Heydər Əliyevin məhkəmə-hüquq sisteminin təşəkkülü və inkişafında rolu
Müstəqil Azərbaycan Respublikasının banisi, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu prosesindəki əsas fəaliyyət istiqamətlərindən birini də müasir və demokratik məhkəmə-hüquq sisteminin formalaşdırılması, ölkəmizdə ədalət mühakiməsinin əsas şərtlərə və prinsiplərə uyğun olaraq həyata keçirilməsinin təmin edilməsi təşkil etmişdir. Bu istiqamətdə ilk mütərəqqi addım müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi olmuşdur.
İctimai həyatın müxtəlif sahələrini tənzimləyən qanunların cəmiyyətin inkişaf ahənginə uyğun müasirləşdirilməsi, habelə insan hüquq və azadlıqlarının daha etibarlı təminatı baxımından məhkəmələrin fəaliyyətində çevik mexanizmlərin tətbiqi mühüm şərtlərdən sayılır. Avratlantik məkana inteqrasiya kursunu prioritet seçməklə hər bir fərdin maraq və mənafeyinin yüksək səviyyədə təminatını qarşıya məqsəd qoymuş müstəqil Azərbaycan Respublikasında da dövrün tələblərinə cavab verən məhkəmə-hüquq islahatlarının aparılması davamlı prosesə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə gerçəkləşən bu islahatların qayəsində məhz vətəndaşların konstitusion hüquq və azadlıqlarının maksimal müdafiəsi məsələsi dayanmışdır.
Bu gün tam əminliklə demək olar ki, məhz ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız xalqın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu olaraq demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Əsas Qanunda respublikada müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması ilə bağlı bir sıra mühüm müddəalar əksini tapmış, habelə bu qurumun dövlət idarəçiliyi sistemində layiqli yeri və rolu müəyyənləşdirilmişdir.
Ulu öndər Heydər Əliyev çıxışlarında xüsusi qeyd etmişdir ki, hüquqi dövlətin ən prinsipial şərti məhkəmə sistemində islahatların keçirilməsidir. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixində “Məhkəmələr və hakimlər haqqında” qanunun qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyət daşımışdır. Qanun əsasında məhkəmə-hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, qısa müddət ərzində yeni mütərəqqi qanunlar qəbul edilmiş, üçpilləli yeni məhkəmə sistemi yaradılmışdır
Ulu öndər Heydər Əliyev müdrik rəhbər olaraq cəzanın humanistliyi və adekvatlığını, tərbiyəvi əhəmiyyətini də daim önə çəkərək ölkədə əfvetmə institutunun formalaşması istiqamətində real addımlar atmışdır. Bu baxımdan, 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, ölüm hökmünün ləğvi Avropa Şurasının üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən biridir. Yaradılışın ali varlığı, əşrəfi sayılan insanın hər hansı səbəbdən edam edilməsi humanizm və insanpərvərlik prinsipləri baxımından qətiyyən qəbul olunmur. Ölüm hökmünün tətbiqi cinayət törətmiş məhkumun tərbiyə və islah olunaraq sağlam cəmiyyətə qovuşması baxımından yolverilməz sayılır.
Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi – bağışlanması da təqdirəlayiq ənənəyə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır. 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma şamil edilmişdir. Bir qayda olaraq əlamətdar günlərlə bağlı imzalanmış əfv fərmanları məhkumlarda və onların yaxınlarında böyük sevinc hissi doğurmuş, ciddi tərbiyəvi məzmun kəsb etmişdir. Məlumat üçün onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun imzalamış, 20 mindən çox məhkum azadlığa buraxılmışdır.
nsan və vətəndaş hüquqlarının yüksək səviyyədə təminatına xidmət edən bu siyasət son 10 ildə yeni dövrün tələbləri səviyyəsində davam etdirilir. İslahatların keyfiyyətcə yeni mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti məsələləri şuranın səlahiyyətinə aid edilmiş, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum – Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Bununla yanaşı, Məhkəmə-Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin tədrisi ilə məşğul olan ayrıca sektor fəaliyyətə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev son 10 ildə əfvetmə institutunun da çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Cənab İlham Əliyevin ötən müddətdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Hər bir vətəndaşın Prezidenti olduğunu sübuta yetirmiş cənab İlham Əliyev bu və digər səbəblərdən cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə deyildir: məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, qeyri-hökumət təşkilatlarının, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev bir-birinin ardınca əfv fərmanı imzalayır.
Son illər ərzində Azərbaycan parlamentarizmi tarixində ilk dəfə Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi, siyasi məzmun kəsb etmişdir. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş növbəti amnistiya aktı isə onun fəaliyyətinin yüksək humanizm və insanpərvərliyə əsaslandığını bir daha təsdiqləyir.
Dövlət başçısı cənab İlham Əliyev ölkədə hüquqi, siyasi və iqtisadi islahatların bundan sonra da paralel şəkildə aparılacağını, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dövlət səviyyəsində lazımi diqqət və qayğının göstəriləcəyini xüsusi vurğulayır. Şübhə etmədən demək olar ki, dövlət başçısının uğurla həyata keçirdiyi bu islahatlar nəticəsində Azərbaycanda məhkəmələrin fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlək mexanizmlər əsasında həyata keçirilməsi mümkün olacaqdır.
Həbib Bəhram oğlu Həsənov
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi