Əmək müqaviləsi olan əlillərin sayı açıqlandı

429

Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı açıqlanıb. 

ƏƏSMN-dən “Qafqazinfo”ya verilən məlumata görə, “Əmək müqaviləsi bildirişi” e-sistemində 1 milyon 600 mindən çox müqavilə bildirişi mövcuddur.  Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən altsistem üzərindən mütəmadi təhlillər, analizlər və nəzarət tədbirləri həyata keçirilir.

Qeyd olunub ki, altsistemdə hazırda mövcud olan müqavilə bildirişlərinin 56 066-sı əlilliyi olan şəxslərlə bağlanılan müqavilələrə məxsusdur. Rəsmi əmək münasibətində olan əlilliyi olan şəxslərin 754-ü birinci, 41 min 496-sı ikinci, 13 min 803-ü isə üçüncü qrup əlillərə aiddir. Həmçinin qeyd edək ki, altsistemdə olan əmək müqaviləsi bildirişlərinin 13-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara məxsusdur.

Rəsmi əmək müqaviləsi ilə işləyən əlilliyi olan işçilərin 36 356-sı dövlət, 19 710-u isə qeyri-dövlət sektorunda çalışır. Onlar ən çox təhsil, səhiyyə və sosial xidmətlər, topdan və pərakəndə ticarət, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat kimi iqtisadi fəaliyyət növləri üzrə işə cəlb olunublar.

2020-ci ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 1684 nəfər əlilliyi olan şəxs işlə təmin olunub.