Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq olunmuş bir cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsində bəraət alan vətəndaş Z.Hüseynov yenidən həbs təhlükəsi ilə üzləşib.
Gununsesi.info-ya üz tutan vətəndaş bildirib ki, buna səbəb isə bəzi adamların ölkənin baş prokuroru Kamran Əliyevdə onun haqqında yanlış təsəvvür formalaşdırmasıdır. Z.Hüseynovun redaksiyamıza göndərdiyi müraciəti olduğu kimi təqdim edirik:
Uzun illərdir ki, Türkiyə Respublikasında biznes fəaliyyəti ilə məşğul oluram. 2019-cu ildə Türkiyədə bəzi azərbaycanlı kriminal qruplar tərəfindən mənə təzyiq edilərək, onlarla “biznes ortağı” olmağımı istədilər. Lakin mən razılıq vermədikdən sonra təhdidlərə və təzyiqlərə məruz qalmağa başladım. Həmin şəxslər açıq şəkildə mənə Türkiyə Respublikasından didərgin salınacağımı və illərlə ora qayıda bilməyəcəyimi bildirdilər. Bu barədə əvvəlcədən dəfələrlə hüquq-mühafizə orqanları müraciət etsəm də heç bir xeyri olmadı. Həmin şəxslər isə bir növ məqsədlərinə nail oldular.
Belə ki, 2020-ci ilin noyabr ayında mənə məxsus olduğu bildirilən prokurorluğa aid saxta vəsiqə guya, Yasamal RPİ-nin əməkdaşları tərəfindən karantin vaxtı ilə əlaqədar olaraq xidmətdə olduqları zaman tapılmış və daha sonra həmin əməkdaşlar vəsiqəni Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil vermişlər. Bundan sonra isə AR CM-nin 32.4, 297.1 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olundum. Lakin ittiham tamamilə qanunsuz və əsassız olduğundan Binəqədi Rayon Məhkəməsinin ədalətli qərarı ilə barəmdə bəraət hökmü çıxarıldı.
Qeyd edim ki, ittihamın qondarma olduğu iş üzrə materiallarından da açıq-aşkar görünür. Belə ki, ilk növbədə sözügedən vəsiqənin tapıldığı ərazidə olub-olmadığımı müəyyənləşdirmək üçün mənə məxsus telefon nömrəsinin anten məlumatları və avtomobillərin trayektoriyalarına dair müvafiq sorğular verilmişdir. Verilmiş sorğular nəticəsində və ətrafdakı istər müşahidə kameraları, istərsə də həmin ərazidə şahid ifadələri ilə ümumiyyətlə həmin ərazidə olmadığım, ordan keçmədiyim müəyyənləşdirilmişdir. Eyni zamanda vəsiqənin daxilində vəsiqə sahibinin(guya mənim) imzası yerində çəkilmiş imzanında məhkəmə-xəttşünaslıq ekspertizası ilə mən tərəfdən imzalanmadığı öz təsdiqini tapmışdır. Vəsiqənin üzərindəki şəkilin isə “Facebook” sosial şəbəkəsində hesabımdan götürülərək fotomontaj vasitəsilə vəsiqənin üzərinə yapışdırıldığı məlum olmuşdur. Hətta vəkilim tərəfindən Milli Hidrometereolgiya Mərkəzinə verilmiş sorğudan məlum olmuşdur ki, vəsiqənin tapıldığı gün hava güclü küləkli olmuş və yağış yağmışdır. Lakin işin ən maraqlı tərəfi buna baxmayaraq vəsiqənin üzərində bir tək belə cızıq, ləkə və s. olmamasıdır. Sanki hansısa gözəgörünməz qüvvə vəsiqəni yağmurdan, küləkdən, palçıqdan, hansısa avtomobilin vəsiqənin üzərindən keçməsindən, hansısa insanın vəsiqəni tapdalamasından qorumuş və təsadüfə baxınki vəsiqəni polis nəfəri tapmışdır. Vəsiqənin mən tərəfdən hazırlandığına və istifadə edildiyinə dair tək bir sübut belə yoxdur. Buna görə edilmiş bütün təzyiqlərə baxmayaraq Binədqədi RM barəmdə bəraət hökmü çıxarmış və bunu həzm edə bilməyən prokurorluq tərəfindən apellyasiya protesti verilmişdir. İndi isə hər cür üsul və vasitələrə məhkəməyə təzyiq edilir və əsassız vəsatətlər verilərək iş süni şəkildə uzadılır. Məqsəd isə yuxarıda da qeyd etdiyim kimi mənim xaricə çıxışıma məhdudiyyət qoyub biznesimi çökdürməkdir.
Mən Gununsesi.info vasitəsi ilə ölkəmizin Baş Prokuroru Cənab Kamran Əliyevə müraciət edərəm. Səmimiyyətimlə bildirirəm ki, mənim heç bir cinayətim yaxud da pis əməlim yoxdur. Bəzi adamlar onun təsəvvüründə barəmdfə yanlış rəy formalaşdırın.
Bu gün intihar həddinə çatmışam. Kriminallarla prokurorluq arasındakı bu cür qanunsuz əməkdaşlıq sadə bir vətəndaş olaraq məni artıq çökdürüb. Vətəndaşın üzərinə bu qədər gedilməsi eyni zamanda milli maraqlara və dövlətçiliyə zidd olmaqla bir növ vəzifə səlahiyyətlərindən sui-istifadədir.