Nazilə xanım Məmmədova: Azərbaycan və Türkiyə birliyi və həmrəyliyi dünyada sülhün, təhlükəsizliyin, inkişafın və əməkdaşlığın eyni gövdəyə – kökə malik sarsılmaz qoşa qanadlarıdır

448

Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə xanım Məmmədova – Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meylləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb.

Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması dünyanın bütün aparıcı dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.

Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir.

Prezident İlham Əliyev də ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. İlham Əliyev – Rəcəb Tayib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə «qardaşım» deyərək müraciət etmələri bizim xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir. Çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının İlham Əliyev – Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir.

Azərbaycan Respublikası-Türkiyə Cümhuriyyəti həmrəyliyi və əməkdaşlığı qardaş ölkələrarası münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilib daha da möhkəmləndirilməsinə uğurla xidmət etdiyi kimi, beynəlxalq aləmdə də sülh və əminamanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə birliyi və həmrəyliyi dünyada sülhün, təhlükəsizliyin, inkişafın və əməkdaşlığın eyni gövdəyə – kökə malik sarsılmaz qoşa qanadlarıdır.

Dövlət rəmzlərinin keşiyində birlikdə dayanmaq, hər iki dövlətin bayraqlarını qardaş dövlətlərin və xalqların varlığının rəmzi kimi bir yerdə qorumaq ulu öndər Heydər Əliyevin vaxtilə bəyan etdiyi və artıq atalar sözünə çevrilmiş «İki dövlət, bir millət» devizinin bütün dövrlər üçün möhkəm həyati gücə və mühüm siyasi əhəmiyyətə malik olduğunu isbat edir. Bu, o deməkdir ki, Azərbaycan əsgəri üçün Türkiyə dövlət bayrağı, Türkiyə əsgəri üçün isə Azərbaycanın dövlət bayrağı eyni dərəcədə müqəddəs və toxunulmazdır. Bayraqlarımızın birlikdə qorunması dövlətlərimizin sarsılmaz ittifaqının, ordularımızın möhkəm birliyinin, xalqlarımızın əbədi qardaşlığının əməli təntənəsidir. Bu möhtəşəm birliyi qoruyub saxlamaq, atacağımız hər addımla daha da möhkəmləndirmək, əbədiyyətə qədər yaşadaraq nəsillərdən-nəsillərə qədər davam etdirmək müqəddəs borcumuzdur. Azərbaycan-Türkiyə Prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı – dünyada, regionda və ölkələrimizdə sülhün, təhlükəsizliyin inkişafın və həmrəyliyin qarantıdır. Türkiyə – Azərbaycan Bayraqlarının və Ordularımızın Birliyi müstəqil dövlətlərimizin Qardaşlıq və Həmrəyliyinin əbədiyyət rəmzidir. Azərbaycan – Türkiyə Birlik və Həmrəyliyi dostlarımız üçün qürur mənbəyi, düşmənlərimizə göz dağıdır. Birlik, Qardaşlıq və Həmrəylik Azərbaycanın və Türkiyənin tarixi taleyi, bu günün reallığı və böyük gələcəyin dəyişməz düsturudur.