər üçün tərbiyə məktəbi idi və indi də bu rolu oynamaqdadır. “Bir gəncin manifesti”ndən hələ də öyrənəcəklərimiz çoxdur. Bir fakt da danılmazdır ki, belə bir əsər yalnız öz millətinə, xalqına, onun mənəviyyatına, mental dəyərlərinə sadiq olan bir insanın qələmindən çıxa bilərdi. Ana babası Nəsir İmanquliyevin jurnalist məktəbini keçən hər bir jurnalist yaxşı bilir ki, Nəsir müəllim bu sahəyə iliyinə qədər bələd olan peşəkar olmuşdur. Onun nəzəri-təcrübi məktəbində dərs alıb, ondan nəsə öyrənməmək qeyri-mümkün idi. Aida İmanquliyeva və Arif Paşayev – bu iki alimin, iki ziyalının da Azərbaycan elmi, Azərbaycan təhsili qarşısında sanballı xidmətləri heç kimə sirr deyil. Mehriban Əliyeva onların ailə tərbiyəsini görüb, onların nəsihətlərini, tövsiyələrini eşidib. Sonra da Azərbaycan xalqının böyük övladı, müdrik siyasətçi Ulu Öndər Heydər Əliyevin və bənzərsiz alim, gözəl insan, akademik Zərifə Əliyevanın gəlini kimi onların məsləhətlərini dinləyib. Hər iki ailədə gördüklərini, öyrəndiklərini yaddaşına yazıb. Azərbaycana, azərbaycançılığa bitib-tükənməyən sevgisi də bu yaddaşdan qaynaqlanır.
Cəmiyyətdə qadınların üzərinə düşən öhdəliklər hər zaman böyük olub. Tariximizin bütün dövrlərində cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilən, adı tarixə yazılan Azərbaycan qadınları olub. Onlar zəriflikləri, incəlikləri qədər də mübariz, əzmkar, dözümlü və yardımsevər olublar. Odur ki, üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər. Müasir dövrdə də qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər xüsusi aktuallıq kəsb edir.
Mədəni irsin təbliğinə diqqət və qayğı
Azərbaycan qadınlarının ən yüksək keyfiyyətlərindən biri də müasirliklə yanaşı, həm də xalqına, kökünə bağlı olmalarıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz çoxşaxəli və məhsuldar fəaliyyətində hər zaman Azərbaycanın tarixi nailiyyətlərinə, zəngin mədəniyyətinə, elm və təhsil sahələrinə diqqət və qayğı ilə yanaşır. Hələ 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin təcəssümü və inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərlərindən olan, dünya siyahısına daxil edilən muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində onun təşəbbüsü ilə təqdirəlayiq işlər həyata keçirilib.
Bundan başqa, Azərbaycan muğam sənətinin qorunub saxlanılması, təbliği məqsədilə nəzərdə tutulan “Muğam-irs”, “Muğam dəstgah”, “Muğam-Antologiya” layihələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüs və xidmətlərinin nəticəsidir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 120 illiyi münasibətilə təşkil edilən televiziya muğam müsabiqəsi görülən dəyərli işlərin davamı kimi böyük maraq doğurub.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 18-25 mart 2009-cu ildə Bakıda “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirilib. Qeyd edək ki, festival mərasimləri xalqımızın milli və tarixi adət-ənənələrini yaşadan Novruz bayramı ərəfəsində təşkil olunub. Əsas məqsədi müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiqincə yer tutması olan Muğam festivalının keçirilməsi ənənəvi hal alıb. Tədbirdə yalnız Azərbaycanın deyil, dünyanın tanınmış sənətkarları da iştirak ediblər.
“Muğam aləmi” Beynəlxalq Muğam Festivalı uğurlu, yaddaqalan və davamlı olub. Muğam sənətimizin təbliği və inkişafı nəzərdə tutularaq keçirilən növbəti festivallarda da dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak ediblər. Həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində festivallar çərçivəsində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil edilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri keçirilib.
Azərbaycan xalqına xas, eyni zamanda bütün dünya musiqi ictimaiyyəti üçün dəyərli olan muğam sənətinin əbədiyaşarlığını qeyd edən Mehriban Əliyeva diqqətə çatdırıb ki, hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır: “Qərblə Şərqin arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır”. O, muğamın insanlara bəxş etdiyi mənəvi zövqün, zənginliyin, duyğuların heç nə ilə əvəz oluna bilmədiyini vurğulayıb. Muğamın Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısı olduğunu diqqətə çatdırıb: “Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, muğam gözəlliyin və məhəbbətin rəmzidir desəm, səhv etmərəm”.
Mehriban Əliyeva diqqətə çatdırıb ki, muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur.
Azərbaycanlı olmağın qüruru
Tarixə hörmətin, ehtiramın bir yolu da bu günə qayğı ilə yanaşmaqdır. Çünki hər keçən gün tarixə çevrilir. Ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə hətta respublikamızın ən ucqar yerlərində belə məktəb binaları, səhiyyə və tibb məntəqələri inşa və bərpa edilir.
Mehriban Əliyeva gələcəyimiz olan körpələrə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əməkdaşları mütəmadi olaraq kimsəsizlər və körpələr evlərinə baş çəkir. Müstəqil Azərbaycanda körpələrin, uşaqların sağlam və savadlı böyüyüb tərbiyə olunması üçün mühüm işlər görülür.
Kollektivimiz adından alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, kreativ, yüksək erudisiya sahibi olan, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edirik. Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban xanım Əliyevaya can sağlığı, ailə səadəti, işlərində yeni-yeni müvəffəqiyyətlər və uğurlar arzulayırıq.

Fuad Hacıyev

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru