Xəbər verildiyi kimi Gürcüstana avtobus marşurutlarının açılması ilə bağlı müzakirələr başlayıb. Bununla bağlı müzakirələr paytaxt Tbilisidə Azərbaycan – Gürcüstan Qarışıq Komissiyasının növbəti iclasında keçirilib. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktor əvəzi Nikolaz Qvenetadze pandemiya şəraitində hər iki dövlətin müəyyən etdiyi qaydalara riayət etməklə müntəzəm sərnişindaşıma marşrutlarının bərpa edilməsini təklif edib. Azərbaycan tərəfindən hələlik həmin təkliflə bağlı yekdil qərar verilməyib.
Sözügedən müzakirə digər qonşu ölkələrə də quru sərhədin açılması məsələsini gündəmə gətirib.
Bu barədə Bizim.Media-ya danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova digər ölkələrə avtobus marşurutlarının açılması ilə bağlı müzakirələrin getmədiyini və məsələnin gündəmdə olmadığını deyib.
“Gürcüstana gəlincə, təklif onlardan gəlib. Çünki artıq quru sərhədləri açıblar. Bu təklifin eynisini də Azərbaycandan ora gedən nümayəndə heyətinə ediblər. Amma bununla bağlı hələki xəbər yoxdur. Ona görə ki, qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verməlidir. Biz sadəcə o təklifi aidiyyəti qurumlara çatdırdıq. Sərhəd keçid məntəqələri quru üzərindən bağlıdır”, deyə qurum rəsmisi əlavə edib.