“Azərbaycan yol infrastrukturu keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır”

295

“Azərbaycan yol infrastrukturu keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır”

Yol infrastrukturu yenilənir, sosial-iqtisadi inkişaf sürətlənir

Yeni yolların çəkilişi ölkənin bütün bölgələrini əhatə edir

Regionlarda yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması istiqamətində işlər davam etdirilir
Məlum olduğu kimi, ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlar yol-nəqliyyat kompleksinin inkişafında da qabarıq nəzərə çarpır. Bu da səbəbsiz deyil. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. Ölkəmizin hər yerində – paytaxtımızda, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, ötən müddət ərzində beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Onu da qeyd edək ki, bu istiqamətdə işlər hazırda da davam etdirilir. Bu barədə bir qədər sonra. Hələlik isə vurğulamaq yerinə düşər ki, görülən işlər zəngin potensiala malik Azərbaycanda yol infrastrukturunun inkişafının mühüm prioritetlər sırasında olduğunu bir daha təsdiqləyir.

Bu il əsas diqqət işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına yönəldilsə də, digər bölgələrdə də bir çox infrastruktur layihələri həyata keçirilir.

Prezident İlham Əliyev hələ ilin əvvəlində bildirmişdi ki, Qarabağdakı quruculuqla yanaşı, respublikanın başqa rayon və şəhərlərində nəzərdə tutulan işlər qaydasında davam edəcək. Bu istiqamətdə bir çox işlər artıq tamamlanıb, hətta yeni layihələrə start verilib.

İnfrastruktur layihələri sırasında yol çəkilişi ön yerlərdən birini tutur. Çünki yollar yeniləndikcə ölkədə iqtisadi həyat daha da canlanır, kənd təsərrüfatı, turizm və digər sahələrdə inkişaf sürətlənir. Yolların müasir səviyyədə inşası eləcə də əhalinin rahatlığını təmin edən əsas sosial amildir.

Müasir yol infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsini təşkil edir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Rahat və abad yol isə, qeyd edildiyi kimi, dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amillərdəndir.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının həyata keçirilməyə başlandığı 2004-cü ildən bəri ölkəmizdə hər il 1000 kilometrdən çox yeni yol istifadəyə verilir. Prezidentin paytaxtda və bölgələrdə yeni yolların tikintisi barədə son aylarda verdiyi sərəncamlar bu istiqamətdə aparılan işlərin davamlı olduğunu bir daha təsdiqləyir.

Mühüm sosial-iqtisadi amil olan yolların tikintisinə belə böyük diqqət bir daha sübut edir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqları dayanır.

Mahmud Bağırov

Masallı rayon Yol İstismarı İdarəsinin rəisi