Ağcabədinin sabiq icra başçısının​ əmisioğlu rayonda “at oynadır”

717

​Son vaxtlar yerlərdə bəzi vəzifə sahiblərinin minbir qanunsuzluğa söykənən əməllərini gördükcə, yaxud da eşitdikcə, o halda belə bir qənaətə gəlmək mümkün olur ki, hələ də ayrı-ayrı vəzifə sahibləri cənab Prezidentin verdiyi tapşırıq və tövsiyyələri qulaqardına vurmaqla məşğul olurlar.

Məhz, belə bir səbəblər üzündən də vəzifə sahibi olan həmin şəxslərlə sadə sakinlər arasında qarşıdurma yaranır, hətta elə hallar da olur ki, qol qoyulan qanunsuzluq əməllərinə görə, hansısa formada etiraz aksiyaları da həyata keçirilir. Diqqət yetirmək lazımdır ki, vəzifə sahiblərinin bu yöndə atdıqları addımların kökündə birbaşa xalqla cənab Prezident arasında inamsızlıq hissi yaratmaq, sadə sakinləri dövlət-hakimiyyət orqanlarından narazı salmaq, bir sözlə yürüdülən dövlət siyasətinin əleyhinə mövqe nümayiş etdirmək planı durur.

​ ​ ​Qeyd etdiklərimizin əsaslı sübutu olaraq bir-iki gün bundan öncə​ Gundemxeber.Az​ saytının redaksiyasına daxil olan şikayət ərizəsinin mahiyyətinə və təqdim olunan video-çəkilişə diqqət yetirmək kifayət edər ki, əsl həqiqətlər haqda xəbərdar olmaq mümkün olsun. Məsələn, Ağcabədi rayonu, Yuxarı​ Qiyaməddinli​ icra nümayəndəliyinin Mirzəhaqverdili kənd sakini Hacıyev Rafiq Mustafa oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi və video-çəkiliş daxil olub. Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində və video-çəkilişdə bildirir: “Bu gün mənimlə bərabər qardaşlarım Rafiq Hacıyev (bu qardaşım Dağlıq Qarabağ müharibəsi veteranıdır) və Ağalar Hacıyev, vaxtilə Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə bizə verilmiş pay torpaq sahəmizin 1 (bir) ha sahəsində minbir əzab-əziyyətlə pambıq əkib-becərsək də, hazırda pambıq sahəmizi heç cür suvara bilmirik. Belə bir səbəb üzündən də, indiyə kimi ərsəyə gətirdiyimiz pambıq bitkiləri susuzluqdan məhv olur. Belə bir problemlərin kökündə isə, Yuxarı​ Qiyaməddinli​ bələdiyyəsinin sədri Əzizağa Məmmədovun kənd sakinlərinin minbir əzab-əziyyətlə ərsəyə gətirdikləri artezian quyularını əlimizdən alması və həmin quyulara sahib çıxmasıdır. Belə ki, bu gün o, bələdiyyə ərazisində elə bir formada “fironluq edir” ki, üç artezian quyusundan çıxan suyu istədiyi kənd sakininə verir, istmədiyi sakinə vermir. Belə bir səbəb üzündən də, əksər sakinlərin aylar ərzində yetişdirdikləri kənd təsərrüfatı məhsulları susuzluqdan məhv olub sıradan çıxır.

​ ​ ​ ​O da hər kəsə məlum olsun ki, bu gün Ağcabədi rayonu ərazisində Əzizağa Məmmədovun təqribən 40-50 ha sahədən çox torpaq sahəsi var. Bu şəxs elə bir iştahanın sahibidir ki, o, ələ keçirdiyi torpaq sahələrindən başqa, hətta Ağdam rayonun Yusifcanlı kəndinin təmas xəttinə yaxın ərazilərdəki torpaq sahələrini də, məhz ələ keçirərək özününküləşdirə bilmişdir. Bir sözlə, hal-hazırda​ Qiyaməddinli​ bələdiyyəsinin sədri rəhbərlik etdiyi bələdiyyənin ərazi hüdudlarında əməlli-başlıca “at oynadır”. Bu şəxs ötən 20 il ərzində bələdiyyə sədri vəzifəsini daşısa da, o, bu gün də özü üçün çalışır, özü üçün var-dövlət toplayır, bir sözlə heç bir halda sakinlərin problemləri onu düşündürmür. Əzizağa Məmmədov indiyə kimi o qədər var-dövlətə sahib olub ki, bu gün onun 300 baş qoyunu, 40-50 baş iribuynuzlu mal-qarası var. Bu şəxs ona məxsus olan torpaq sahələrini lazımınca suvarsa da, bu gün bizə bir-iki hektarlıq torpaq sahələrimizi suvarmağa imkan vermir.

