Mübariz Qurbanlının yarım milyonluq tenderi – Konfranslar üçün…

433

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Babadağ” MMC, “Zərdər” MMC və “Büllur-M” MMC ilə toplam dəyəri 528 240 AZN olan müqavilə imzalayıb.

Yenisabah. az xəbər verir ki, “Babadağ” MMC 186 500 AZN-ə “XXI əsrdən baxış: din və qadın” mövzusunda keçirəcək regional konfransların , “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakıətrafı qəsəbə və kəndlərdə seminar-treninqlərin, “Zərdər” MMC 179 140 AZN-ə “Müasir reallıqlar kontekstində dövlət və din” və “Aşura mərasimləri: tarix, ənənə və müasirlik” mövzusunda seminar-müşavirələrin, “Büllur-M” MMC isə 162 600 AZN-ə “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” və “Dini maarifləndirmə sahəsində başlıca vəzifələr” mövzusunda keçiriləcək regional müşavirələrin təşkilatı işlərini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr xidmətinin məlumatlarına görə “Babadağ” MMC 10 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Mustafazadə Xəyal Aqil oğludur.

27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 20 AZN olan “Zərdər” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Natiq Yavər oğludur.

“Büllur-M” MMC-yə gəlincə, şirkət 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Şirkətin qanuni təmsilçisi Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.

Hər üç şirkət barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Lakin şirkətlərin üçünün də bu ilin fevralında yaranması diqqət çəkir. Büllur MMC ilə Babadağ MMC-nin eyni ünvanda qeydiyyatda olması da maraqlıdır. Digər tərəfdən, araşdırmalarımız zamanı bəlli olub ki, “Babadağ”ın qanuni təmsilçisi Xəyal Mustafazadə həm də “Xəmsə” MMC-nin, “Büllur” MMC-nin qanuni təmsilçisi Məmmədhüseyn Hümbətov isə həm də “Çinar-N” MMC-nin hüquqi sahibidir. Bu şirkətlər də 2020-ci ilin fevral ayında təsis edilib. Hüquqi ünvanları olaraq isə Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131 göstərilib.

“Xəmsə” və “Çinar” MMC-lər bir müddət əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olub.

Şirkətlərin eyni ayda yaradılması, eyni ünvanda qeydiyyatdan keçməsi və bir neçə aydır ki, təsis edilməsinə baxmayaraq iri məbləğli satınalmaların qalibi olması müəyyən şübhələrə yol açır. Güman ki, adıçəkilən MMC-lər sadəcə “tender əməliyyatları” üçün yaradılıb.