Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — İlham Əliyev – VİDEO

729

Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilir.

“Ölkə.Az” oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz çıxış edərək layihə haqqında məlumat verib. Sonra TANAP layihəsi çərçivəsində görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib:

“Bu gün tarixi bir gündür. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq. TANAP Türkiyə və Azərbaycana böyük xeyir gətirəcək. TANAP-a aparan yol tarixi İstanbul Anlaşması ilə başladı. Tarixi İstanbul Anlaşması birgə siyasi iradənin nəticəsində mümkün olub. Çünki bu anlaşmanın qəbul edilməsinə qədər qazın Avropaya nəqlində böyük mübahisələr yaşanıb.

Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla bu layihəyə başlamaq haqqında qərar verdik. Layihənin əsas maliyyə yükünü Azərbaycan və Türkiyə üzərinə götürüb.

Bakı-Tblisi-Ceyhan kəməri olmasaydı, bu layihə mümkün olmazdı. BTC ilə bu günə qədər 450 milyon tondan çox qaz dünya bazarına çıxarılıb. Bunun 400 milyon tonunu Azərbaycan nefti təşkil edir.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum xətti layihəsini açmışdıq. Bu da TANAP üçün vacib irəliləyiş idi”.

Prezident bildirib ki, TANAP Cənub Qaz Dəhlizinin bir parçasıdır:

“Bu gün Cənub Qaz Dəhlizi yeddi ölkəni birləşdirir  və bu artıq beynəlxalq əməkdaşlıqdır. Bu layihə daha böyük anlaşmalara yol açacaq. Bunlardan üçü Avropa Birliyi ölkələridir, uzun illər birlikdə çalışacaq və faydasını bölüşəcəklər. Bu layihələrə, sadəcə, enerji layihələri kimi baxmaq doğru deyil.

İki il əvvəl əziz qardaşım Ərdoğanla Bakı-Tbilisi-Qars Dəmiryolu layihəsini həyata keçirdik.

Digər bir layihə elektrik enerjisinin əldə edilməsidir. Əgər bu bölgədə sabitlik olmasaydı, qarşılıqlı dəstək və anlaşma olmasaydı, bunların heç biri həyata keçməzdi. Dünyada ikinci bir ölkə tanımıram ki, Türkiyə-Azərbaycan qədər bir-birinə yaxın olsun.

Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya, Azərbaycan Türkiyə iqtisadiyyatına 17,5 milyard dollar investisiya yatırıb.

Əziz qardaşım Ərdoğanın liderliyi sayəsində Türkiyə böyük nailiyyətlərə imza atdı. Əvvəlki illəri xatırlayırıq. İMF kimi qurumlara iqtisadi asılılıq vardı. Əziz qardaşım Ərdoğan sayəsində Türkiyə iqtisadi asılılıqdan xilas oldu. Türkiyə bu gün dünyada çox önəmli bir güc mərkəzidir.

Türkiyənin gücü bizim gücümüzdür. Bundan sonra iki qardaş ölkə olaraq irəli gedəcəyik. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir. TANAP eyni zamanda enerji təhlükəsizliyi layihəsidir.

İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələr və istehlakçı ölkələr birlikdə fəaliyyət göstərir. Bu layihələr bölgədəki sabitliyi artırır. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!”.