​ ​ Başqa bir faktı da qeyd edim ki, ötən günlərin birində əksər kənd sakinlərə qarşı “qoçuluq edən” bələdiyyə sədrindən su istədiyimə görə, o, biçilmiş taxıl sahəsinə od vurub yandırdı.​ Guya ki, yanmış ərazini mən məqsədli şəkildə​ yandırmışam və belə bir yolla ekologiyaya ziyan vurmuşam. Bu azmış kimi, o, akt bağlatdırdı və məni cərimə etdirməyi də bacardı. Onu da bildirim ki,​ Qiyaməddinli​ bələdiyyəsinə sədrlik edən Əzizağa Məmmədov, Ağcabədi RİH-nin sabiq başçısı Şahin Məmmədovun dopdoğmaca əmisioğludur. Yəni, bu şəxs əmisioğlu icra başçısı olarkən ona yaradılmış imkanlardan lazımınca yararlandı, özü üçün var-dövlət topladı, bu gün də rəhbərlik etdiyi bələdiyyənin ərazi hüdudlarında əmlli-başlıca “fironluq edir”. Bələdiyyə sədri tərəfindən bu cür addımların atılması onu söyləməyə əsas verir ki, sabiq icra başçısı Ağcabədidən gedəndən sonra, o, bu əraziləri ona tapşırıb.

​ ​ ​Diqqəti cəlb edən hal odur ki, bu ilin 23 iyulunda cənab Prezidentin sədrliyi ilə keçirilən məlum müşavirədə ölkəmizin su problemi ciddi şəkildə müzakirə olundu, bu sahədəki çatışmazlıqların həlli yöndə cavabdehlik daşıyan şəxslərə lazımi tapşırıqlar verildi. Təəəssüf hissi ilə qeyd edək ki, hələ də ölkə rəhbərinin bu yöndə vermiş olduğu tapşırığı Ağcabədi RİH-nin sabiq başçısı Şahin Məmmədovun dopdoğmaca əmisioğlu saya salmır. Yəni, bu şəxs özünə sərf edən addımını atır, sadə kənd sakinlərinin çoxunu su üzünə həsrət qoyur. Əzizağa Məmmədovun bu yöndə atdığı addımların varlığı səbəbindən, hal-hazırda pay torpağı sahələrimizdə minbir əzab-əziyyətlə əkib becərdiyimiz məhsullar məhv olub gedir”.

​ Biz də bir redaksiya olaraq daxil olan şikayət ərizəsinin mahiyyətinə və təqdim olunan video-çəkilişə diqqət yetirməklə belə bir qənaətə gəldik ki, bu cür addımların atılması həm vəzifədən sui-istifadədir, həm də birbaşa məmur özbaşınalığıdır.​ Baxmayaraq ki, ölkə rəhbəri cənab​ İlham​ Əliyev dəfələrlə keçirilən tədbirlərdə səsləndirib ki, “Dövlət məmurları​ xalqa​ xidmət​ edir​ və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər​ bir​ vətəndaş​ üçün​ nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları​ seçilmiş​ insanlar​ olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır.​ Harada​ ki,​ nöqsanlar,​ pozuntular​ vardır, əlbəttə​ ki, tədbirlər​ görülür​ və​ bu​ proses​ bundan​ sonra​ da​ davam​ etdiriləcəkdir”. Görəsən cənab Prezident tərəfindən bu yöndə verilmiş tapşırıqların​ Qiyaməddinli​ bələdiyyəsinə sədrlik edən Əzizağa Məmmədova aidiyyatı yoxdurmu ki, o, bu gün də bu cür “fironluq edir”, hər cür əndazəni aşır. Axı, ölkəmizdə pambıqçılıq təsərrüfatını inkşaf etdirmək, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi işi ilə məşğul olanların suya olan ehtiyaclarının ödənilməsini təmin etmək, məhz cənab Prezidentin diqqət mərkəzində saxladığı məsələlərdəndir.​ Çünki, son illər pambıqçılıq təsərrüfatının inkişaf etdirilməsi qarşıya əsas vəzifə olaraq qoyuldu və belə bir fəaliyyət növü ilə məşğul olanlara büdcədən güzəştli kreditlər də verildi. Söz yox ki, bütün bunlar cənab İlham Əliyevin vermiş olduğu tapşırıqlar əsasında baş tutdu. O halda sual oluna bilər ki, Qiyaməddinli​ bələdiyyəsinə sədrlik edən Əzizağa Məmmədov, görəsən hansı səlahiyyətə sahib olan şəxsdir ki, o, bu gün ölkə rəhbərinin iradəsinə zidd addımlar atmağı qarşısına əsas məqsəd qoyub?

​ Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət qurumları​ Ağcabədi RİH-nin sabiq başçısı Şahin Məmmədovun doğma əmisioğlu olan, hal-hazırda​ Qiyaməddinli​ bələdiyyəsinə sədrlik edən Əzizağa Məmmədovun əməllərinə hüquqi müstəvidə hüquqi qiymət verəcəklər. Çünki, bu gün ölkəmizdə baş verən hər bir olay, vəzifə sahibi olan şəxslərin atdıqları addımların hər biri cənab Prezident tərəfindən diqqətdə saxlanılır. Əgər bu gün ölkəmizdə hansı vəzifə sahibi sadə sakinlərə problemlər yaradırsa, rüşvətə və korrupsiyaya qol qoyursa, bir sözlə yürüdülən dövlət siyasətinin əleyhinə çıxırsa, o halda DTX-nin əməkdaşları həmin şəxsə qarşı lazımi addımını atıb, ona necə işləməyin “izahını verirlər”.​ Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Bu yöndə araşdırmamız davam edəcək. Mövzu diqqətimizdədir.

GundemXeber.Az