Diqqət və qayğı bizi daha da ruhlandırır

368

Diqqət və qayğı bizi daha da ruhlandırır

Ümummilli liderimiz Heydər Əliyev şanlı xidmət yolu keçmiş Azərbaycan polisini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan Respublikasının dövlət atributlarından biri də Azərbaycan Ordusu ilə yanaşı, Daxili İşlər Nazirliyidir, bu nazirliyin sistemində olan idarələr və qoşun hissələridir, polis orqanlarıdır. Məlumdur ki, hər bir müstəqil dövlət bir neçə böyük sütun üstündə fəaliyyət göstərə bilir. Hər bir dövlət üçün, o cümlədən müstəqil Azərbaycan dövləti üçün bu sütunlardan biri də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”.

Həmsöhbətimiz Bakı şəhəri 20-ci Polis Bölməsinin Baş tədqiqatçısı Turqay müəllim Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan polisinin formalaşması üçün aparılan islahatlardan danışdı:

—1991–ci il oktyabr ayının 18–də Azərbaycanın dövlət müstəqilliyi və hüquqi dövlətin qurulduğu elan edildi. Cəmiyyətin bütün sahələrində olduğu kimi polis orqanlarında da islahatlar aparılmalı, polisin fəaliyyəti məzmunca yeniləşdirilməli idi. Lakin o zamankı ictimai–siyasi və iqtisadi şərait buna münasib deyildi. Xatırlayaq ki, həmin dövrdə ölkədə anarxiya, xaos və özbaşınalıq hökm sürürdü. Cinayətkarlıq halları baş alıb gedirdi, cəzasızlıq artmışdı. Digər tərəfdən, erməni silahlı qüvvələri torpaqlarımızda at oynadır, kəndlərimizi odlara qalayır, günahsız soydaşlarımızı öldürür, şikəst edir, yurd–yuvalarından didərgin salır, əmlaklarını talan edirdilər.

Milli ordumuzun hələ yaradılmadığı o illərdə torpaqlarımızın müdafiəsi də ictimai asayişi qoruyan polis işçilərinin üzərinə düşmüşdü.

O illər polis orqanları üçün ən ağır bir mərhələ idi. Erməni silahlı qüvvələri ilə amansız döyüşlərdə yüzlərlə polis əməkdaşı həlak oldu və yaralandı. Qısaca desək, Azərbaycanda vəziyyət o dərəcədə gərgin idi ki, müstəqilliyin itirilmə təhlükəsi vardı. Başqa bir tərəfdən dövlət başında duranlar siyasi səbatsızlıq göstərərək idarəetməni bacarmırdılar. Onlar daxili çəkişmələri yatırda bilmir, qayda–qanun yaratmağı, ictimai asayişi təmin etməyi bacarmır, müstəqilliyi möhkəmləndirmək haqqında düşünmürdülər.

Xalqla dövlət və hakimiyyət başında duranlara inam tamamilə itmişdi. Kiçik korporativ qruplardan başqa hamı ümummilli lider Heydər Əliyevə son ümid kimi baxır, yalnız onun rəhbər olmasını arzulayır və tələb edirdi.

Xalqın çağırışına cavab verən xalqımızın böyük oğlu həmin təhlükəli məqamda Bakıya gəldi və dövlət müstəqilliyinin qorunması məsuliyyətini üzərinə görürdü.

Müdrik dövlət xadimi, mahir diplomat və məşhur siyasətçi olan ulu öndərimiz unudulmaz Heydər Əliyev 1993–cü ilin iyununda Azərbaycan Respublikası Milli Məclisinin sədri, üç ay sonra isə ölkə prezidenti seçildi. Bu həmin ərəfə idi ki, qanunsuz silahlı dəstələrin başçıları ölkəmizin cənub və şimal zonalarını Azərbaycandan qoparmaq və dövlətin müstəqilliyinə birdəfəlik son qoymaq kimi mənfur planı həyata keçirməyə başlamışdılar. Müdrik öndərimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi, yəqin ki, müstəqilliyimiz itirələcək, tarixin yetmiş ildən sonra verdiyi bir imkan əldən çıxacaqdı. Yəni Heydər Əliyevə qədərki Azərbaycanın müstəqilliyi çox kövrək idi və həm də onun xalqın əlindən almaq istəyən xəyanətkar qüvvələr fəal iş aparırdılar.

1991–ci ilin oktyabrından 1993–cü ilin iyununa qədər keçən dövrdə Azərbaycanda hüquqi dövlətin yaradılması yolunda bir addım da atılmamışdı. Bu müddətdə kriminogen durum ağır olaraq qalır, cinayətkarlıq artırdı.

Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyini möhkəmləndirmək məqsədi ilə ictimai asayişin bərpa olunmasını, qanunsuz silahlı dəstələrin ləğv edilməsini və cəbhədə atəşkəsin əldə olunmasını, yəni torpaqlarımızın işğalının qarşısının alınmasını və vacib problem kimi ilk növbədə həll etdi. 1994–cü ilin oktyabr və 1995–ci ilin mart çevriliş cəhdləri iflasa uğrayandan sonra xarici bədxahlar və daxili pozucu qüvvələr başa düşdülər ki, Azərbaycan demokratiya yolu ilə gedir və burada çevrilişlə hakimiyyətə gəlmək mümkün deyil.

