Nazir müavinindən ağacların kəsilib, yerində fındıq bağı salınmasına – Reaksiya

658

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Şəki və Qax bölgəsindəki meşə torpaqlarının icarəyə verilib, əvəzində bitki, ağac və kolların kəsilərək yerində fındıq bağının salınması xəbərinə münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən nazir müavini “Açıq meşə sahələri icarəyə verilməsi qanunvericilikdə nəzərdə tutulubmu?” sualına aydınlıq gətirib.

O bildirib ki, bu, 2017-ci ildə Azərbaycan Respublikasının Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən tam qanunamüvafiqdir.

Onun sözlərinə görə, meşə fondunun açıq sahələrinin, istifadəsiz və yararsız qalmış torpaqların potensialından səmərli istifadə etmək məqsədilə respublikanın Lənkəran, Quba, Qusar, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz rayonlarının açıq meşə sahələrinin aqro bağların salınması üçün uzunmüddətli icarəyə verilməsi işləri bu gün də davam edir: “Milli Meşə  Proqramına uyğun olaraq meşə ərazilərinin açıq sahələrinin aqro və sənaye əhəmiyyətli ağacların əkilməsi hesabına genişləndirilməsi, cavanlaşdırılması işləri həyata keçirilir. Qeyd edək ki, salınacaq aqro və sənaye əhəmiyyətli bağlar müasir damcılı suvarma sistemləri ilə təmin olunur ki, bu da içməli suya qənaət olunması, meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, ərzaq  bolluğunun təmin olunması deməkdir. Meşə fondunun istifadəsiz qalan açıq sahələrində əsasən  fındıq, qoz, eləcə də yerli şəraitə uyğun meyvə ağacları əkilir. Bu da ixrac potensialının yüksəlməsi, ərzaq bolluğunun yaranmasına xidmət edəcək və ən əsası da açıq sahələrin meşə ilə örtülməsinə səbəb olacaq. Biz nazirlik olaraq işlərimizi planlı şəkildə həyata keçiririk”.

O qeyd edib ki, artıq payız ağac əkini mövsümü başlayıb və bu  mövsümündə yay aylarında yanğın baş vermiş meşə sahələrinə meşəcinsli ağaclar əkilir, toxumlar səpilir. Bu günlərdə Oğuz rayonunun Calud kəndindinin yanğına məruz qalmış meşə sahələrində də ağaclar əkiləcək, toxum səpiləcək. Bütün vətəndaşlarımızı bu tədbirlərə dəvət edirik və ümid edirik ki, digər rayonların da əhalisi bizimlə birlikdə payız ağacəkmə layihələrinə qoşulacaq.

F.Əliyev onu da bildirib ki, bu mövsümdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi ilə də bağlı  müvafiq hazırlıq işləri görülür. Yerlər müəyyən olunub, çalalar qazılır, suvarma sistemi qurulur və əkiləcək ağacların yerləri elektron xəritə üzərinə köçürülüb. Biz növbəti ağacəkmə mövsümlərində də ölkədə yaşıllıqların artırılması, meşə sahələrinin genişləndirilməsi və əhalinin meşə fondundan səmərəli istifadə etməsi, o cümlədən meşə fondu ərazilərinin potensialından maksimum yararlanması, sosial-iqtisadi baxımdan bəhrələnməsi istiqamətində işlərimizi davam etdirəcəyik.