Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? – AÇIQLAMA

281

Fiziki və ya hüquqi şəxs tərəfindən az miqdarda valyuta vəsaitləri gömrük orqanlarına bəyan edilmədən və ya düzgün bəyan edilmədən gömrük sərhədindən gizli keçirildikdə, şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-482-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeyd hissəsinə əsasən, “az miqdar” dedikdə, 50 000 manatadək olan məbləğ başa düşülür.

İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsi ilə bu sahədə hüquqi şəxslər tərəfindən törədilmiş inzibati xətalara baxılması və inzibati xəta haqqında iş üzrə müvafiq qərarın qəbul edilməsi məhkəmələrin səlahiyyətinə aid edilib.

Qeyd edilən inzibati xətanı törətmiş fiziki şəxslər barəsində isə həmin Məcəllənin 479-482-ci maddələrinə əsasən, müsadirə və ya cərimə növündə inzibati tənbeh tətbiq edilir. Fiziki və ya hüquqi şəxslər tərəfindən gömrük sərhədindən gömrük orqanlarına bəyan edilmədən və ya düzgün bəyan edilmədən xeyli miqdarda, külli miqdarda və ya xüsusilə külli miqdarda valyuta vəsaitlərinin gizli keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır.

Məcəllənin 206-cı maddəsinin qeyd hissəsinə əsasən, “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

Aşkar olunan cinayət faktı üzrə ibtidai araşdırma başlanılır, ibtidai istintaqı aparan müstəntiq toplanmış sübutların kifayət olduğunu hesab etdikdə cinayət işi üzrə ittiham aktı tərtib olunaraq ibtidai araşdırmaya – prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslər barəsində başlanmış cinayət işi üzrə yekun qərar qəbul etmək məhkəmələrin səlahiyyətindədir.