Ümummilli liderimiz daxili gərginliyi aradan qaldırdıqdan sonra dövlət quruculuğuna və islahatlara başladı. 1995–ci il noyabrın 12–də ölkənin Əsas Qanunu—Konstitusiyamız qəbul edildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğuna hüquqi baza yaratdı. Konstitusiyamızın əsas prinsiplərindən biri ölkədə vətəndaş cəmiyyəti yaradılmasının təmin edilməsi oldu.

Heydər Əliyevin rəhbərliyi ilə hüquqi islahat komissiyası yaradılmasının böyük əhəmiyyəti vardı. Sosial–iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi bazanı təşkil edən qanunlar qəbul edildi. 1996–1999–cu illərdə İctimai münasibətlərin tənzimlənməsi sahəsində yeni mexanizmlər və prinsiplər müəyyənləşdirən “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Məhkəmələr və hakimlər, haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında” qanunlar, ailə, cinayət, cinayət prosessual, mülki, mülki–prosessual, inzibati, cəza icra hüququ və digər münasibətləri nizamlayan məcəllələr qəbul edildi.

Ulu öndər insan və vətəndaş hüquqları və azadlıqlarının qorunmasına mühüm vəzifə kimi baxırdı. Ona görə də Azərbaycan insan hüquqları sahəsində otuzdan çox beynəlxalq konvensiya və sazişə qoşulmuşdur.

Müstəqilliyimizin ilk illərində Ulu Öndərin tarixi xidmətləri nəticəsində Azərbaycan polisinin fəaliyyəti normal məcraya düşdü. Hüquq sahəsində aparılan islahatlardan sonra polis orqanları səngərlərdən qaytarılaraq öz peşə fəaliyyətlərinə cəlb edildilər. Cinayətkar dəstələr zərərsizləşdiridi, kriminogen şərait nəzarət altına alındı, cinayətkarlıq halları nəzərəçarpacaq dərəcədə azaldı. Təsadüfi şəxslərin polis orqanlarına işə qəbulu qadağan edildi, cinayətlərin açılma faizi yüksəldi, axtarışda olan cinayətkarların böyük əksəriyyəti aşkar olunub həbs edildilər.

Ümummilli liderimiz Heydər Əliyev polisin fəaliyyətini həmişə yüksək qiymətləndirir, onlara qayğı və diqqət göstərirdi. O, peşəkar polis zabitlərinin hazırlanmasına xüsusi diqqət yetirirdi.

Gənc kadrların yetişmələrini mühüm vəzifə hesab edən dahi rəhbər ali polis məktəbinin yaradılmasına önəm verirdi. Polis Akademiyasının açılması isə polis sıralarında çalışmaq arzusunda olanların ürəyincə oldu.

Müstəqillik illərində həm ulu öndər Heydər Əliyev, həm də Azərbaycan Prezidenti İlham Əliyev polisin fəaliyyətinin daha da canlandırılması üçün bütün lazımi fərman və sərəncamları imzalamış və müvafiq tədbirlər görmüşlər. İndi demək olar ki, respublikanın bütün şəhər və rayonlarında polis şöbələri üçün müasir inzibati binalar tikilmiş və bu proses davam edir.

Xidməti vəzifəsini şərəflə yerinə yetirən polis işçiləri dövlətimizin ali orden və medalları ilə təltif edilmiş, fəxri adlara layiq görülmüşlər. Biz Azərbaycanın Milli Qəhrəmanı olan həmkarlarımızla fəxr edirik.

Heydər Əliyev ideyalarına ən çətin məqamlarda da sadiq olan Azərbaycan polisi bu gün möhtərəm Prezidentimiz, Silahl Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı və etimiadı vicdanlı və layiqli xidmətləri ilə doğruldurlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis orqanlarının fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdir ki, “Azərbaycan polisi çox mühüm funksiyanı icra edir. Hər bir müstəqil dövlət üçün onun daxili işlər orqanları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda ictimai–siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu çox yüksəkdir”.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev 30 iyun 2004–cü ildə “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının (2004–2008–ci illər) təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Elə həmin gün daha bir sərəncama—Azərbaycan Respublikasının daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında imza atması polis orqanlarına göstərdiyi yüksək diqqət və qayğısının bariz nümunəsidir.

Həmin sərəncamlardan sonra aylıq vəzifə maaşlarımız üç dəfə artırıldı, şöbələrə müasir avtomobillər, texniki vasitələr ayrıldı, maddi texniki təminat yaxşılaşdırıldı, fəaliyyətimiz xeyli təkmilləşdirildi.

Biz ümummilli liderimiz Heydər Əliyevin bu sözlərini həmişə öz fəaliyyətimizdə rəhbər tuturuq: “Bu gün məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi, onun orqanları, Azərbaycan polisi yaxşı səviyyədədir. Gələcəkdə Azərbaycan polisinin, Daxili İşlər Nazirliyinin işlərini daha da səmərəli etmək üçün zəmin yaranıbdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz–Daxili İşlər Nazirliyinin bütün əməkdaşları qarşınızda duran vəzifələrin hamısını şərəflə, layiqincə yerinə yetirəcəksiniz”.

 

  1. Bizdə redaksiyamızın kollektici adından Bakı şəhəri 20-ci Polis Bölməsinin Baş tədqiqatçısı Turqay müəllimə həmsöhbət olduğu üçün dərin təşəkkür edir. İşlərində uğurlar arzulayırıq.

 

Şahmar Zərdabi

Təsisçi-baş redaktor