Azərbaycan polisi asayişin keşiyində böyük mətanətlə dayanır
Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram.
Heydər ƏLİYEV
Ümummilli lider
Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Bax, bu akademiyada hazırlanan kadrlar peşəkar kadrlar olacaqlar. Eyni zamanda, Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ölkəmizdə ictimai-siyasi sabitliyin mühafizəsində və sosial-iqtisadi inkişafın davamlı təmin olunmasında Azərbaycan polisinin özünəməxsus yeri, çəkisi və böyük uğuru vardır. Ötən əsrin əvvəllərində – Azərbaycan Cümhuriyyəti dönəmində ilk addımlarını atan Azərbaycan polisi vəzifələrini yüksək səviyyədə yerinə yetirməklə bu faktı dəfələrlə təsdiqləmişdir. Respublikamızın dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan polisinin öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi də bir həqiqətdir. Daxili işlər orqanları ötən illərdə olduğu kimi, bu gün də şərəfli və əvəzolunmaz fəaliyyətini layiqincə davam etdirir və Azərbaycanın əldə etdiyi böyük uğurların daha da inkişaf etməsinə öz töhfəsini verir.
2 İyul Polis Günüdür. Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da böyük ruh yüksəkliyi, mübariz əzmkarlıq və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdikləri müsbət nəticələrlə qarşılayırlar. Ötən 104 il ərzində keçdiyi böyük və şərəfli tarixi yol bu gün polis işçilərini Azərbaycan dövlətçiliyinin keşiyində sədaqətlə dayanmağa və Vətənimizin hərtərəfli inkişafına dəstək verməyə sövq edir.
Ümummilli liderimiz Heydər Əliyevin müstəqil, bölünməz və demokratik Azərbaycan uğrunda başladığı mübarizə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bəzi üzdəniraq qüvvələr isə Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına can atırlar. Ona görə də, Azərbaycan polisi kriminogen duruma daim nəzarət etmək, sabitliyin pozulmasına yönələ biləcək fitnəkarlıqları önləmək, zamanında qətiyyətli tədbirlər görmək üçün ən müxtəlif layihələr həyata keçirir.
Ötən illər ərzində ictimai-siyasi sabitliyi pozmağa, qeyri-qanuni yollarla hakimiyyətə gəlməyə cəhd göstərən qüvvələr və onların havadarları, ilk növbədə, Azərbaycan polisinin qətiyyəti ilə rastlaşdılar. Azərbaycan polisi qanun çərçivəsində göstərdiyi qətiyyət sayəsində ictimai-siyasi asayişi pozmağa can atanlara aydın siqnal göndərdi ki, demokratiya qanunlara hörmət və onlara riayət etmək deməkdir. Qanunun aliliyinin təminatçısı olan dövlət başçısı və qanunların işləməsinə, tətbiq olunmasına məsul olan hüquq-mühafizə orqanları da demokratiyanın bu fundamental prinsipinin işlək vəziyyətdə olmasına daim nəzarət edirlər.
Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanları fəal rol oynayırlar. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır. Müstəqillik illərində Azərbaycan polisinin qısa zaman kəsiyində şərəfli yol keçməsi və qanun pozucularına qarşı barışmaz mübarizə aparması ulu öndərin polis orqanlarının fəaliyyətinə belə yüksək qiymət verməsinə əsas yaratmışdı. Ölkə daxilində hakimiyyət uğrunda aparılan mübarizənin doğurduğu vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü yeni müstəqillik qazanmış respublikanı fəlakətə sürükləyirdi. Vətənin belə ağır anında ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş qarşıdurmasına son qoymağa, ölkədə sabit inkişafın əldə olunmasına imkan verdi. Həyata keçirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələndi.
Müstəqilliyimizin sonrakı illərində daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçusu həlak olmuş, 2640 nəfər xəsarət almışdır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradıldı, nazirlik sistemində günün tələblərinə cavab verən yeni qurumlar təsis edildi. Həyata keçirilmiş islahatlar nəticəsində də ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid olan təhlükələrə qarşı uğurlu mübarizəyə start verildi, vətəndaşlarımızın dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradıldı. İctimai-siyasi sabitliyin yaradılması da milli iqtisadiyyatın inkişafına, xarici sərmayədarların Azərbaycana maraq göstərmələrinə təkan verdi. 1994-cü il sentyabrın 20-də böyük neft şirkətlərinin iştirakı ilə “Əsrin müqavilə”sinin imzalanması ölkənin böyük tərəqqi yoluna çıxmasını təsdiqləməklə yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycanda ictimai-siyasi sabitliyin bərpasına yönəlmiş hərtərəfli islahatlardan qaynaqlanan bəhrələrin də təntənəsi idi. İctimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi, peşəkar kadr korpusu, güclü maddi-texniki bazası olan Daxili İşlər Nazirliyi Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Beləliklə, bütövlükdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində möhkəm hüquqi bazanı formalaşdırmışdır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.
Cənab generalımızı və onun başçılıq etdiyi Daxili İşlər Nazirliyinin, hüquq-mühafizə orqanlarının cəfakeşlərini bu qürurlu tarix münasibəti ilə təbrik edirik. Biz sakitliyimizi, asayişimizi Sizlərə güvənərək rahat yaşayırıq. Bunun üçün minnətdarıq sizə, əziz asayiş keçikçilərimiz. Peşə Bayramınız mübarək!
Vaqif Müslümov
Nərimanov Rayon Polis İdarəsinin rəisi,
Polis polkovniki