Yeni Azərbaycan tarixnin müəllifi

306

Yeni Azərbaycan tarixnin müəllifi

Şanlı Vətən müharibəsində, İkinci Qarabağ savaşında qazandığımız bu tarixi qələbədə əlbəttə ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin bütün komandir heyətinin, əsgər və zabitlərinin, Azərbaycan hərbçilərinin misilsiz rolu vardır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı qələbələrini qazandı və XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi. Müqəddəs Azərbaycan torpağını Vətən edən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik. Bu qələbə sevincini bizə yaşatdıqlarına görə Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə, bu şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan şəhidlərinin hər birinin əziz xatirəsini daim yaşadacaq və uca tutacaqdır. Bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və Qarabağı azad edən Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu möhtəşəm hərbi qələbəsi hələ uzun illər hərbi ekspertlər, tarixçilər, siyasətçilər və s. tərəfindən araşdırılacaq, öyrəniləcək və zəfərlə nəticələnən uğurlu müharibə dastanına çevriləcəkdir.

Möhtərəm Prezident! Bu gün yaşadığımız bu tarixi qələbə, ilk öncə Sizin bu illər ərzində əvəzolunmaz fəaliyyətinizin, Azərbaycanın Sizin sayənizdə qazandığı siyasi və iqtisadi uğurların bünövrəsində qurulmuşdur. Siz Yeni Azərbaycan tarixinin müəllifisiniz.  Biz Sizinlə fəxr edirik, qürur duyuruq! Xoşbəxtik ki, Sizin kimi yenilməz və əvəzsiz Prezidentimiz var, Siz bizim əbədi Prezidentimizsiniz!
Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.  Bu tarixi hadisə ilə son bir neçə yüz il ərzində ilk dəfə olaraq Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, bununla da ərazi bütövlüyünü təmin etdi. Və  Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.

Cənab Prezidentimiz! Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Uca Tanrıdan Sizə möhkəm cansağlığı və Vətənimizin şanlı tarixini yazdığınız bu günlərdə Sizə bol-bol uğurlar arzulayırıq. Sizin dəmir yumruğunuz altında biz birik, hər zaman Sizinləyik.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

Ədalət Camalova

Xırdalan şəhər 2 saylı orta məktəbin direktoru