Azərbaycan qardaş Türkiyəyə dəstək olmağı özünün şərəf borcu sayır

409

Azərbaycan qardaş Türkiyəyə dəstək olmağı özünün şərəf borcu sayır

Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Əjdər oğlu Qasımov: “…Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.

Prezident İlham Əliyevin fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdiyi zaman səfir Cahid Bağcı ilə söhbəti əsnasında bildirdiyi kimi, Azərbaycan həmişə olduğu kimi, bu çətin günündə də qardaş Türkiyəyə dəstək olmağı özünün mənəvi, şərəf borcu sayır.

Necə ki, Azərbaycan xoş günlərində olduğu kimi, ən dar günlərində, sınaqlarla üz-üzə olduğu anlarda hər zaman Türkiyəni öz yanında, arxa-dayağı görüb.

Xalq əlindən gələn köməyi göstərir

Fevralın 6-da Türkiyədə baş verən 7.7 bal gücündə olan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan qardaş Türkiyənin imdadına yetməyə tələsib.

Faciə baş verən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.

“Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir”, – deyə Türkiyə səfiri ilə söhbəti zamanı dövlət başçısı İlham Əliyev xüsusilə diqqətə çatdırdı ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir: Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.

Qardaş köməyi

Prezidentin tapşırığına əsasən, Azərbaycan dövləti zəlzələ baş verdikdən dərhal sonra Türkiyəyə hərtərəfli yardım göstərir.

Fevralın 6-dan Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.

Ümumilikdə, faciə baş verdiyi dövrdən fevralın 8-nə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim, 7 nəfəri texniki işçi olmaqla tibbi heyətdir.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair mal-materiallar zərərçəkmiş əhali üçün humanitar yardımı əhatə edir.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.

Fevralın 8-də Azərbaycanın səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı ümumilikdə tibb müəssisələrində 2000 çarpayının ayrıldığını diqqətə çatdırıb.

Həmçinin Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

Heydər Əliyev Fondu humanitar yardımları ilə Türkiyəyə dəstək olur

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.  Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Mehriban Əliyevanın göstərişinə əsasən, ötən gün fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.

Fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları humanitar yardımı Türkiyənin faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdırıblar. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi barədə çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya fevralın 14-dək davam edəcək. Kampaniya zamanı RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.

“İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!”

Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında humanitar yardım gətirən Heydər Əliyev Fondunun əməkdaşları ilə görüşüb.

Baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran fondun nümayəndəsi Elvin Aslanov bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib.

Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan bildirib: “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!” Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndərilən yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”

Sevincimizi də, kədərimizi də birgə yaşayırıq

Tarixin və zamanın sınaqlarından hər zaman üzüağ çıxan bu iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin həmrəyliyi, dostluğu, qardaşlığı bütün çətinliklərin öhdəsindən gəlməyə qadir olub. Yaşanan fəlakətlərə, çətinliklərə birgəliklərinin gücü, əzmi ilə qalib gəliblər. Biz hamımız bir qardaşın digərinin hayına səs verməsinin, ona mənəvi dəstək olmasının ən parlaq nümunəsinə Vətən müharibəsi zamanı şahidlik etmişik. Haqq uğrunda çıxdığımız Zəfər yürüşünün 44 gününün hər birində türkiyəli qardaşlarımızın böyük mənəvi dəstəyini hiss etdik, yalqız olmadığımızı bildik, qürurlandıq…

Eləcə də Azərbaycan dövləti və xalqı sevincli günlərində də, ağrı-acılı anlarında da hər zaman türkiyəli qardaşlarımızın yanında, onlarla çiyin-çiyinə olur. Qürur anlarımızın fəxrini də, hüznlü günlərimizin acısını da birgə yaşayırıq.

Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”.