Qubanın icra başçısı idmançıların zalını əllərindən aldı – GİLEY

572

Bir müddət öncə fəaliyyətini dayandıran Qubanın “Premier” futzal klubunun rəhbəri Elnur Qasımov Unikal.org-a müsahibə verib. O bildirib ki, Quba rayonu icra hakimiyyəti məşq etdikləri zalı onların əllərindən alıb:

– Klubun bağlanma səbəbi nədir?

– Əslində bizim klubun bağlanma məsələsi yox idi. Hətta futbolçularımız da Qubadan idi. Sonradan Qusar və Xaçmazdan da oyunçular qatılmışdı. Maddi məsələlərdə problem yaşadığımız üçün fəaliyyətimizi müvəqqəti olaraq dayandırmışdıq. Ancaq yenidən qayıtmaq fikrindəyik.

– Qayıtmaqla bağlı Futzal Federasiyasına müraciət etmisiniz?

– Pandemiya dövrünə düşdüyü üçün mümkün olmadı.

– Maliyyə məsələsini necə həll etməyi düşünürsünüz?

– Əvvəl oyunçularla müqavilə imzalayan zaman onlara maaş verilirdi. Son vaxtlar isə rayonumuz adına klubda pulsuz oynamağa razı olmuşdular. Komandanın oynaması üçün hər şey, meydança, baza, formalar da var. Bizim tək problem maşın problemi idi.

– Kluba dəstək üçün rayonun icra başçısına və ya icra nümayəndələrinə müraciət etmisiniz?

– Bəli, müraciət etmişik. Hətta məşq üçün zal da söz verilmişdi. Amma o da müxtəlif bəhanələrlə əlimizdən alındı. Növbəti mövsümdə köməklik olarsa, çıxıb oynamaq istəyirik. Komandadakı bütün oyunçular iştirak etmək istəyir.