Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

332

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Çoxəsrlik tarixi boyu Azərbaycan hər zaman qonşularının qəsbkar və təcavüzkar hücumlarına məruz qalmışdır. Onlardan biri də 1988-ci ilin əvvəllərindən mənfur qonşularımız olan ermənilərin Azərbaycana qarşı olan açıq təcavüzü idi. SSRİ-nin o vaxtkı rəhbəri M. Qorbaçovun isə buna biganə mövqeyi erməniləri daha da cəsarətləndirərək planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını  öz ata-baba yurdlarından didərgin salmaları ilə nəticələndi. Ermənilər bununla kifayətlənməyərək Dağlıq Qarabağ bölgəsində də ixtişaşlar törədir, Azərbaycanın əzəli torpaqlarını özlərinə birləşdirmə cəhdlərini göstərirdilər. Belə bir vaxtda Azərbaycan xalqı artıq anlayırdı ki, nə Moskva, nə ölkənin o zamankı rəhbərliyi heç bir qəti tədbir görmək niyyətində deyillər və gün ayağa qalxmaq, haqqını tələb etmək günüdür. Belə olan təqdirdə isə respublikanın hər yerindən insanlar axın- axın Bakıya gəlir Azadlıq meydanına toplaşaraq ermənilərin və Sovet hökumətinin əleyhinə mitinqlər keçirərək öz etirazlarını bildirirdilər. 1988-ci ilin noyabrın 17-də Sovet hökumətinin anti – Azərbaycan siyasətinə qarşı Azərbaycan xalqı yumruq kimi birləşərək öz milli azadlıq hərəkatına başladı. Dekabrın əvvəllərində Sovet qoşunları tərəfindən dağıdılan mitinq Vətənimizin istiqlaliyyət qazanmasını şərtləndirən əsas amillərdən biri oldu. 1992-ci ildən etibarən isə 17 noyabr hər il ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur.

Azərbaycan xalqının tarixində yeni mərhələnin,  müstəqilliyə aparan yolun başlanğıcıdır: “Milli dirçəliş” dedikdə bir millət, xalq olaraq biz öz ümid yerimizi, çıxış yolumuzu müstəilliyimizi bərpa etməkdə gördük. Bu seçim Azərbaycan xalqının ən doğru seçimi idi. Bunun üçün isə  keçən əsrin 60-cı illərindən 80-ci illərin ortalarına qədər  Azərbaycanda aparılan işlər – o cümlədən Ulu Öndərin o zaman Azərbaycanda milli oyanış üçün gördüyü işlər əsas rol oynadı. Məhz bu illər ərzində milli oyanışdan milli dirçəlişə gedən yolun əsası qoyulmuşdur. 1988-ci ilin noyabrın 17-dən başlanan bu hərəkat son nəticədə 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasına gətirib çıxardı. Hərçənd ki, dövlət müstəqilliyimizin bərpası da bizim üçün asan deyildi. Ölkə daxilində olan qüvvələrin imperiyanın boyunduruğundan çıxmaq istəməmələri, hətta imperiyanın saxlanılması üçün saxta referenduma əl atmaları tarixdə baş verən hadisələrdir. Bunlara isə ulu öndər Heydər Əliyevin münasibəti tamam başqa oldu”.

1990-cı ildə Heydər Əliyevin Azərbaycana qayıtması ilə həmin ilin noyabrın 17-də, Milli Dirçəliş Gününün ikinci ilində artıq bizim dövlət bayrağımız Naxçıvan Ali Məclisində qaldırıldı. “Ondan sonra fevralın 5-də həmin bayraq indiki Azərbaycan  Respublikasının rəsmi olaraq dövlət bayrağı elan olundu və 1991-ci ilin oktyabrın 18-də biz dövlət müstəqilliyimizi bərpa etdik. Ancaq o zaman Azərbaycana rəhbərlik edənlərin heç birinin ürəyində müstəqillik istəyi yox idi. Danılmaz bir həqiqətdir ki, bu yolu aparan məhz Ulu Öndər özü idi. Nəhayət, Azərbaycan xalqının 1993-cü ildə müraciəti, təkidli tələbi ilə Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıtması ilə bugünkü qüdrətli Azərbaycanın əsası qoyuldu. Milli Dirçəliş Günü bizim müasir, qüdrətli Azərbaycanımızın yaranmasının başlanğıc günüdür. Biz bu gün qalib ölkəyik və bizə qarşı yönələn bütün təhdidləri dəf edərək müstəqil, heç kimdən və heç nədən asılı olmayan güclü bir dövlətin vətəndaşlarıyıq.”

“Milli Dirçəliş Günü bizə çox şey qazandırdı: “Biz öz taleyimizin, sərvətlərimizin sahibi olduq. Öz doğma ərazilərimizin bütövlüyünü  öz gücümüzlə  bərpa etdik. Bununla da biz bütün dünyaya dövlət yaradan və onu idarə edə bilən bir  millət olduğumuzu sübut etdik. Azərbaycanın öz tarixi torpaqlarını geri qaytararkən həyata keçirdiyi hərbi əməliyyatlar bir daha bütün dünyaya nümayiş etdirdi ki, son 200 ildə xalqımıza qarşı törədilən  cinayətlərin cavabı qazanılan qələbələrimiz olacaq.”

Milli xalq hərəkatı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərə təsadüf edir. Ümummilli liderin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra xalqımızın milli dirçəlişi və mənəvi dəyərlərinin yüksək tutulması, adət və ənənələrimizin qorunub saxlanılması reallığa çevrilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda iqtisadiyyatın fasiləsiz inkişafı təmin edilmiş, vətəndaşların maddi rifahı yaxşılaşdırılmış, dövlətçiliyimiz möhkəmləndirilmiş, ölkəmiz dünyada söz və nüfuz sahibi kimi tanınaraq müdafiə qüdrətini daha da artırmışdır.
Müzəffər Ali Baş  Komandan,  cənab Preizdent İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabr ayında “Dəmir Yumruq” əks-hücum əməliyyatı nəticəsində şanlı ordumuz işğal  altında olan torpaqlarımızı  yadelli düşmənlərdən təmizləyib, QƏLƏBƏ sevincini xalqımıza yaşatdı.

Var olsun İlham Əliyev!

Yaşasın Azərbaycan!

Əziz həmvətnlilərim sizi 17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

 

Mübariz Əhmədzadə

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı