Eldar Mansurovdan telekanallara ÇAĞIRIŞ

299

“Müharibə gedən bir ölkədə vətənpərvər musiqilər səsləndirilməlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov deyib.
Bəstəkar telekanal rəhbərlərinə çağırış edib:
“Hər zaman deyirəm ki, musiqi böyük təsir gücünə malikdir. 90-cı illərdə Cavanşir Quliyevin “Əsgər marşı”nı xatırlayın, eləcə də, mənim yazdığım “Ulu torpaq” mahnısı, bu musiqilər hər kəsə ruh yüksəkliyi bəxş edirdi. Arxivlərdə olan o musiqiləri seçib, ən yaxşılarını efirlərdə səsləndirmək lazımdır. Bu musiqilər insanları düşünməyə vadar edir, vətən sevgisini alovlandırır. Telekanal rəhbərlərinə hər dəfə çağırış edirəm, efirlərdə belə musiqilərə yer ayrılsın, vətənpərvər mövzularda bəstələnmiş ən yaxşı mahnılar təbliğ olunsun. Düzdür, bizi belə mövzulara həsr olunmuş verilişlərə dəvət edirlər, gedib danışırıq. Amma danışmaqdansa, musiqilərimizin səslənməsi daha təsiredicidir”.
Bəstəkar gənclərin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində, əsgərlərimizin ruh yüksəkliyinin artmasında belə musiqilərin böyük rol oynadığını bildirib.