Təbiətə vurulan 60 minlik ziyana görə cinayət işi başlandı

269

Şəki rayonu Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid, Aşağı Kəldək kəndinin ərazisində yerləşən ağacların köküstə qanunsuz kəsilməsi  ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Şəki rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən kəndin ərazisində 27 ədəd qovaq və 1 ədəd qoz cinsli ağacların məhv edilməsi nəticəsində təbiətə 60 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.