Sumqayıtda sahibkarlarla “qızıl zəmanət” qalmaqalı: “30 faiz Zakir Fərəcova çatacaq”

214

Sumqayıtda sahibkarlarla “qızıl zəmanət” qalmaqalı: “30 faiz Zakir Fərəcova çatacaq”

Sumqayıtda icra başçısı ilə sahibkarlar arasında pul qalmaqalı davam edir.

JAMAZ.İNFO xəbər verir ki, hələ 2016-cı ildən başlamış proses heç bir şəkildə həllini tapmır. Belə ki, icra başçısı Zakir Fərəcov, Sumqayıt Dənizkənarı Bulvarında həyata keçirilmiş abadlıq və yenidənqurma işlərində iştirak etmiş iş adamları 7 ildir 10 milyon manatdan çox pullarını ala bilmirlər. Fərəcov bu illər ərzində pulları sahiblərinə ödəməmək üçün çoxsaylı vasitələrdən istifadə edib. Həmin iş adamlarını təhdid etməkdən tutmuş, həbsə gödərməyə qədər hər şey edib. Hətta bir neçə dəfə onların şəhərə girişinə də qadağa qoyub. Lakin son zamanlar edilən şikayətlər, hüquq mühafizə orqanlarının apardığı araşdırma, icra başçısını qismən geri çəkilməyə məcbur edib. Amma bu zaman da Fərəcov şərtli danışıqlara başlayıb.

Saytımıza daxil olan məlumata görə, sahibkarlarla danışığı icra başçısının özü aparmır. Bu dəfə də “sağ əli”, Sumqayıtda bütün “qara işlər”in kralı kimi tanınan şöbə müdirini önə verib. Sahibkarların JAMAZ.İNFO-ya verdiyi məlumata görə, onlarla danışığı şöbə müdiri Gündüz Əliyev aparır. Ötən gün keçirilən görüşdə Əliyev bildirib ki, köhnə borcları qaytara bilərlər. Lakin bunun üçün şərtləri var. Həmin şərtlərdən biri budur ki, iş adamları Zakir Fərəcov və Gündüz Əliyevə notarial qaydada təsdiq olunmuş “qızıl zəmanət” verməlidir. Həmin “zəmanət” də odur ki, guya, iş adamları onlara çatacaq pulları alıblar. İkinci şərt isə odur ki, mövcud borcun 30 faizini icra başçısına bağışlamalıdırlar. Yəni, həmin məbləğdən imtina edib, yerdə qalanını almalıdırlar. İş adamları deyir ki, bütün bu prosedurlardan sonra da Gündüz Əliyev onlara pulun indi verilməyəcəyini deyib:

“Bizə deyir ki, siz həmin sənədi imzalayın. Hazırda Sumqayıtda yoxlama var. Prokurorluğu yola saldıqdan sonra pulunuz ödəniləcək. Bunlar bizi ya ələ salır, ya da axmaq yerinə qoyurlar. Bu gün dedikləri sənədi imzalasaq, sabah pulu necə alacağıq? Hansı sübutla?”

Bildirilir ki, bu danışıqlar zamanı sahibkarların böyük qismi razılaşmadan imtina ediblər. Onlar pullarını tələb ediblər. Əks təqdirdə, məhkəməyə və dövlət qurumlarına müraciət edəcəklərini deyiblər. Kiçik bir qrup isə borclarının çox olması, borc sahiblərinin onları sıxışdırması səbəbindən təkliflə razılaşıb və 30 faiz məsələsinə qol çəkib. Məlumatda qeyd edilir ki, sahibkarlarla görüşdə təkcə Gündüz Əliyev deyil, həmçinin Sumqayıtın memarlıq idarəsinin rəhbəri Adil Xudadatov da iştirak edir. Maraqlısı odur ki, Xudadatov iş adamları ilə görüşdə borcun 30 faizinin Zakir Fərəcova çatacağını dilə gətirib:

“Bizə dedi ki, ağsaqqalı çox sıxışdırırlar. Ona kömək lazımdır. Həmin 30 faiz də Zakir müəllimə çatacaq. İşləyən biz, camaata borclu qalan biz, pulumuzu yeyənsə Zakir. Bu qanunsuzluğa, haqsızlığa dur demək lazımdır”.

Az öncə isə məlum olub ki, sahibkarlar bu gün Baş Prokurorluğa Zakir Fərəcovdan şikayət ediblər. Onlar pullarının ödənilməsi üçün rəsmi qurumdan kömək istəyiblər. Qeyd edək ki, Gündüz Əliyev və Adil Xudadatov Zakir Fərəcovun xas adamları kimi tanınır və Sumqayıtda pulyığma prosesinə başçılıq edirlər.

P.S. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.