Qalib xalqın qəhrəman Ordusu

227

Son 50 ilin müharibələr tarixinə fikir versək görərik ki, başlanılan bir çox hərbi əməliyyatlar münaqişələrin sonlanmasına deyil, daha da alovlanmasına gətirib çıxarıb. Amma, cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxarıb. İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu Qələbənin şanına dastanlar, romanlar və elmi əsərlər yazılacaq. Buna da tam haqqımız var. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.

Böyük Qələbənin əhəmiyyətindən danışarkən ilk və xüsusi olaraq onu qeyd etməliyik ki, Kürəkçay müqaviləsindən keçən son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və Xalqa qaytarılmasına nail oldu.

Vətən müharibəsində Böyük Qələbəmizdən yazarkən qeyd edilməsi vacib olan amillərdən biri də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla, uğurla davam edilməsidir. Prezident İlham Əliyevin son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Həmçinin qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib. Keyfiyyətli təşkil edilən, səmərəli keçirilən təlimlərdə təcrübə toplayan, peşəkarlığını yüksəldən müasir Ordu, döyüş əməliyyatlarının səriştəli, düzgün, eyni zamanda, hərbin bütün qanunlarına uyğun olaraq planlaşdırması, həyata keçirilməsi və hərtərəfli, planlı şəkildə hazırlıq ölkəmizin döyüş meydanında qələbə qazanmasını səciyyələndirən faktorlardır. Məhz sadaladığımız bu müsbət xüsusiyyətlərin nəticəsi olaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı.

Vətən müharibəsinin ilk günlərindən taktiki üstünlüyü ələ alan Azərbaycan Ordusunun qəlbi vətən eşqi ilə döyünən şəxsi heyəti hər gün yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etməklə daha bir uğura, yeni qələbəyə imza atmaqla növbəti günlərdə düşmən üzərində tam üstünlüyə nail oldu. Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizlərə nəsib etdi. Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən döyüşlərə atılan cəsur hərbçilərimiz düşmənin illərlə hazırladığı müdafiə xəttini qısa müddətdə yararaq irəliləməyə başladı. Döyüş meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Həm canlı qüvvə, həm də döyüş texnikası sardan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Azərbaycan Ordusunun ən yüksək texnologiyalara məxsus hərbi texnikalarla silahlanması və ölkəmizin də inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olması zamanın reallığıdır. Eyni zamanda, son illər ərzində ordunun texniki təchizatında da genişmiqyaslı dəyişikliklər baş verib, ən müasir silah sistemləri alınaraq silahlanmaya qəbul edilib. Artıq heç kimə sirr deyil ki, Azərbaycan Ordusu həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Son illərdə isə ordu quruculuğunda əhəmiyyətli islahatlar həyata keçirilib, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən taleyüklü addımlar atılıb ki, bunun da müsbət nəticələrini 44 günlük Vətən müharibəsində real şəraitdə gördük, şahid olduq. Hamıya məlumdur ki, bütün bu sadaladıqlarımız güclü iqtisadiyyat, dayanıqlı inkişaf və böyük maliyyə resursları olmadan təsəvvür edilə və həyata keçirilə bilməz.

Ancaq bu da danılmaz faktdır ki, Ordu nə qədər güclü, müasir, dəqiq və böyük dağıdıcı gücə malik silahlarla silahlansa da döyüş meydanında sön sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Bu mənada Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir. Sözün həqiqi mənasında döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.

Bu Şanlı Qələbənin daha bir xüsusiyyəti odur ki, Xalq öz Ordusunun Komandanını, Prezidentini daha da yaxından tanıdı, Müzəffər Ali Baş Komandan isə xalqın böyüklüyünün və gözəl xüsusiyyətlərinin bir daha şahidi oldu. Qüdrətli xalqına arxalanan Müzəffər Ali Baş Komandan qələbə naminə əlindən gələni inamla etdi, əzmlə, qətiyyətlə davrandı, bütün siyasi-diplomatik təzyiqlərə mətinliklə duruş gətirdi, qalib Sərkərdə oldu və xalqın etimadına, sevgisinə, dəstəyinə layiq olduğunu bir daha sübut etdi. Tarixi Qələbəmizin əldə olunmasında və Qarabağın işğalçılardan azad edilməsində bu amilin də əvəzsiz rolu oldu.

Ən əsası isə xalqımızın qürur, fərəh, fəxr mənbəyi olan şanlı Qələbəmizdən danışarkən Vətən müharibəsində şəhid olan, yaralanan və bu döyüşlərdə mətinliklə iştirak edərək sağ-salamat ailələrinə dönən hərbçilərin əzmkarlığını, cəsarətini və şəxsi rəşadətini də xüsusi olaraq qeyd etmək lazımdır ki, bizlərə, eləcə də gələcək nəsillərə bəxş edilən bu Şanlı Qələbənin, Zəfər Gününün, qürurverici yeni tarixin, qürur mənbəyinin, şan-şöhrətin qədir-qiyməti, dəyəri və əhəmiyyəti heç vaxt unudulmasın.

 

Famil Məlikov,

Salyan şəhər sakini, Vətən müharibəsi iştirakçısı,

“Azərbaycan Bayrağı” ordenli